“Gürcüstanda ən azı 8-9 nəfər azərbaycanlı deputat seçmək imkanımız var”

 
“Gürcüstanda ən azı 8-9 nəfər azərbaycanlı deputat seçmək imkanımız var”Əli Babayev: “Yaxşı olardı ki, bu 30 namizədin içərisindən daha çox şansları olan 6-7 nəfəri seçərdik, səslər parçalanmazdı”
 
 
“İndiki halda Gürcüstan parlamentinə 3 deputatdan artıq azərbaycanlı seçilməyəcək...”
 
Oktyabrın 8-də Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Ötən illərdən fərqli olaraq, bu seçkidə soydaşlarımız arasında ciddi aktivlik hiss olunur. Təsadüfi deyil ki, hazırda 4 rayondan – Marneuli, Bolnisi, Dumanisi və Qardabani rayonundan ümumilikdə 30 nəfərə yaxın soydaşımız namizədliyini irəli sürüb.
Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevlə söhbətimizdə seçki ərəfəsində baş verən prosesləri təhlil etməyə çalışdıq.
 
- Əli müəllim, Gürcüstanda yaşayan soydaşlarımız arasında kifayət qədər nüfuzunuz olsa da, bu seçkiyə qatılmaqdan imtina etdiniz. Bu, nə ilə bağlıdır?
 
- Mən Gürcüstan azərbaycanlılarının nümayəndəsi, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri olaraq fəaliyyətimdən razıyam. Mən deputat, hökumət rəsmisi, məmur olmasam da, çoxlu sayda soydaşımıza dəstək olmuşam, onların problemlərini həll etməyə çalışmışam və əksər hallarda buna nail olmuşam. Amma indiyə kimi parlamentdə oturan deputatlar ortaya hansısa fakt qoya bilər ki, 4 ildə nə isə edib?! İkincisi, deputat olmaq odur ki, səni millət seçir. Bəs, bizim millət nə vaxtsa öz deputatını seçib?
 
- Seçməyib?
 
- Bəli. İndiyə kimi parlamentdə oturan deputatların əksəriyyəti xalqın dəstəyi ilə seçilməyib, hakimiyyətə xidmət etdiyinə görə “seçiliblər”. Ona görə də onlar xalq üçün heç nə etməyib. Gürcüstan azərbaycanlılarından indiyə kimi parlamentdə 17 deputat olub. Kimsə deyə bilər ki, onların hansısa bu xalqdan ötrü nə isə edib?! Bu sual məni həmişə düşündürür..
 
- Müstəqillik dönəmindən sonra 17 deputat olub?
 
- Bəli. Həmin 17 nəfərdən cəmi 2 nəfər gürcü dilini bilirdi – Kamal Muradxanlı ilə, İsak Novruzov. Buna baxmayaraq, onların da fəaliyyəti sıfrın altında olub.
O ki qaldı dövlət dilini bilməyən deputatlara, onların kimisi 8 il, 12 il parlamentdə oturub, bu müddət ərzində gürcü dilini öyrənməyə də cəhd etməyiblər. Çünki, sadəcə səsvermə zamanı düyməni basmaq üçün orda oturublar. Mən fürsətdən istifadə edib onlara sual verirəm: 4 ildə bir dəfə insanların qabağına çıxıb hesabat vermisiniz? İnsanların hüquqlarının, problemlərinin həlli yollarını axtarmısınız? Təbii ki, yox. Bəs nəyə lazımdır o deputat mandatı? “Pult”u basmaq üçün? Mən elə deputat olmaq istəmirəm.
 
- Amma ötən illərdən fərqli olaraq bu seçkidə soydaşlarımız arasında ciddi aktivlik müşahidə olunur. Təsadüfi deyil ki, əksər dairədən 5-6 nəfər soydaşımız deputat mandatı uğrunda mübarizə aparır. Bu dəfə də onları xalqın seçəcəyinə inanmırsınız?
 
- Bu proses bizim millətdə həmişə olub. Əlbəttə, mənim üçün xoşdur ki, həmin namizədlərin arasında doğrudan da vətənpərvər, milli heysiyyəti olan insanlar var. Bu, yaxşıdır. Amma Marneuli, Bolnisi, Qardabani, Dumanisi seçki dairələrindən elə adamlar da namizədliyini verib ki, onlar heç vaxt Gürcüstan azərbaycanlılarının tarixində müsbət rol oynamayıb. Hansılar ki, onların bəziləri heç kəndlərin adını da yaxşı bilmir. Ona görə mən təklif edirdim ki, Gürcüstan Azərbaycanlılarının Milli Şurasını yaradaq və bu qurumda görkəmli ziyalılar toplansın və o namizədlər bir-bir hesabat versin ki, seçkiyə getməkdə məqsədi nədir. Əgər o, həqiqətən də layiq olardısa, Gürcüstan azərbaycanlıları toplum olaraq ona dəstək verərdi. Yəni həmin Şuranın üzvləri onlarla bərabər kənd-kənd gəzib, xalqa müraciət edərdi ki, bu adama səs verin...
 
- Bəs, Sizin təklifiniz niyə qəbul olunmadı?
 
- Çünki təklifi verən Əli Babayev idi. Etiraf edək ki, orda elə insanlar var ki, özündən qabağa kimsənin çıxmasını istəmirlər. Hər yerdə birinci olmaq istəyirlər. Bu baxımdan onlar belə bir qurumun yaranmasına imkan vermədilər. Amma kim ziyan çəkdi? Əlbəttə, bizim azərbaycanlı namizdələr, ümumilikdə ictimaiyyət. Çünki indiki halda əksər azərbaycanlıların qalib gəlmək şansı çox aşağıdır. Götürək, Bolnisi rayonunu. Bu rayondan “Gürcü Arzusu” Partiyasından bir nəfər gürcü – rayonun icra başçısı, 4-5 nəfər də azərbaycanlı namizədliyini verib. Əlbəttə, belə olduğu şəraitdə də seçki zamanı azərbaycanlı namizədlərin səsləri parçalanacaq və nəticədə gürcünün deputat seçilmək şansı artacaq. Bəs bunun nəticəsi nə olacaq? Millət olaraq, toplum olaraq uduzacağıq. O halda belə bir vəziyyətdə seçkiyə getməyin nə mənası var idi?!
 
- Ötən seçkilərdə də bir nəfər gürcüyə qarşı bir neçə azərbaycanlı namizədliyini irəli sürmüşdü?
 
- 2012-ci ildən əvvəl müəyyən şəxslərin namizədliyini süni surətdə irəli sürürdülər. Bu zaman məqsəd həqiqətən də soydaşlarımızın səsini parçalamaq idi. Amma, bilirsiniz ki, 2012-ci ilin 1 oktaybr seçkisi “Gürcü Arzusu”nun böyük qələbəsi, Saakaşvilinin “terror hakimiyyəti”nin süqutu ilə yekunlaşdı. Bu səbəbdən, artıq Gürcüstanda hər bir vətəndaşa imkan veriblər ki, öz konstitusiya hüququndan istifadə etsin, seçkilərə qatılsın və s. Bəli, bu yaxşıdır. Amma gərək biz həmişə nəticəni fikirləşək. Bizim Gürcüstanda 300 min nəfərdən artıq əhalidən ən azı 8-9 nəfər deputat seçmək imkanımız var. Amma biz bu prosesdə öncə toplum olaraq maariflənməliyik və düzgün mövqe tutmalıyıq. Bu halda, başda hakim partiya olmaqla, hər bir siyasi təşkilat bizə ehtiyac duyacaq. Təbii ki, seçilən deputatlar da gərək parlamentdə yatmayalar. Təkcə düyməyə basmaqla problemi həll etmək olmaz. Xalqın tələblərini səsləndirməyə çalışmalıdırlar. Bunun üçün də gərək deputatlar gürcü dilini mükəmməl bilsin. Ən əsası da ictimaiyyətdə tanınan, azərbaycanlıların problemləri ilə yaxından tanmış olan adamlar olsun. Hökumət idarələri, parlament qarşısında həmin problemləri qaldırıb, həllinə nail olmağı bacarsın.
 
- Sizcə, bu dəfə azərbaycanlıların hamısı öz iradələri əsasında seçkiyə qatılıb, yoxsa yenə onların bir çoxu sadəcə səsləri parçalamaq üçün meydandadır?
 
- Mən açıq şəkildə deyirəm ki, bu məsələdə hökumətin heç bir rolu yoxdur. O Saakaşvili hakimiyyətinin metodu idi. Bu gün ümumilikdə 30 nəfərə yaxın azərbaycanlı namizəd var. Hərəsi bir təşkilatı təmsil edir. Hətta mənim üçün sevindiricidir ki, Telavi rayonunun Qaracalar kəndindən də azərbaycanlı namizəd var. Eləcə də Saqareco rayonundan soydaşımız müstəqil şəkildə namizədliyini irəli sürüb. Bu, bir tərəfdən Gürcüstanda yaşayan azərbaycanlıların nüfuzunu qaldırmaq, digər tərəfdən onların gürcü ictimaiyyətinə inteqrasiyası üçün önəmli addımdır. Bu gün 30 nəfərə yaxın azərbaycanlının seçkiyə qatılması müsbət haldır, əvvəllər heç vaxt bu qədər namizəd olmayıb. Amma, dediyim kimi, yaxşı olardı ki, bu 30 nəfərin içərisindən daha çox şansları olan 6-7 nəfəri seçərdik və ictimaiyyət də onlara dəstək verərdi, səslər parçalanmazdı. İndi xalq bilmir ki, kimə səs versin.
 
- Siz namizədlərin əksəriyyətini yaxşı tanıyırsınız. Onlardan neçə nəfərin seçilmək şansı var?
 
- Mən belə düşünürəm ki, Gürcüstan parlamentinə 3 deputatdan artıq azərbaycanlı seçilməyəcək...
 
- Buna soydaşlarımızın gücü yetməyəcək, yoxsa onların qarşısında bir baryer də var?
 
- Baryer də var. Amma mən onu da deyim ki, burda əsas məsələ səslərin parçalanmasıdır. Tutaq ki, indi Marneulidə azərbaycanlılar bir-biri ilə mübarizə aparacaq, nəticədə bir gürcü seçiləcək, bir də azərbaycanlı. Elə də Qardabanidə də həmin proses gedəcək. Ola biər ki, ən yaxşı halda bu il parlamentdə 4 azərbaycanlı deputat olsun. Fikrimcə, bu, çox böyük qələbə olar. Amma Dumanisidə azərbaycanlı namizədin seçilmək şansı azdır. Doğrudur, belə bir şans var idi. Ordan bir nəfər daha şanslı namizəd irəli sürülsəydi, qalib gəlmək olardı. Çünki oranın deputatı keçmiş Milli Hərəkat Partiyasının üzvü olub, sonra “Gürcü Arzusu”na keçib və yerlərdə ciddi nüfuzu yoxdur. Ona görə ki, o da, atası da illər boyu Gürcüstanda torpaq monopolisti olublar. Bu baxımdan, hesab edirəm ki, nüfuzlu bir namizəd olsa, qalib gələ bilərdi.
- Əli müəllim, Gürcüstanda ümumi seçki ab-havası necədir: Sizcə, hakimiyyət bu seçkidə öz gücünü qoruyub saxlaya biləcək, yoxsa...
 
 
(Ardı var)
Ayxan İLDIRIMTÜRK