“Gürcüstan dövləti vəhabizmə rəsmi status verib” - MÜSAHİBƏ

Əlibala Əsgərov: “Radikal vəhabizmin Gürcüstana ayaq açması hamını narahat edb”
“Gürcüstandan bir nəfər azərbaycanlı belə, Suriyaya getməyib”
“Bütün Qərb mediası istəyir ki, Pankisini Borçalı ilə eyniləşdirsin...”
Bugünlərdə Gürcüstanın Samsxe-Cavaxeti bölgəsinin Adigeni rayonunda müsəlmanlar və xristianlar arasında dava düşmüş, nəticədə 3 nəfər müsəlman döyülmüşdü. Hansı ki, bu, Gürcüstanda müsəlmanlar və xristianlar arasında baş verən ilk toqquşma deyildi. Müsəlmanlar idda edirlər ki, onların dini inanclarına hörmət qoyulmur və qarşıdurma da məhz bu səbəblərdən baş verir.
“Qeyrət” Xalq Hərakatının sədri Əlibala Əsgərovla söhbətimizdə Gürcüstanda din azadlığı sahəsində mövcud olan vəziyyətə aydınlıq gətirmyə çalışdıq. Onun sözlərinə görə, hazırda Gürcüstanda öz statusu üzrə fəaliyyət göstərən cəmi bir məscid var ki, o da Qafqaz Müsəlmanları Ruhani İdarəsinin mülkiyyətidir. Nəzərə alsaq ki, Gürcüstanda təkcə 500 mindən artıq Azərbaycan türkü yaşayır, o halda bu ölkədəki dini durumu kifayət qədər acınacaqlı hesab etmək olar. Bəs, Ə.Əsgərov bu haqda nə düşünür?
(Əvvəli bu linkdə: http://turaninfo.az/azrbaycandan-qoparilan-icma-xarici-emissarlarin-lin-...)

- Marneulidəki dini icmalar hansı təriqətləri təmsil edirlər?
-Mareneulidə olan 5 təşkilatın hamısı şiə məzhəbini təmsil edir. Lakin onların 5-i də bir-birinin əleyhinədir, çünki ayrı-ayrı yerlərdən maliyyələşirlər. Onlar sözdə islam dinini təbliğ etsələr də, əslində, Gürcüstanda dini təhsil mədrəsə səviyyəsindədir və burda Azərbaycan Respublikasının, xüsusilə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin heç bir mədrəsəsi yoxdur, İrana, İraqa və Türkiyəyə bağlı mədrəsələr var.
Onu da deyim ki, Gürcüstan Müsəlmanları İdarəsi yaranandan sonra, bu qurumu qəbul etməyən gənclik müxtəlif müstəqil qurumlar yaratdı. Odur ki, hazırda Gürcüstan dövlətinin yaratdığı dini quruma qarşı 5 alternativ var və onlar Gürcüstan Müsəlmanları İdarəsini tanımırlar. Amma bu müstəqilliyin arxasında da bir barmaq var. Mən istəmirəm ki, bu İranın, ya nə bilim haranın barmağı olsun. Amma bu var, bundan çox narahatam.
-Gürcüstanda hazırda sünni-şiə problemi mövcuddur?
-Saakaşvili hakimiyyət gələnə qədər biz nə sünnini, nə də şiəni tanımırdıq. Tiflisdə bir məscid var idi, şiə də gedib orda namaz qılırdı, sünni də. Yəni eyni məsciddə ikisi də yan-yana, səf dururdu. Saakaşvilinin gəlişi ilə din adamlarından birinə müfti adı verildi, birini şeyx elədilər və bir yandan da İranın, Türkiyənin müdaxiləsi sünni-şiə məsələsini qabartdı. Amma xalq arasında elə bir problem yoxdur, sünniyə qız vermişik, şiədən qız almışıq.
Lakin onu da deyim ki, son vaxtlar radikal vəhabizmin Gürcüstana ayaq açması hamını – sünnini də, şiəni də narahat edb. Hazırda ən böyük narahatçılığımız budur. Ölkədə çox ciddi qarşıdurmalara apara biləcək vəziyyət yaranıb. Yoxsa, ismaili də, nəxşibəndi də, nurçu da var, onlarla bir dərdimiz yoxdur, hər kəs öz yolunda, öz işində-gücündədir. Amma vəhabizmə Gürcüstan dövləti rəsmi status verib, qeydiyyatdan keçirib... Odur ki, dövlətin bunlara yer verməsi bizi çox narahat edir.
- Belə bir vəziyyətdə ölkədə dini radikalizm meylləri hiss olunmaya bilməz...
-Müxtəlif informasiyalar var, qəzetlər yazır ki, Axmeti rayonunun Pankisi bölgəsində və digər bölgələrdə radikal dini qruplaşmalar təlimlər keçirlər. Amma bu barədə hər hansı rəsmi açıqlama yoxdur...
Bir haşiyə çıxım ki, mən qəti əleyhinə olsam da, hər il Gürcüstanda, Borçalıda, Aşura günü yürüş keçirilir. Və bu mərasimdə hamının qara paltar geyinib rayon mərkəzində yürüş etməsi xristian dünyasına, o cümlədən gürcü cəmiyyətinə heç də xoş gəlmir. Bunu “radikal islamizm” adlandırırlar. Təbbi ki, burda heç bir radikallıq yoxdur, sadəcə Aşura günü qeyd edilir. Amma o qara bayraqları və xalqın qara paltarda yürüş etməsini görən mətbuat da bu mərasimi “radikal islamizm” adlandıra bilir...
- Əlibala müəllim, hazırda Gürcüstandan Suriyaya və digər ölkələrə vuruşmağa gedən radikal dindarlar var?
- Kistin deyilən müsəlmanlar var, dilləri gürcü dilidir, amma osetindən dönmədirlər. Pankisi bölgəsindən onlardan çox gedənlər var. Hətta geri qayıdanda tutulanlar da olub. Azərbaycanlılar içərisində hələ belə bir fakt yoxdur. Amma çox maraqlıdır ki, bütün Qərb mediası istəyir ki, Pankisini Borçalı ilə eyniləşdirsin. Buna çox cəhd olunur ki, Borçalıda “radikal islamizm” olduğu haqda bir şey yaratsınlar və desinlər ki, Borçalıdan da ora gedən var. Amma bu gün əminliklə deyirəm ki, Gürcüstandan bir nəfər azərbaycanlı belə, Suriyaya getməyib.
- Hazırda Gürcüstanda neçə məscid fəaliyyət göstərir?
-Gürcüstanda hardasa 200-ün üzərində məscid qeydiyyata alınıb. Onun 56-sı şiə məzhəbi üzrədir, bizim regiondadır, əksəriyyəti isə Acariya bölgəsindədir və Türkiyəyə bağlı qurumlardır.
- Yei gəlmişkən, Gürcüstan Müsəlmanları idarəsinin rəhbərinin də acar olduğunu bildirdiniz. Yəqin müsəlmandır...
- Onun özü müsəlmandır. Amma burda çox maraqlı bir məsələ var. Qeyd etdiyim kimi, hazırda Gürcüstan Müəlmanları İdarəsi Cümə məscidində yerləşir. Amma bu məscidin icraçı direktoru xristian gürcüdür. Yəni dövlətin dini sahəyə ayırdığı maliyyə yenə də gürcünün əlindədir.
- Bəs, Borçalıdakı dini proseslərə dövlət səviyyəsində müdaxilə edilir?
- Qətiyyən. Dövlət sadəcə seyrçi vəziyyətdədir. Amma, dediyim kimi, zamanında dövlət kökündən müdaxilə etdi. Hansı ki, bu məsələ qaldırılanda mən Azərbaycana da irad tutdum ki, Qax-Zaqatala bölgəsində gürcülərin keşişləri var, onları Gürcüstan göndərir, burdan təyin edilirlər, əgər bunlar Azərbaycana burda dini qurum saxlamağa icazə vermədilərsə, onda siz də orda həmin keşişləri özünüz hazırlayın, göndərin ora. Nədən, Azərbaycanda fəaliyyət göstərən gürcü keşişlər İlya tərəfindən göndərilsin, amma bizə icazə vermirlər ki, burda Azərbaycana bağlı dini qurum olsun?! Bizə dövlət səviyyəsində ən böyük basqı budur. Yoxsa adi dini mərasimlərdə heç bir basqı yoxdur.
- Borçalıda qədim alban kilsələrinin gürcülər tərəfindən zəbt edilməsi, kəndlərə dəmir xaçların basdırılması prosesi yenə davam edir?
- Bu məsələ daha da yoğunlaşıb. Xüsusən dağlıq bölgələrdə bu sahədə daha çox problem mövcuddur. Bundan əlavə, dəmir xaçların basdırılması da günbəgün artır. Bircə azərbaycanlı kəndi, bircə yüksəklik qalmadı ki, ora dəmir xaç basdırmasınlar. Hamısına xristian xaçları basdırdılar, hətta qəbiristanlıqlarımızın yanına da.
Necə olur ki, kimsə evinin ətrafına bir hasar çəkəndə 50 yerdən icazə almağa məcbur edilir, amma o xaçları kim basdırdığı bilinmir?! Hansı dövlət qurumundan soruşursan, deyir, bizim xəbərimiz yoxur. Necə oldu, mən bir iş görəndə dünyanı yıxırsınız başımıza, amma orda günlərlə iş gedir, betonlaşma aparılır, dağın başına işıq çəkilir və s. bundan dövlətin xəbəri yoxdur?!
- Sizcə, bu prosesin arxasında kilsə dayanır, yoxsa dövlətin özü?
- Bu məsələdə dövlət birbaşa kilsəylə əlbirdir. Gürcüstanda dövlət kilsənin heç bir hərəkətinə mane olmaq iqtidarında deyil. Burda nə qədər desələr ki, dövlətlə kilsə ayrıdır, əslində isə dövlətlə kilsə iç-içədir...
- Müxtəlif mənbələrə əsasən deyə bilərik ki, son illər Gürcüstanda da hicab taxanların sayı artıb. Maraqlıdır ki, dövlətin bu məsələyə münasibəti necədir?
- Bəli, hicab artıb. Amma bu hicaba Gürcüstan dövlət yetkililəri tərəfindən heç bir qadağa yoxdur. Yalnız orta məktəblərdə biraz etiraz etdilər, amma məncə, indi ona da əhəmiyyət vermirlər. Əslində, mən deyərdim ki, bu hicab bir şəmsiyədir, “zontik”dir, hicaba meyl edənlərin nə vaxt xaricdən maliyyəsi kəsiləcək, onda hər şey kəsiləcək. Sizə sadə və çox konkret cavab verirəm, maliyyə dayananda bu şeylərin hamısı dayanacaq.
- Hazırda Gürcüstanda yeni məscidlər tikilir? Ümumiyyətlə, məscid tikintisinə icazə verilir?
- Heç bir məscid tikintisindən söhbət gedə bilməz. Yoxdur. Çox təəssüf ki, bu sahədə qadağa hələ də davam edir.
Bilirsiniz ki, köhnə məscidlərin bir hissəsi SSRİ zamanından qalmışdı, hansı ki, dövlət reyester xidmətində qocalar evi kimi qeydiyyatdan keçib, yəni məscid kimi qeydiyyata alınmayıb. Amma yeni tikilənlərin əksəriyyəti şəxsi evlərdir, şəxsi həyətlərdə tikilib. Yəni sənin-mənim həyətyanı sahəmi alıb, orda tikiblər. Amma həmin məscidlər də qeydiyyatsızdır, şəxsi əmlak kimi dövlət reyesterində qeydiyyata almırlar.
- Ümumiyyətlə, sizə bütün bu problemlərin həllini necə görürsünüz?
- Belə davam edəcəksə, bu dini proseslər Gürcüstan azərbaycanlılarının, Borçalıların problemləri çərçivəsindən çıxacaq. Əgər bunların qarşısı alınmasa, Gürcüstan dövlətinin qlobal probleminə çevriləcək. Bu gün Nazirlər Kabineti yanında dini qurum var. O qurumun rəhbərinin bu hadisələrdən xəbəri yoxdur ki, burda nələr gedir. Heç bir şeydən anlayışı yoxdur. O qurum yaradılıb ki, guya bunlara nəzarət etsin, o qurumun özünün anlayışı yoxdur.
Amma, bilirsiniz ki, bu gün İvanişvili iqtidarı üçün hadisələrin istinad nöqtəsi Dövlət Təhlükəsizliyidir. Hər şey Dövlət Təhlükəsizliyi İdarəsinin əli ilə olub və bu qurumun bilmədiyi bir şey yoxdur. Bu hadisələrin də hamısından xəbərləri var, sadəcə bilərəkdən görməzdən gəlirlər.
- Son olaraq bir sual da verim, hazırda Rusiyanın fəaliyyəti Gürcüstanda gözə çarpır?
- Gürcüsatanda parlament seçkiləri yaxınlaşır, payızda seçkilər olacaq. Bu səbəbdən, son dönəmdə Rusiyameylli qüvvələr biraz görünməyə başlayıblar. Yəni seçkilər ərəfəsində Rusiyapərəst siyasi təşkilatların fəaliyyəti qabarıb. Amma ayrı-ayrılıqda hansısa bölgənin Rusiyatəmayülli olduğunu demək olmaz. Rusiyameyllilik yoxdur.
Ayxan İLDIRIMTÜRK