Gürcülərlə azərbaycanlılar arasında kütləvi dava olub?

 
Marneulidən olan deputatlığa keçmiş namizəd Əhməd İmanquliyev Publika.az-a açıqlamasında bir qadının öldüyünü təsdiq edib. Lakin o, baş verənlərdə etnik qarşıdurma amilinin olmasını təsdiqləməyib və bunun ümumiyyətlə baş verməsini mümkünsüz adlandırıb.
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev də baş verənlərin etnik qarşıdurma olmasını təkzib edib.
Dərziyev bildirib ki, hadisə yoldan keçən avtomobilin bazarda yol kənarında meyvə-tərəvəz satan qadın satıcının piştaxtasına toxunması nəticəsində baş verib.
“Mübahisə yaranıb. Məlumatlara görə, avtomobilin sürücüsü qadını itələyib. Qadın da yıxılanda başının yerə dəyməsi nəticəsində keçinib. Bu, sırf məişət zəminində baş vermiş hadisədir. Nə Marneulidə, nə də azərbaycanlıların yaşadığı digər ərazilərdə heç bir siyasi, etnik qarşıdurma yoxdur”, - deyə o bildirib.
Gürcüstanın Daxili İşlər Nazirliyi isə bu gün günorta saatlarında yaydığı məlumatda qadının öldürülməsi faktını təsdiqləməyib.
Rəsmi məlumata görə, qadının ürəyi xəstə olub. Digər şəxslərlə mübahisə zamanı, ürəktutmasından vəfat edib.
 
*** 16:35
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində ölüm hadisəsi baş verib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə Marneulinin mərkəzi bazarında qeydə alınıb. Şəhidlər bildirir ki, səhər saatlarında svan (gürcüdilli xalq) olduğu güman edilən gənclə bazarda çalışan 50 yaşlı azərbaycanlı, Marneuli şəhər sakini Məlahət Məmmədova arasında mübahisə baş verib. Mübahisə zamanı həmin gəncin M. Məmmədovaya qarşı güc tətbiq etdiyi, nəticədə yerə yıxılan qadının başından zərbə alaraq öldüyü deyilir.
Lakin Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni qətl kimi xarakterizə etməyib. Nazirlik M. Məmmədovanın halının qəflətən pisləşdiyini və onun dünyasını dəyişdiyini açıqlayıb. Faktla bağlı Gürcüstan CM-nin 116-cı maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi qaldırılıb.
 
*** 16:01
Gürcüstanda daha çox azərbaycanlıların yaşadığı Marneuli rayonunda gürcülərlə azərbaycanlılar arasında kütləvi dava düşüb.
Turaninfo.az BakiPost.az-a istinadən xəbər verir ki, hadisə dünən baş verib. Məlumata görə, svan mənşəli gürcülərlə düşən davada 1 nəfər gürcü oğlan öldürülüb. Dava ətrafdakıların müdaxiləsi ilə dayandırılıb.
Svan mənşəli şəxslər isə azərbaycanlılara cavab olaraq bu gün hücuma keçiblər. Nəticədə Marneuli bazarında bir qadın soydaşımız vəhşicəsinə döyülərək öldürülüb. Ətrafda olan şəxslərdən heç kim qadına köməklik göstərməyib.
Hadisə ilə bağlı Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev Hurriyyet.org-a açıqlamasında deyilən informasiyanın yalan olduğunun bildirdi. Onun sözlərinə görə, Marneulidə öldürüldüyü iddia edilən qadın bazarda ürək tutması nəticəsində xəstəxanaya qaldırırlıb və orada dünyasını dəyişib.
Eyni zamanda, Əli Babayev Marneulidə heç bir kütləvi dava olmadığını və svan millətindən olan hansısa vətəndaşın öldürülmədiyini vurğuladı.