​Gürcü rəssamın çəkdiyi Azərbaycan gerbi – RƏSM

 
Şəxsi kolleksiyamda Azərbaycan mühacirlərinin kitab və jurnallarda istifadə etdiyi bir rəsm əsəri var. Sulu boya ilə çəkilmiş bu rəsm əsəri Azərbaycan Cümhuriyyətinin gerbinin təsviridir. Arxivimizdəki bu rəsmin neçənci ildə çəkildiyinə aid bir bilgi olmasa da, 1929-cu ildən öncəyə aid olduğu dəqiqdir. Çünki 1929-cu ildə bu rəsm əsasında milli gerbin təsviri olan açıqca hazırlanıb.
 
İndiki gerbimizdən müəyyən qədər fərqlənən bu gerbin müəllifi abxaz knyazları nəslindən rəssam Aleksandr Şervaşidzedir (1867-1968).
 
Azərbaycan Cümhuriyyətinin bayrağı təsdiq edildikdən sonra dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilir. Birinci müsabiqə uğurla nəticələnmir. 1920-ci il yanvarın 30-da gerb, möhür, milli himn və hərbi ordenlərin layihələrinin hazırlanması haqqında yenidən qərar qəbul edilir. Bu qərarı əsas tutan Xalq Maarif Nazirliyi 1920-ci ilin fevralın 19-da “Azərbaycan” qəzetində növbəti müsabiqə elan edir. Müsabiqədə ən yaxşı milli himnin mətni və musiqisi üçün 50 min rubl, gerb və möhürün ən yaxşı təsvirinə görə isə 25 min rubl mükafat təyin edilir. Layihələr Xalq Maarif Nazirliyinə təqdim edilməli, Milli İstiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi.
 
Lakin 27 aprel işğalı gerbin qəbulu prosesinə son qoyur.
 
Müsabiqənin nəticələri haqqında geniş bilgi yoxdur. Məlum olan odur ki, Bakıda yaşayan gürcü rəssamı knyaz Şerşavidzeyə sifariş verilib və o da ilk gerbi hazırlayıb. Bu barədə fakt mühacirətdə çıxan “Azərbaycan” jurnalının 142-143-144-cü saylarında Əjdər Kurtulanın da qeydində öz əksini tapıb. Orada bildirilir ki, layihəsi bəyənilən Şervaşidzeyə 15 min rubl, elmi araşdırma üçün çəkəcəyi yol xərcləri üçün 10 min rubl nəzərdə tutulub.
 
“Kurtuluş” jurnalının 1937-cı ildə çap olunan 36-cı sayında verilmiş siyahıdan da bəlli olur ki, 1929-cu ildə gerbin necə olması ilə bağlı Türkiyədə açıqca çap olunub. Həmin açıqcanın orijinalı arxivimizdə olmasa da, surətini əldə edə bilmişik. 
 
Müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 19 yanvar tarixli Konstitusiya qanunu ilə Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edilir. 1993-cü il fevralın 23-də isə Azərbaycan Respublikası Dövlət gerbi haqqında əsasnamə təsdiq edilir. Həmin əsasnamədə bildirilir: “Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır”.
 
Onu da qeyd edək ki, gerbin bərpa edilməsi işi ilə məşğul olan rəssam Rafiq Məmmədov müəyyən dəyişikliklərə yol verib. İlkin gerbdəki alov dilimi bir qədər dəyişdirilib və ərəbcə “Allah” yazılışına oxşadılıb. Palıd budaqları və sünbülün arasındakı lent də ixtisara salınıb.  

Загрузка...
Загрузка...