“Günəşli” yatağındakı qəzadan 103 gün ötdü

4 dekabr 2015-ci ildə SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən dəhşətli qəzadan 103 gün keçir. Geridə qalan 3 aydan artıq bir müddətdə itkin düşən 18 neftçidən hələ də xəbər yoxdur.
Xatırladaq ki, "Günəşli" yatağındakı qəza zamanı 33 nəfər xilas edilmişdi. 1 nəfər neftçinin cəsədi tapılmışdı. 29 nəfər isə itkin düşmüşdü. Daha sonra itkin düşən neftçilərən 11 tapılaraq, ailəsinə təhvil verilmişdi. Eyni gündə Neft Daşlarında baş verən qəza zamanı itkin düşən 3 neftçidən birinin meyiti tapılsa da, digərlərindən hələ ki, xəbər yoxdur.
Musavat.com-un əldə etdiyi məlumata görə, artıq axtarış işləri uzun müddətdir ki, dayandırılıb. Tapılan sonuncu cəsədlər isə Türkmənistan sahillərində dənizçilər tərəfindən aşkarlanmışdı.
İtkin düşən neftçilərin ailələrinə baş nazir Artur Rəsi-Zadənin sərəncamı ilə Ehtiyat Fonddan 15 min manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Birdəfəlik yardım itkin düşən və dünyasını dəyişən bütün neftçilərin ailələrinə verilib.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı musavat.com-a açqılamasında bildirdi ki, cənazələri tapılan ailələrə sığorta ödənişlərinin edilməsi ilə bağlı hələ ki, heç bir şikayət yoxdur və yanvar ayının sonundan ailələr həmin məbləği almağa başlayıblar. Təşkilat rəhbəri digər itkin düşənlərin 6 aydan sonra ölmüş hesab ediləcəklərini və bundan sonra onlara da sığorta ödənişlərinin veriləcəyini bildirdi.
M.Qəhrəmanlı dünyasını dəyişən neftçilərin ailə üzvlərinin narazılıqlarının olduğunu da qeyd etdi: “Biz də müraciət etmişik ki, evi olmayan itkin düşmüş neftçilərin ailəsinə mənzil verilsin. Ödənilən sığorta pulu ilə ev almasınlar. Bu, çox ciddi məsələdir. Ölən neftçiləri medal və ya ordenlə də təltif etmək olardı. Onlar qəhrəmancasına dünyalarını dəyişdilər. Bunu həmin neftçilərin ailələri də istəyirdi. Bu, böyük mükafat deyildi. Həmin hadisəni xatırlamaq neftçilərin ailəsinə böyük hörmət olardı. Digər bir narazılıq axtarışların dayandırılması ilə bağlıdır. İtkin düşən neftçilərin ailəsi bizə müraciət edib, narazılıqlarını bildirirlər. FHN isə axtarışın davam etdiyini deyir. Mən isə deyirəm ki, axtarışlar dayandırılıb. Ötən ilin dekabrında və yanvarın əvvəllərində axtarışlar oldu. Ancaq sonradan dayandırıldı. Tapılan cənazələr isə Türkmənistan sahillərində idi”.
Axtarışların dayandırılmasının qanunsuz olduğunu deyən təşkilat rəhbəri buna etiraz edir: “Qanunu xatırlatmaq istəyirəm ki, itkin düşmüş neftçilərin axtarışı 6 ay müddətində davam etdirilməli idi. Qətiyyən axtarışı dayandırmaq olmaz. Yalnız 6 aydan sonra onlar ölmüş hesab oluna bilərlər. Hələ də ümidini itirməyən insanlar var. Təsəvvür edin ki, yaxınlarını itiriblər, amma ortada bir məzarları belə, yoxdur. Bəziləri ilə danışırıq. İnsan yaxınının, əzizinin dənizdə itkin düşdüyünü, qurda-quşa yem olduğunu düşünməsi bilirsinizmi necə çətindir? Bu ailələrə daim mənəvi dəstək olmaq lazımdır. Birdəfəlik maddi yardım ayırmaqla iş bitmir. İnsanlar ömürlük ailə başçısından məhrum olublar. Neft şirkəti nə qədər ki, mövcuddur, bu ailələrin övladları həddi-buluğa çatana qədər diqqətdə saxlanılmalıdır. Onları işlə təmin etmək lazımdır”.
Musavat.com