Güneyli soydaşlarımız: “Qarabağda döyüşməyə hazırıq”

Ötən gündən başlayaraq, Qarabağda keçirilən hərbi əməliyyatlar Güney Azərbaycanda yaşayan soydaşlarımız arasında da ciddi narahatlıq doğurub.
Turaninfo.az Musavat.com-a istinadən  xəbər verir ki, sosial şəbəkələrdə, xüsusən də, İranda daha çox populyar olan “Teleqram”da müxtəlif haştaglar yaradıb, Qarabağda döyüşmək üçün hər an hazır olduqlarını nümayiş ediblər. Çoxlu sayda soydaşlarımız sosial şəbəkə üzərindən “Bu taydan döyüşlərə gəlmək istəyən adamlar var, onlar harada qeydiyyata alınmaq lazım olduğunu bilmək istəyirlər” - deyə əməkdaşımıza suallar ünvanlayıblar. 
Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından biri, əslən təbrizli olan Cəmşid Zareyi məsələ ilə əlaqədar müsavat.com-a danışıb: “Qarabağ hər zaman bizim milli dərdimiz olub. Daim Güney Azərbaycanın milli-mədəni fəallarının keçirdiyi aksiyalarda “Qarabağa azadlıq” şüarı birinci yerdə olub. Güney Azərbaycan milləti 90-cı illərdə baş verən Qarabağ müharibəsində Quzey Azərbaycandakı bacı-qardaşlarına lazımi olan qədər dəstək ola bilməyib. Lakin indi həmin hadisələrdən 25 il keçir və Güney Azərbaycanda milli məfkurə güclənib və bu güclənmənin sayəsində Qarabağın azad olunması yönündə hazırlıqları var.
Bildiyiniz kimi, “Traxtur” futbol klubunun azarkeşləri 120 min nəfərlik stadionda eyni vaxtda bir səslə Qarabağa azadlıq istəyir və onun azad olunması uğrunda şəhid olmağı şərəf bilirlər.
Rəhmətlik milli liderimiz Əbülfəz Elçibəyin belə bir sözü var: “Qarabağın azadlığı Güney Azərbaycandan keçəcək”.
Bu söz bu gün də güneyli milli gənclərimizin qulaqlarında səslənir və İran rejiminin basqılarına baxmayaraq, həmin gənclər hər an Qarabağda döyüşüb, şəhid olmaq arzusundadırlar”.