Günay İbrahimli çəkildiyi yeni filmdəki yataq səhnələrindən danışdı

Müğənni Günay İbrahimli baş rolunu canlandırdığı “Sadəcə sev” filminin təqdimatına hazırlaşır.
Musavat.com saytına açıqlama verən sənətçi bildirib ki, ekran işi aprel ayının sonundan etibarən kinoteatrlarda nümayiş olunacaq: “Aprelin 29-dan artıq film kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcək. Ondan öncə  film sevərlər üçün qala gecəsi keçirəcəyik. “Sadəcə sev” melodramdır. İnanıram ki, tamaşaçılar filmi izləyəndə ağlayacaq. Çünki insanı kövrəldən səhnələr çoxdur. Ilk dəfə özüm izləyəndə ağladım. Artıq Azərbaycanda film sahəsi yenidən inkişaf etməyə başlayıb. Çəkilişlərdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Ekran işi Azərbaycanda təqdim olunandan sonra dublyaj olunaraq, Türkiyə kinoteatrlarında nümayiş olunacaq”.
Aktrisalıq qabiliyyətindən söhbət açan ifaçı ekran işində yer alan yataq səhnələrindən də danışıb: “Mənim sənətim müğənnilikdir. Aktrisalıq qabiliyyətim olduğunu bilirdim, kliplərimdə də bunu göstərirdim. Film isə mənə 1 aylıq təcrübə oldu. Film sevgidən bəhs edir. Sevgini büruzə verən bəzi səhnələr var ki, tənqid oluna bilər. Ailə həyatı, ər-arvad münasibətləri canlandırılırsa,  yaxınlaşma səhnələri olmalıdır. Ekran işində tərbiyəsizlik nümayiş etdirən səhnələr yoxdur. Tənqidlərə isə hazıram”.
Müğənni keçirdiyi burun əməliyyatından da bəhs edib: “Burnumla bağlı kompleks yaşayırdım, lakin əməliyyat etdirməyə qorxurdum. Əməliyyatdan sonra da çox narahatlıq keçirirdim. İndi düşünürəm ki, əməliyyat etdirməklə doğru addım atmışam. İstədiyim nəticəni aldım”.