Gün gəldi, uzaq Londonda havalandı Xanın səsi...

Londonun meri pakistanlı bir müsəlman oldu. Bu bir baxımdan sevindirici xəbərdir. Hətta buna gözəl nümunə də demək olar. Qərbi Avropada, xüsusilə İngiltərədə insanların rəğbətini qazanıb bu posta yiyələnmək kiçik hadisə deyil. Görünür, Sadiq Xan adlı həmin pakistanlı kifayət qədər yaxşı göstəricələrə malik olub ki, ingilis cəmiyyətində bu qədər yüksələ bilib.
Merin tərcüməyi-halından parçalar: Sadiq Xan – Avropa İttifaqının üzvü olan ölkədə ilk müsəlman paytaxt meridir. Valideynləri Amanullah və Sehrun Britaniyaya Pakistandan 1970-ci illərdə, onun doğulmasından az əvvəl mühacirət ediblər.  O, 2005-ci ildə Britaniya parlamentinə üzv seçilib...
İnternetdən oxuduğum məlumatların hamısını yazmaq istəmirəm, amma mənə aydın oldu ki, adam həm bacarıqlı, savadlı, özünü sevdirə bilən biridir.
Bu gün İslam ölkələrinin düşdüyü vəziyyətin ümumi mənzərəsini təsvir etmək üçün bir misal verim. Məsələn, düşünün ki, hansısa müsəlman şəhərinin meri xristiandır. Belə bir şey mümkün olarmı, sizcə? Əlbəttə, yox. Çünki müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə dövlət müasir qayda-qanunlarla deyil, dini ənənələrlə idarə olunur. Əlbəttə, Azərbaycan kimi ölkədə bu elə də ciddi etiraza səbəb olmaz, çünki Azərbaycanda vəziyyət başqadır, ölkə nə olsa da, Ərəbistan deyil. Amma, məsələn, elə Sadiq Xanın valideynlərinin gəldiyi Pakistanda bu, heç bir halda mümkün deyil. Çünki o ölkələrdə İngiltərədə olduğu kimi bir sistem, idarəçilik yoxdur. Müsəlman ölkələrində insanlar bir-birinə güvənmirlər, çünki ətraf başdan-ayağa çirkabla, zülmlə, ölümlərlə doludur. Xristian bir kimsənin müsəlmanların çoxluq təşkil etdiyi ölkədə mer olması heç, yaşaması belə çox çətindir, amma müsəlmanlar üçün əks nümunə çətin deyil. Əlbəttə, burda müasir dövr ilə uyum sağlamış xristianlıqdan söhbət gedir.
Radikalizmin, radikal dindarlığın insanların başına necə bəlalar açdığını görürük. Bu gün o kəskin dini fanatizmin nəticəsidir ki, Yaxın Şərqdə eyni dindən olan insanlar bir-birini öldürür. Minlərlə insan sanki adi bir şeymiş kimi məhv edilir, minlərlə ev, ailə dağıdılır, insanlar müharibədən qaçıb başqa ölkələrə sığınırlar.
Amma sekulyar bir dövlətdə sistemin nə qədər gözəl nəticələrə yol açdığını Sadiq Xan nümunəsi sübut edir. Bəli, ətrafda irqçilər var, səni müsəlman olduğuna görə bəyənməyənlər, sənə qəzəblə yanaşanlar var. Üstəlik, Londonda çox da uzaq olmayan tarixdə radikal dindarlar terror törədiblər. Amma sən müsəlman terrorçuların partlayış törətdiyi bir şəhərdə mer seçilirsən. Sistem radikallığın və irqçiliyin əleyhinədir, sənə özünü sübut etmək üçün imkan tanıyır. Londonun meri də ola bilərsən, Londonu partlatmaq istəyən terrorçu da.
Sadiq Xan nümunəsi məlum bir həqiqəti bir daha sübut edir. Müsəlman təhsilə önəm verəndə, yeni dünya ilə uyğunlaşanda, radikallıqdan əl çəkəndə London meri olur, dinin içinə dalanda, radikallaşanda isə özünü partladan terrorçu. Bu baxımdan Londonun yeni merinin qələbəsi həm də təhsilin, insanlığın, sekulyar dövlət sisteminin, azadlığın qələbəsidir.