Gülər Əhmədovanın xaricə getmək istəyi baş tutmadı – MƏHKƏMƏ

Bakı Apelyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın ölkədən çıxışına qoyulan qadağanın götürlməsi ilə bağlı şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Gülər Əhmədova cərrahiyə əməliyyatı keçirməsi üçün respublika hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə Yasamal rayon Məhkəməsinə vəsatət verib.
Amma məhkəmə onun vəsatətini təmin etməyib. Həmin vəsatətin təmin olunmaması ilə bağlı çıxarılan qərardan Gülər Əhmədovanın vəkili apelyasiya şikayəti verib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Məhkəmə baxışı iyulun 8-nə təyin olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Gülər Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.
Qeyd edək ki, Gülər Əhmədovanın şərti məhkumetmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi ərizəsi təmin edilməyib. Qərardan narazı qalan Gülər Əhmədova apelyasiya şikayəti verib.
Bakı Apelyasiya Məhkəməasində, hakim Faiq Qasımovun sədrliyi keçirilən prosesə Gülər Əhmədova apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Gülər Əhmədovanın apelyasiya şikayəti təmin edilməyib.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib.