Gülər Əhmədovanın ölkədən çıxışına icazə verildi

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın ölkədən çıxışına qoyulan qadağanın götürlməsi ilə bağlı şikayəti üzrə məhkəmə prosesi keçirilib. 
Teleqraf.com xəbər verir ki, Gülər Əhmədova cərrahiyə əməliyyatı keçirməsi üçün respublika hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə Yasamal rayon Məhkəməsinə vəsatət verib.
Məhkəmə vəsatəti təmin etməyib. Vəsatətin təmin olunmaması ilə bağlı çıxarılan qərardan Gülər Əhmədovanın vəkili apelyasiya şikayəti verib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti üzrə baxış  iclası keçirilib.
Prosesdə Gələr Əhmədovanın vəkili Adəm Məmmədovun vəsatəti üzrə qərar elan ediıib. Qərara görə, Gülər Əhmədovanın vəkilinin vəsatəti təmin edilib və Gülər Əhmədovanin xaricə getməsinə ucazə verilib.
Bakı Ağır  Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ona sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və azadlığa buraxılıb.
Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından da imtina edib.