Gülənin evinin koridorundakı foto – Boğazda uçan F-16

 
Türkiyənin “Hürriyyət” qəzetinin Nyu-York təmsilçisi Razi Canikligil “ABŞ gizli sənədlərində Fətullah Gülən” adlı kitab yazıb.
 
Teleqraf.com “Hürriyyət”ə istinadən xəbər verir ki, kitabda Gülənlə bağlı bir sıra maraqlı məqamlara toxunulub.
 
Müəllif ABŞ-ın köçkünlərlə bağlı bürosunun nümayəndəsi David Spauldinqin 19 yanvar 2016-cı ildə hazırladığı raportdan bəzi nüansları təqdim edib. Raportda deyilir ki, Gülən hərəkatı islamçı siyasi partiyalara, dünyəvi görüşlü qərb tərəfdarlarına, həmçinin kommunistlərə alternativ bir mövqedədir. Gülənçi quruluşları izləmək çox çətindir, çünki özlərini gizləyə bilirlər. Dünyəvilik tərəfdarı olan hərbçilər və siyasətçilər Gülənin artan populyarlığından narahatdırlar, eləcə də Gülənin Pensilvaniyadakı evinə Orta Doğudan mütəmadi ziyarətçilər gəlir.
 
Raportda Gülənin bilinən hər hansı terrorçu fəaliyyət içərisində olmadığı, həmçinin terror təşkilatları siyahısında adının keçmədiyi də bildirilir.
 
Kitabdakı maraqlı detallardan biri Gülənin Türkiyə ilə İsrail arasında baş verən "Mavi Mərmərə" hadisəsi zamanı “Wall Street Journal”a verdiyi müsahibədəki incə bir nüansdır.
 
Xatırladaq ki, 2010-cu ildə baş verən bu hadisə zamanı Fətullah Gülən açıq şəkildə Ərdoğana qarşı çıxaraq AKP-nin İsrail hökumətinə olan münasibətini doğru hesab etmədiyini bildirmişdi.
 
Canikligil kitabında Gülənin bu hadisə ilə bağlı 2010-cu ilin 4 iyununda “Wall Street Journal”ın müxbiri Lauriaya verdiyi müsahibəsindəki bir detala da toxunub. Belə ki, müxbir Güləndən hazırladığı müsahibədə onunla görüşmək üçün koridorda gözləyərkən divarda İstanbul boğazında uçan Türk F-16 təyyarəsinin fotosunu gördüyünü qeyd edib.
 
O zamanlar diqqət çəkməyən bu detal 15 iyulda Fətullah Gülənin hərbi hava qüvvələrində ona bağlı dəstələrlə çevrilişə cəhd göstərməsindən sonra maraqla qarşılanıb.
 
İddia edilir ki, Gülənin nəhayətdə həyata keçirəcəyi addım məhz hərbi çevriliş olacaqmış. 2010-cu ildə isə bu planın fotosu artıq onun koridorunda yer alıbmış.