Gülay Zeynallı: “Yekəxana deyiləm, məni səhv anlayıblar”

Xanəndə Gülay Zeynallı adının brend olması ilə bağlı verdiyi açıqlamanın müzakirəyə səbəb olmasından danışıb.
Musavat.com saytına açıqlama verən sənətçi fikirlərinin səhv başa düşüldüyünü deyib: “Heç kim məni qalmaqala çəkə bilməz, öz ağlım və şüurum var, dünya görmüş insanam. Hər problem yaradacaq suala da təmkinlə cavab verirəm. “Mənim adım brenddir” sözünü pis mənada deməmişəm, yekəxanalıq kimi başa düşülməsin. Mən elə insan deyiləm. Əslində demək istəyirdim ki, müəyyən vaxta kimi biz adımız üçün çalışıb vuruşuruq, sonra isə adımız bizə işləyir. Mənim kimi tanınmış simaların hamısının adı brenddir. Bəzi insanlar bunu yekəxanalıq kimi qəbul ediblər. Sadəcə olaraq adıma hörmət edirəm. İnsan adına, özünə hörmət etməsə, heç kim ona dəyər verməz”.
Müğənni özünə qoyduğu qadağalardan da danışıb: “Hər zaman öz tərbiyəmi, insanlığımı göstərmişəm. Verilişlərdə artıq sual verirlər, mən də onlara sərt cavab versəm, dava yarana bilər. Ona görə də mədəni cavablar verib, qalmaqala yol açmıram. Hər zaman sakitliyimi qorumuşam, bundan sonra da belə olacaq. Şou-biznesdə olmaq o demək deyil ki, daim dava-dalaşın içində olmalısan. Özümə qalmaqalı qadağan etmişəm”.
Müğənni şəxsi həyatı ilə bağlı suallardan narahat olduğunu deyib: “Mənim də, həyat yoldaşım Kamilin də sənəti var, ikimiz də populyar insanlarıq. İstəyirəm ki, sənətimizlə gündəmdə olaq. Şəxsi həyatımla bağlı suallar məni narahat edir. Şəxsi həyat mənə, sənətim isə tamaşaçılara aiddir”.
Gülay 30 yaşını təmtəraqlı qeyd edəcəyini də vurğulayıb: “Dost-tanış çoxdur, həyat yoldaşımla hamının xeyir işinə gedirik. Təmtəraqlı doğum günü qeyd etməyi sevmirəm. Yalnız yubiley yaşımı keçirəcəyəm. Hər il media və şou-biznes nümayəndələri olmadan yaxın dostları biraraya toplayıb, xoş günümü qeyd edirəm”.