Güclü iqtisadiyyat demokratiyadan keçir!

 
Azərbaycanda vəziyyətin növbəti illərdə daha ağır olacağı artıq kimsədə şübhə doğurmur. Çünki ölkə iqtisadiyyatı çökmək üzrədir, işsizlik və bahalaşma isə getdikcə artmaqdadır. Dünyada neftin qiyməti ilə yanaşı, Azərbaycan manatının da günbəgün dəyərdən düşməsi insanların gələcəyə olan inamını alt-üst edib. Bəs, ölkəmizi bu çıxılmaza sürükləyən səbəblər nələrdir? Zənnimizcə, ölkədə vəziyyətin ağırlaşmasının 4 əsas səbəbi var:

1. Anti-demokratik idarə sistemi. 

1992-93-cü illər yadınızdadırsa, Elçibəy hakimiyyəti dövründə kadırların düzgün yerləşdirilməməsi haqqında o vaxtkı qəzetlər palaz-palaz məqalələr yazırdılar. Bu, həmin zaman idi ki, SSRİ-nin şinelindən yenicə çıxmış Azərbaycanın iqtisadiyyatı dağılmışdı. Çünki bütün fabrik və zavodlar SSRİ-nin tərkibində olan 15 respublika ilə bağlı idi, istehsal müəssiələri ancaq bir-biri ilə əlaqəli fəaliyyət nəticəsində inkişaf edə bilərdi.

Təbii ki, Elçibəy gənclərdən ibarət kadrları hakimiyyətdə yerləşdirmək və yeni kadr potensialı yaratmaqla dövləti yeni, sağlam təfəkkürlü, azad düşüncəli şəxslərlə idarə etmək amalında idi. Həmin vaxtlarda bəzi kadrlar naxələf çıxsa da, əksər gənc məmurlar vicdanla işləyirdilər. Çox təssüf ki, istər xarici, istər də daxili qüvvələr Elçibəy hakimiyyətin fəaliyyətinə imkan vermədilər və nəticədə ölkədə çevriliş oldu.
Əbülfəz Elçibəydən sonra hakimiyyətə gələn Heydər Əliyev xarici qüvvələrin maraqlarına cavab verdiyindən, onun fəaliyyətinə mane olmadılar. Nəticədə H.Əliyev hakimiyyəti nisbətən çevik hərəkət etməyi bacardı. Lakin proseslər heç də milli maraqlar çərçivəsində aparılmadı. Əksinə, idarəetmə sistemi anti-milli qüvvələrdən formalaşdı, köhnə kommunistlər hakimiyyətə qaytarıldı, milli-demokratik qüvvələr zərərsizləşdirildi, ölkədə söz azadlığı yavaş-yavaş sıradan çıxarıldı və s. Bir sözlə, ağa qara demək adi hal aldı. Müstəqil televiziyalar isə ancaq hakimiyyəti tərifləməklə məşqul oldu. İndi olduğu kimi.
2003-vü ildə hakimiyyətə gələn İlham Əliyev də bu siyasəti davam etdirdiyindən, TV-lərin “analoqsuz inkişaf” nağılından başqa, son 12 ildə ölkədə müsbət istiqamətdə hər hansı irəliləyiş əldə olunmadığı sirr deyil.Əksinə, vəziyyət get-gedə daha da pisləşməkdədir. Məsələn, son illər ali qanunverici orqan olan parlament demək olar ki, tam olaraq təyinatla formalaşır. Hətta yerlərdə keçrilən bələdiyyə seçkilərinin sədr və müavinləri də icra başçıları tərəfindən təyin edilir.

Bəli, saxta üsulla formalaşan parlament təbi olaraq, bu gün “yuxarı”dan gələn bütün təklifləri tez-tələsik qəbul etməklə məşquldur. Hansı ki, bu qanunların bir çoxu milli və dövlət maraqlarımıza ziddir. Hakimiyyət başbilənləri belə düşünürlər ki, idarəetmə “zor aparatı”na dayanıqlı olmalıdır, insanlara sərbəstlik vermək olmaz...

2. İnhisarçılıq, korrupsiya və rüşvət. 

Ölkədə rüşvətxorluq və korrupsiyanın tüğyan etməsi yüksək çinli məmurların milyardlara sahib olması faktınını təsdiqidir. Əslində, bu gün hər kəsə bəllidir ki, ölkədə rüşvətsiz hansısa işi görmək mümkün deyil. Odur ki, insanlar da artıq rüşvət verməyə “öyrəşib”.

Korrupsiya da öz yerində. Azərbaycana bir imza ilə milyonlar qazanmaq adi hal alıb. Əlbəttə, bunun üçün ilk növbədə məmur olmalısan. Elə ki, hansısa vəzifəyə təyin olundun, sistem özü sənə rüşvət almağı, korrupsiyaya yol verməyi öyrədəcək. Və bunun üçün elə də uzun zaman lazım olmayacaq. Çünki, əks halda daha “yuxarı”ların tələbini yerinə yetirə bilməzsən və vəzifədən qovularsan...

Bir də rejimə bütün mənalarda sədaqətlə xidmət etməlisən. Hakimiyyət başbilənləri hiss etsə ki, hanısa məmur ona “xəyanət etmək” istəyir, onda bütün yeyintilər üzə çıxır. Nəticə isə məlum. Hamı deyəcək ki, sən demə bu nazir neçə illərdir “talançılıq”la məşqul imiş və s.

Bəli, baxsanız ki, hansı nazir öz postunda ola-ola ifşa edildi, deməli, ya sədaqət andına əməl etməyib, yaxud da “katyol”dan oğurluq edib. Əks halda, xalqın qanını sorsan belə, sənə kimsə “gözün üstündə qaşın var” deməz, istədiyin qədər sərvət topla. Təsadüfi deyil ki, hazırda ölkədə bəzi iri məmurların büdcəsi az qala dövlət büdcəsinə bərabərdir. Bunun isə bir adı var: dövlət əmlakını vəhşicəsinə talamaq!
Son zamanlar Azərbaycandan milyardlarla vəsaitin çıxarılması haqqında da məlumatlar var. Nəzərə alsaq ki, Azərbaycan Mərkəzi Bankının rəmi məlumatına görə, 4 gün ərzində ölkədə 493 milyon dollar satışa çıxarılıb, o halda bu informasiyalar heç də şübhə doğurmamalıdır. Çünki bu, bir faktdır ki, banklardan alınan pulların əksər hissəsini yüksək çinli məmurlar alıb, indi əhali ən yaxşı halda banka olan kreditini ödəmək dərdindədir...

3. Beynəlxalq vəziyyətin Azərbaycanın əleyhinə dəyişməsi.

Son vaxtlar hakimiyyət bilərəkdən, ya da bilməyərəkdən Qərblə üz-üzə dayanıb. Ekspertlər hesab edir ki, iqtidar Rusiyanın diqtəsi ilə işləyir. Odur ki, ölkədə yüzdən artıq siyasi məhbus olsa da, hakimiyyət yenə də dayanmaq bilmir. Ölkədə siyasi məhbusların sayı günbəgün artmaqdadır.

Əlbəttə, ABŞ başda olmaqla, Qərb dünyası Azərbaycanda siyasi islahatlar aparmaqla demokratik düzən qurmağı tələb edir. Təəssüf ki,hakimiyyət bu istəklərin əleyhinə getməklə, ölkəmizin gələcəyini sual altına qoyur. Bu baxımdan, son vaxtlar Qərbin Azərbaycan iqtidarını sanksiyalarla hədələməsi tamamilə başadüşüləndir. Hansı ki, bugünlərdə ABŞ Helsinki Komissiyasının sədri Kristofer Simit qanunun aliliyi və insan haqqları naminə “Azərbaycanda Demokratiya Aktı”nı təqdim edib. Bu Aktda Azərbaycanda ən yüksək çinli məmurlara viza verilməməsindən və onların Qərb banklarındakı aktivlərinə həbs qoyulmasına qədər, bir çox məsələlər var.

4.Neftin qiymətinin aşağı düşməsindən yaranan gərginlik.

“Qara qızıl”ın Azərbaycan üçün həyat mənbəyi olduğunu hər birimiz bilirik. Çünki dövlət büdcəsi demək olar ki, neftin hesabına doldurulur. Hal-hazırdakı qiymət isə gələn ilin büdcəsində nəzərdə tutulan rəqəmin (50 dollar) təxminən yarısına bərabərdir. Bu isə neftdən asılı olan bir ölkə kimi Azərbaycanın gələcəyinin hansı vəziyyətdə ola biləcəyini deməyə çətinlik törətmir. Ən azı 2016-cı il üçün nəzərdə tutulmuş büdcənin hansı pullar hesabına doldurulacağı qeyri-müəyyəndir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı həqiqətən də çökmək üzrədir.

Yeri gəlmişkən, artıq büdcəni xalqın cibinə girməklə, məsələn, Fazil Məmmədovun “vergi qoçuları”nın bu və ya digər müəssisələrə hücumunu təşkil etmək yolu ilə də doldurmaq mümkün olmayacaq. Çünki indi nə elə müəssisələr qalıb, nə də xalqın cibində bir qara qəpik...

Odur ki, ölkəni sosial fəlakətdən qurtarmağın daha ağıllı metodları üzərində işlənilməlidir. Manatı “susuz hovuzda üzdürməklə” heç nəyə nail olmaq mümkün deyil.

Mövsümov Cabir

Загрузка...
Загрузка...