"Əgər Türkiyə soyqırım yaşamamışsa, bunun üçün Azərbaycana borcludur"

 
 
Ankarada yanvarın 19-da Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və Türkiyənin Yeni Düşüncə Dərnəyi tərəfindən ortaq təşkil edilən “Qərənfilin ağısı – 20 Yanvar” xatirə proqramı oldu. 
 
Türkiyə Mədəniyyət Nazirliyinə bağlı Milli Kitabxananın foyesində 20 Yanvarla bağlı foto-sərgini seyr etdikdən sonra qonaqlar konfrans salonuna keçdilər.
 
Azərbaycan və Türkiyə şəhidləri bir dəqiqəlik sükutla yad edildi, hər iki dövlətin himnləri səsləndi.
 
Türkiyə millət vəkilləri, təşkilat sədrləri, universitet müəllimləri, tələbələr və yerli sakinlərin iştirakıyla keçirilən tədbirdə “Qərənfilin ağısı – 20 Yanvar” sənədli filminin nümayişindən sonra açılış nitqini Yeni Düşüncə Dərnəyinin sədri, AK Partiyadan olan millət vəkili Mətin Gündoğdu etdi. 
 
 
 
Sonra Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, professor Necdet Ünüvar çıxış edərək 1990-cı ilin 19-undan 20-sinə keçən gecə Bakıda Rusiya işğalının Türkiyədə yaratdığı əks-sədadan danışdı. O, Azərbaycana – Bakıya getdiyi zaman Şəhidlər Xiyabanını ziyarət edərkən onunla yanaşı Türk Şəhidliyinə də baş çəkdiyini bu sözlərlə ifadə etdi: “Mən çox sevinirəm ki, Azərbaycan hökuməti Azərbaycan şəhidlərinin tam yanında Türkiyə şəhidlərinin də xatirə abidəsini qoyub. Bununla biz hər iki ölkənin şəhidlərini bir zamanda ziyarət etmiş oluruq... Bu arada mən tədbirə gələn, salonda oturmağa yer olmasa da, geri qayıtmayan, şəhidlər üçün ayaq üstündə duran qonaqlarımıza da xüsusi təşəkkür edirəm”.
 
 
 
Azərbaycan Respublikasının Türkiyədəki səfiri Xəzər İbrahim 20 Yanvar hadisələrinin həm də canlı şahidi olaraq danışdı, gənclik illərinə təsadüf edən o illərin acı xatirələrini bölüşdü, bütün bu olanların nəticəsinin müstəqillik olduğundan qürur duyduğunu dilə gətirdi.  
 
 
 
Sonra Türkiyə Dövlət Aparatının Baş məsləhətçisi Yalçın Topçu nitqinə “Azərbaycan və Türkiyə əkiz qardaşdır. Gələn bütün qonaqları, Azərbaycan Ordusunun şərəfli əsgərlərini xüsusi salamlayıram” cümlələrilə başladı və dedi: “Tarix bizə göstərir ki, başınıza gətirilənləri unutmayın. Unutsanız, yenə o hadisələr təkrarlanar, baş verər... O zamanlar Türkiyədə müxalifət də, iqtidar da Azərbaycandan danışırdı. Bu mövzuda bir fikirdə birləşmişdi... İmperalist qüvvələr Bakıda, Qarabağda olduğu kimi, bu gün həm də Suriyada, İraqda istədiklərini edirlər. Üstəlik bizə deyirlər: “Suriyada nə işiniz var?” Əksinə, bizim soruşmağımız lazımdır: “Minlərlə kilometr okeanın o tayından qulağımızın dibinə, sərhədlərimizə qədər gəlmisiniz. Sizin burada, Suriyada nə işiniz var?”
 
 
 
Azərbaycandakı soyqırımlara toxunarkən Yalçın Topçu göz yaşlarını saxlaya bilmədi və dedi: “Azərbaycan Rusiyanın əli ilə dəfələrlə soyqırım hadisələrini yaşayıb. Bu günə qədər əgər Türkiyə soyqırım yaşamamışsa, bunun üçün Azərbaycana borcludur. Çünki Türkiyəyə gücləri çatmayınca böyük qüvvələr qisaslarnı Azərbaycandan almışlar... Türkiyənin İstiqlal Savaşı, Sakarya Savaşı zamanı da qələbə çalmağımızın bir səbəbi Azərbaycandır. Çünki Türkiyə öz torpaqları, müstəqilliyi üçün döyüşərkən, düşmən üzərinə gedərkən, o ən çətin günlərdə yanacaq problemi yaşamadı...”
 
Y.Topçu nitqini Azərbaycanın tanınmış şairi Xəlil Rzanın “Azadlığı istəmirəm qram-qram” şeirindən misralarla bitirdi.  
 
 
 
90-cı illər Azərbaycan Azadlıq Xalq Hərəkatının və o zamankı hadisələrin canlı şahidi, professor Xanım Xəlilova da çıxış edərək gözünün qabağında baş vermiş olayların xronologiyasını sadaladı.
 
Ankara Universiteti Hüquq fakültəsinin müəllimi, dosent Cavid Abdullazadə isə 20 Yanvar, Xocalı hadisələrinin beynəlxalq hüquqi tərəflərindən bəhs etdi.
 
 
 
Sonda Azərbaycanın Xalq artisti, hər iki ölkənin sevimli sənətkarı Azərin də nitq söylədi. Gənclik dövrlərinə düşən 20 Yanvar hadisələrindən danışdı, o günlərin Azadlıq nəticəsindən qürurla bəhs etdi, sözlərini şair Xəlil Rzadan şeiri ilə yekunlaşdıraraq Azərbaycanın minlərlə dəfə vurulduğunu, amma hər vurulmadan diri çıxdığını vurğuladı.        

Загрузка...
Загрузка...