Görkəmli aktyor son tamaşasını oynadı - Göz yaşları ilə yola salındı - FOTOLAR

 
Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, fəlsəfi-dram və faciə rollarının mahir ifaçısı Fuad Poladov Akademik Milli Dram Teatrının səhnəsində son dəfə rolunu oynayıb. Aktyor Erik Emmanuel Şmittin "Müsyö İbrahim və Quran çiçəyi" eyni adlı tamaşasındakı Müsyö Ibrahim obrazı ilə tamaşaçıların qarşısına çıxıb. Aktyorun son tamaşasını izləmək üçün tamaşaçılar teatra axışıb. Zalda anşlaq yaşanıb.
 
Tamaşaçılar arasında tanınmış mədəniyyət və incəsənət xadimləri, xalq artistləri, tanınmış media və ictimaiyyət nümayəndələri də iştirak edib. Xalq artistinin tamaşadakı ilk səhnəyə gəlişini tamaşaçılar uzun sürən alqışlarla qarşılayıb. Aktyor həmişə olduğu kimi obrazını çox böyük məharətlə, təmkinlə oynayıb. Tamaşaçılar dəfələrlə tamaşa boyu sevimli aktyorunu alqışlayıblar.
 
Qeyd edək ki, xalq artistinin baş rolda oynadığı "Müsyö İbrahim və Quran çiçəyi" əsəri yəhudi məhəlləsində yaşayan 12 yaşlı Momo deyilən Musa və 60 yaşlı müsəlman baqqal İbrahim arasında yaranan sevgi, hörmət və səmimiyyətə söykənən dostluqdan bəhs edilir. Əsər yəhudi Momonun Ibrahim sayəsində islamı qəbul etməsi və bütün vərdişlərdən əl çəkməsi ilə başa çatır.
 
Tamaşa zamanı diqqət çəkən məqamlardan biri teatrın rəhbəri Azər Paşa Nemətin zalda tamaşaçılar arasında olmaması idi. Halbuki adətən Azər Paşa Nemət teatrın bütün tamaşalarında zalda tamaşaçılar arasında olur, tamaşaboyu diqqətlə aktyorların oyunlarını izləyirdi.
 
Qeyd edək ki, bəziləri xalq artisti Fuad Poladovun teatrı tərk etməsində elə Azər Paşa Neməti günahlandırır, görkəmli aktyoru qoruyub saxlaya bilməməsində qınayırlar. Çoxlarına məlumdur ki, hər iki sənətkar buna qədər dost münasibətlərində olublar. Azər Paşa Nemətin AMDT-da quruluş verdiyi bir neçə tamaşada xalq artisti yadda qalan obrazlar yaradıb. Fuad Poladov məhz Azər Paşa Nemətin teatra rəhbər təyin olunduqdan sonra yenidən bu teatra geri dönmüşdü. Aktyor hələ uzun illər bundan əvvəl də teatrı tərk etmişdi. İddialara görə aktyor teatrın keçmiş rəhbəri, mərhum Həsən ağa Turabov aralarında yaranmış narazılıq üzündən işdən çıxmışdı.
 
Azər Paşa Nemət teatra təyin olunduqdan sonra hər kəs aktyorun teatra geri dönəcəyini gözləyirdi. Aktyor geri döndü, amma sanki dönüşü teatrı birdəfəlik tərk etməsi üçün lazım imiş. Görkəmli aktyorun ana teatra səbirsizliklə gözləyənlər olduğu kimi, onun gəlişini istəməyənlər də çox idi. Xalq artisti Ramiz Novruzun dili ilə desək "bəziləri şikayətlənirlər ki, vaxtilə Fuad Poladov Musavatda, Rüstəm İbrahimbəyovun  teatrında işləyib, indi niyə onu teatra götürüb maaş verirlər?" Görünür, Azər Paşa Nemətlə olan dostluq münasibətləri belə aktyorun teatrdan gedişinin qarşısını ala bilməyib. Ehtimallar var idi ki, teatr aktyorun işdən çıxmasına imkan verməyəcək. Çünki ortada istefa ərizəsi yox idi və bu ehtimalları daha da çoxaldırdı. Lakin Azər Paşa Nemətdən belə bir açıqlama gəldi: "Əgər Fuad Poladov bizimlə işləmək istəmirsə, ona yalnız uğurlar arzu edə bilərəm, fikrinə hörmətlə yanaşıram. Bu cür hadisələrə yaradıcı mühitdə, teatrda tez-tez olur və mətbuatın bu məsələdə həssa olmasını, şou yaratmamasını arzu edirəm".
 
Aktyorun yenidən teatra qayıtmasına gəldikdə isə, aktyor rəsmi surətdə istefa ərizəsi verməsə də qətiyyətlə bir daha bu teatra dönməyəcəyini deyib.
 
Və beləcə aktyor Akademik Milli Dram Teatrında son tamaşasını oynadı. Tamaşaçılar uzun sürən alqışlarla və göz yaşları aktyoru səhnədən yola salıb.
 
Aktyorun teatrdakı son tamaşasını izləyən Xalq artisti Bəsti Cəfərovanın "Yeni Müsavat" a verdiyi açıqlaması:
 
"Kədərliyik, çox kədərliyik və təssüf edirik... Fuad müəllim böyük sənətkar, böyük aktyordur".
 
Xatırladaq ki, Fuad Poladov ilk dəfə Akademik Milli Dram Teatrın səhnəsinə 1969-cu ildə gəlib. O, ilk dəfə İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesində Savalan rolunu ifa edib. Bundan sonra aktyor teatrın truppasına daxil olub. Aktyor təkcə teatr səhnəsində deyil, filmlərdə də yadda qalan obrazlar oynayıb. Aktyor 50-yə yaxın filmlərdə rol alıb. Onlar arasında “Qaynana”, “Qara Volqa”, “İstintaq davam edir”, “Ad günü”, “Ovsunçu” və digər məşhur filmlər var. Aktyor 39 yaşında SSR-nin xalq artisti fəxri adını alıb.