"Google" 7 milyard dollar cərimələnə bilər

Dünyanın nəhəng texnologiya şirkəti Google 7 milyard dollar həcmində cərimə oluna bilər.
Turaninfo.az Reuters-ə istinadən verdiyi məlumata görə, Avropa Antiinhisar xidmətinin rəhbəri Marqrete Vestaqerin Google-un smartfon istehsalçıları və rabitə operatorları ilə əldə etdiyi razılaşmalarının araşdırıldığı haqda bəyanat verib. Araşdırmalara səbəb Google-un Android əməliyyat sisteminin (ƏS) təbliğatı və inkişafı istiqamətində imkanlarından sui-istifadə etməsi olub.

“Bizi Google-un istehsalçılardan və operatorlardan məhz onun tətbiqləri quraşdırmağı tələb etməsi narahat edir. Şirkət bununla onlara seçim imkanı qoymur və istifadəçiləri yeni tətbiqlərdən məhrum edir. Ona görə biz Google-un Android ƏS-i istifadə edən bütün operator və istehsalçılarla olan müqavilələrinə yenidən baxacağıq”, – deyə Vestaqer bildirib.
Əgər Avropa İttifaqının komissiyası qanun pozuntularını sübut edə bilsə, Google 2015-ci ilin gəlirlərinin 10%-i və ya 7,4 milyard dollar məbləğində cərimə ödəməli olacaq.
Google şirkəti 1998-ci ildə Sergey Brin və Larri Peyc tərəfindən yaradılıb. Şirkətin adı eyniadlı axtarış sistemindən götürülüb.