Gömrükdə narkotik aşkar edildi

Biləsuvar Gömrük İdarəsinin Qoşatəpə gömrük postunda İrandan gələn 2 nəfər Azərbaycana vətəndaşı gömrük nəzarətindən keçən zaman onlardan birinə məxsus siqaret qutusunun içərisindən gömrük nəzarətindən gizlədilən 1 ədəd bükümdə, xalis çəkisi 1,16 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
 DGK-dan verilən məlumata görə, faktla bağlı Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsində aparılan araşdırma zamanı həmin şəxsin yaşadığı Sumqayıt şəhərindən 3 tanışı ilə birlikdə Biləsuvar Gömrük İdarəsinin Qoşatəpə gömrük postuna qədər gəldikləri, yolda narkotik vasitə sayılan marixuanadan istifadə etdikləri müəyyən edilib. Həmin şəxslər gömrükçülərə Sumqayıtdan əldə etdikləri marixuananın müəyyən hissəsini isə Biləsuvar Gömrük İdarəsinin Qoşatəpə gömrük postuna gəldikləri və postun qarşısında yerləşən avtomobil dayanacağındakı avtomobildə saxladıqlarını bildiriblər.
 Avtomobilə baxış keçirilmədən əvvəl sürücü gömrükçülərə sadəcə ayaqaltı rezinin altında 1 ədəd kağız bükümdə narkotik maddə-marixuana olduğunu deyib. Bundan sonra həmin avtomobilə Biləsuvar Gömrük İdarəsinin “Buç” ləqəbli xidməti itinin tətbiqi ilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunun müxtəlif yerlərindən daha 6 ədəd kağız bükümdə narkotik vasitə olan marixuana tapılıb. Ümumilikdə avtomobildən 7 bükümdə ümumi xalis çəkisi 3,21 qr olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
 Faktla bağlı araşdırma aparılır.