​Gömrük rüsumları artdı: Bahalaşma gözlənilir

 
“Bəzi ərzaq məhsullarında gömrük rüsumlarının artırılmasında üç əsas məqsəd var. Birincisi, hökumət bununla çalışır ki, yerli istehsalı müdafiə etsin, qorusun.
 
İkincisi, ölkədən valyuta axınını məhdudlaşdırsın. Üçüncüsü, Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə gömrük daxilolmalarının həcmini müəyyən qədər artırmaqla dövlət büdcəsinə ödənişlərin həcmini yüksəltsin”.
 
Bu sözləri Oxu.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitiki Rəşad Həsənov deyib.
 
Ekspertin sözlərinə görə, bəzi ərzaq və qeyri-ərzaq məhsulları üzrə gömrük rüsumlarının artırılması bazarda qiymətləri artıracaq:
 
“Bazarlarda qiymət artımı gözlənilir. Hətta idxal məhsulları üzrə gömrük rüsumlarının artırılması ilə bağlı məlumatlar ictimaiyyətləşdirildiyi andan qiymət artımı özünü büruzə verib. Bəzi məhsullarda isə qiymət artımı baş verməyib.
 
Buna səbəb isə alıcılıq qabiliyyətinin zəif olması və bazarda məhsulun çoxluğudur. Buna görə də sahibkarların bir çoxu öz arzu və istəklərinə uyğun olaraq qiymətləri dəyişə bilmir. Bazarda tələb prosesə diktə edir. Amma düşünürəm ki, yaxın 1-2 ay ərzində də bu məhsullar üzrə də artım olacaq”.
 
Onun sözlərinə görə, qiymətlərdə artım müxtəlif məhsullar üzrə özünü fərqli göstərəcək. Qeyri-ərzaq məhsullarında qiymət artımı nisbətən daha aşağı faizlərlə özünü göstərəcək:
 
“Qeyri-ərzaq məhsulları üzrə bahalaşma 10-15% gözlənilir. Amma kartof, soğan, toyuq əti, yumurta kimi tələbatın çox olduğu məhsullar üzrə artım 20-30% həcmində olacaq. Çünki bu məhsullar üzrə daxili tələbatı yerli istehsal ödəmir”.
 
Ekspert qeyd edib ki, yaxın zamanlarda bu seqment üzrə bir çox şirkətlər bazarı tərk edəcək:
 
“Monitorinqlərimiz göstərir ki, yaxın zamanlarda bu sektorda fəaliyyət göstərən bir çox sahibkar fəaliyyətini dayandıracaq, çünki bu sahədə sürətlə müflisləşmə gedir. Bu da digər bazar iştirakçılarının qiymət artımına şərait yaradacaq”.
 
Qeyd edək ki, bu gündən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilməsi barədə qərarı qüvvəyə minib.
 
Dəyişikliklə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarın əlavəsi olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə bəzi mal mövqeləri üzrə gömrük idxal rüsumları əlavədə göstərilən tarif dərəcələrində təsdiqlənib.
 
Belə ki, ağ sementin 1 kiloqramına 0,07 dollar, kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan və ya analoji silisium oksidi süxurlarından keramika məmulatlarının (məsələn, kizelqur, tripolit və ya diatomitdən) 1 kiloqramı üçün 0,04 dollar, inşaat kərpiclərinin 1000 ədədi üçün 100 dollar gömrük idxal rüsumu tutulacaq.
 
Bundan başqa, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilərin bir litri üçün 0,7 dollar gömrük rüsumu tələb olunacaq.
 
Dəyişikliyə əsasən, qoz-fındığın təzə və ya qurudulmuş, qabığı təmizlənmiş və ya təmizlənməmiş, qabıqla və ya qabıqsız bir kiloqramı üçün 1,5 dollar, soğanın bir kiloqramı üçün 0,2 dollar, xiyarın bir kiloqramı üçün 0,4 dollar gömrük idxal rüsumu müəyyənləşib.
 
Toyuq yumurtasının 1000 ədədi üçün 100 dollar, ev quşlarının əti və ət əlavələrinin bir kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu tutulacaq.