Gömrük orqanlarına o şəxslər qəbul edilir ki... - Açıqlama

 
Dövlət Gömrük Komitəsi (DGK) gömrük orqanlarına işə qəbul prosesinin qeyri-obyektiv aparılmasına dair yayılan fikirlərə münsibət bildirib.
 
DGK-dan Teleqraf.com-a verilən məlumatda bildirilir ki, son vaxtlar gömrük orqanlarına xidmətə qəbulda iştirak edən vətəndaşlar arasında guya qəbul prosesinin qeyri-obyektiv aparılmasına dair fikirlərə təsadüf edilir.
 
Komitə bir daha xatırladır ki, gömrük orqanlarına xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli, 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında həyata keçirilir. Müsabiqə iki mərhələdən ibarətdir: test üsulu ilə imtahan və müsahibədən.
 
Qeyd olunan əsasnaməyə uyğun olaraq, yaşı 30-u keçməmiş və müvafiq ixtisas üzrə ali təhsilə malik Azərbaycan vətəndaşları müsabiqədə iştirak edə bilərlər.
 
Test imtahanı sual kitabçasından və cavab kartından istifadə etməklə həyata keçirilir. Sual kitabçası 100 sualdan ibarətdir və 2 (iki) saat müddətində hər bir namizəd həmin sualları cavablandırmalıdır.
 
Test imtahanında müvəffəqiyyət qazanan namizədlər növbəti mərhələdə iştirak etmək hüququ qazanırlar. Məqsəd namizədlərin gömrük orqanlarında işləmək üçün tələb olunan keyfiyyətlərə malik olmasını müəyyən etməkdir.
 
Növbəti mərhələdə hər bir namizədə onun Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikasının qanunvericiliyinə dair biliyinin, gömrük işi və iqtisadi siyasətlə bağlı normativ-hüquqi aktların tətbiq edilməsi sahəsində bilik və bacarığının, həmçinin işgüzarlıq səviyyəsinin, mənəvi keyfiyyətlərinin, xidmətə, xidməti intizama, etik davranış və məsuliyyət prinsiplərinə münasibətlərinin müəyyən edilməsi üçün müvafiq suallar verilir.
 
Hər iki mərhələdən müvəffəqiyyətlə çıxmış namizədlər müsabiqədən keçmiş hesab edilirlər.
 
Müsabiqənin nəticələrinə görə gömrük orqanlarına işə qəbul olunmağa tövsiyə edilmiş namizədlər Dövlət Gömrük Komitəsinin sədrinə təqdim edilir. Dövlət Gömrük Komitəsinin sədri təqdim olunmuş namizədlərin vakant vəzifələrə təyin edilməsi məsələsinə baxır.
 
Bir sözlə, müsabiqə hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, gömrük orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə şəffaf və obyektiv şəkildə, o cümlədən Dövlət Gömrük Komitəsinin nəzdində Attestasiya Komissiyası üzvlərinin iştirakı ilə həyata keçirilir.
 
Təəssüf ki, bəzən test imtahanında yüksək bal toplayan namizədlər növbəti mərhələdə iştirak zamanı eyni uğuru təkrarlaya bilmirlər. Bu hal həmin namizədlərdə və onların yaxın çevrəsində təəccüb doğura bilər.
 
Təəssüf doğuran hal ondan ibarətdir ki, prosesin şəffaf şəkildə həyata keçirilməsi, ən layiqli namizədlərin kənarda qalmaması üçün bütün labüd addımlar atılmasına baxmayaraq, xüsusilə ikinci mərhələdən keçə bilməyənlər arasında elementar etik davranış qaydalarına riayət edə biməyənlərə də rast gəlinir və bu kimi vətəndaşlar müxtəlif şəxslərin xahiş, kömək, təsir və təzyiqi, eləcə də digər vasitələrlə istəklərinə nail olmağa çalışırlar.
 
Son qəbul imtahanı zamanı müraciət edənlərdən biri - Xələfov Əli Abbasəli oğlu və özünü onun dayısı, Qarabağ uğrunda döyüşlərin iştirakçısı kimi təqdim edən 38 yaşlı İsmayılov Anar Süleyman oğlu hətta DGK-nı, onun rəhbərliyini namizədlərin seçimi zamanı ədalətsizliyə yol verməkdə, vəzifə və mövqedən şəxsi məqsədlər üçün istifadə etməkdə ittiham edir. Lakin həmin şəxslərdən sadəcə ikisinin qəbul prosesinin ikinci mərhələsindəki suallara verdikləri cavablardan dünyaya və həyata baxışını, dünyagörüşünü, bir sözlə, səviyyəsini aydın görmək mümkündür.
 
Xələfov Əli Abbasəli oğlu 7 sualdan sadəcə 5-nə cavab verib ki, bunlardan yalnız biri doğrudur.
 
Digər namizəd Qəhrəmanov Cavid Rövşən oğlu isə 7 sualdan yalnız 2-sini düzgün cavablandırıb. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən xəbərsiz olanların, "Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavini hansı ölkənin nümayəndəsidir?" sualına Çin, Uruqvay deyənlərin, "Beynəlxalq ticarətdə maneə və məhdudiyyətlərin aradan qaldırılması nədir?" sualına isə "tədiyyə balansı" cavabını verənlərin səviyyəsinə qiymət vermək o qədər də çətin deyil.
 
Hər bir narazı namizədin şəxsən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tərəfindən qəbul edilməsi, onlara yol verdikləri yanlışlıqların izah olunması və cavablardakı səhvlərin özləri tərəfindən etiraf edilməsinə baxmayaraq yenə də hansısa ədalətsizlikdən danışmaq sadəcə yalan və böhtanlara sığınan bir insanın çarəsizliyidir.
 
Dövlət Gömrük Komitəsi bir daha vətəndaşların, xüsusilə gömrük orqanlarında fəaliyyət göstərmək istəyən gənclərin diqqətinə çatdırır ki, bundan sonra da qəbul prosesi mövcud qanunvericiliyə əsasən şəffaf, obyektiv şəkildə həyata keçiriləcək və hər zaman ən layiqlilər qazanacaq.
 
Dövlət Gömrük Komitəsi gömrük orqanlarına xidmətə qəbul olunmaq istəyən hər bir vətəndaşdan qəbulla bağlı qanunvericilikdən irəli gələn tələbləri nəzərə almağı xahiş edir.
 

Загрузка...
Загрузка...