Gəncənin icra başçısı: “Səni limitə elə salaram ki, özün də bilməzsən”

Martın 14-də Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının binasında icra başçısı Elmar Vəliyev toplantı keçirib.
Turaninfo.org saytı Mia.az-a istinadən xəbər verir ki, həmin toplantıda icra başçısı şəhər ictimaiyyətinin gözləri önündə bir sıra məmurları təhqir edib, bəzilərini toplantı zalından  kobud formada qovub.
Toplantıda iştirak edən YAP-çılardan sayta verilən məlumata görə, Elmar Vəliyevin qəzəbinə tuş gələn məmurlar arasında müavini, eyni zamanda, şəhər təsərrüfatı şöbəsinin  müdiri Mikayıl Zeynalovla yanaşı, digər müavinləri, o cümlədən şəhər qaz idarəsinin rəisi də olub: “İcra başçısı əvvəlcə müavinini ayağa qaldırıb danladı. Sonra zalda olan qız-qadın, ağsaqqal-ağbirçək bilmədən söyüşlə danışmağa başladı. Müavinindən zalı tərk etməsini tələb etdi.
Bundan sonra qaz pulu ilə bağlı bir nəfər şəhər sakini icra başçısına müraciət etdi, qoyulan limitdən şikayətləndi. Elmar Vəliyev şəhər qaz idarəsinin müdirini ayağa qaldırıb, olmazın sözlərini dedi. Müdirə imkan vermədi ki, limitin mahiyyətini icra başçısına izah eləsin. Elmar Vəliyev qışqıraraq dedi. “Sən bunu niyə limitə salıbsan?” Müdir deyəndə ki, “cənab başçı, mən yox, ölkə başçısı İlham Əliyevin fərmanı ilə bu limit yaranıb. Elmar Vəliyev yenidən qəzəbləndi, hətta müdirə dedi ki, “səni limitə elə salaram ki, özün də bilməzsən”.
Məlumata görə, icra başçısı bundan sonra iclasda iştirak edən hüquq-mühafizə orqanlarının rəhbərlərindən qaz idarəsinin müdirinin həbs edilməsini tələb edib: “Ancaq onlar yumşaq formada deyiblər ki,  belə əsassız formada hərəkət edə bilməzlər. Ondan sonra icra başçısı Gəncə şəhər polis idarəsinin rəisi Faiq Şabanova deyib ki, “bunu aparın içəri salın, ağılı başına gəlsin”. Lakin o an başçıya zəng gəldi, o, kimləsə qışqıra-qışıra danışdıqdan sonra başqa mövzuya keçdi…” .
Məlumatda o da deyilir ki, icra başçısının rayonlardan Gəncəyə gələnlərin pasport qeydiyyatına salınması və kommunal işçilər haqda sözləri də zalda gərginlik yaradıb.
Bu və ya digər məsələlərə İcra Hakimiyyətindən münasibət öyrənə bilmədik. E.Vəliyevin də mövqeyini dərc etməyə hazırıq.

Загрузка...
Загрузка...