Gənclərin quş söhbəti DƏHŞƏTLƏ BİTDİ - Sumqayıtdakı olayın ŞOK TƏFƏRRÜATI

Qətl törətməkdə təqsirləndirilən Sumqayıt şəhər sakinləri – 1990-cı il təvəllüdlü Vüqar Yusifov və onun qardaşı, 1991-ci il təvəllüdlü Zülfüqar Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, qətl hadisəsi 2014-cü il, iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb. Məmmədov və Yusifovlar (onlar qohumdur) arasında borc üstündə düşən dava qətllə nəticələnib.
Belə ki, qəsəbə sakini Vüqar Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub. Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vuqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlər Vasif Məmmədovun həyatını xilas edə bilməyiblər.
İki qardaşa 8 maddəli ittiham
İstintaq aparılan zaman məlum olub ki, Vüqar Yusifovun qardaşı Zülfüqar Yusifov da hadisə yerində olub.
İstintaq orqanı tərəfindən Vüqar və Zülfüqar Yusufov qardaşlarına Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar və Zülfüqar Yusifov qardaşlarına hökm elan edilib. Hökmə əsasən, Zülfüqar Yusifovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə, Vüqar Yusifovun əməli isə Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələrinə tövsif olunub. Onların hər biri 12 il müddətinə azadlıqdan məhum edib.
Məhkəmə həmçinin Zülfüqar Yusifova ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə bəraət verib. Hökmdən narazı qalan prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib.
Hökmdən narazı qalan Vüqar Yusifov əməlinin Cinayət Məcəlləsinin 29,120.1 və 221.3-cü maddələrindən həmin məcəllənin 123-cü (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) və 130-cu (zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma) maddələrinə tövsif edilməsini istəyib. Digər təqsirləndirilən Zülfüqar Yusifov isə barəsində olan hökmün ləğv edilərək, ona bəraət verilməsini xahiş edib.
Tərəflərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə araşdırılıb.
“Quşları Novxanıda yol kənarında satmışam”
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Vüqar Yusifov ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Novxanı kəndində yaşayır, toyuq alqı-satqısı ilə məşğul olur: “Zərərçəkmiş şəxslər Asif Məmmədov və Vasif Məmmədov həmkəndlilərimdir, həmçinin qohumuq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Vasifin kiçik qardaşı Səbuhi onunla şərikinə toyuq-cücə alveri etmək istədiyini bildirib: “Mən də buna etiraz etmədim. Birlikdə gedib 40 ədəd, hərəsi 3 manatdan çolpa, 22 ədəd hərəsi 5 manatdan göyərçin aldıq. Həmin toyuq və göyərçinlərə Səbuhi 230 manat, mən isə 245 manat verdim. Alınmış həmin quşları bir gündən bir növbə ilə mən və Səbuhi satmışıq. Lakin sonradan Səbuhi Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsi 32 ünvanında yerləşən “Sahil” marketdə işlədiyinə görə şəriklikdən ayrıldı. Puluna alınmış toyuq və göyərçinlərin satışından əldə edilən puluna qaytarmağımı dedi. Həmin vaxt Səbuhinin toyuq və göyərçinlərindən 52 manatlıq satılmışdı və o, 52 manat pulunu götürdü. Səbuhiyə onun toyuq və göyərçinlərinə görə 178 manat pul verməli idim. Səbuhi bir aya həmin quşları sataraq pulunu ona verməyimi istədi. Qayınatam Ələkbərin həyətində saxladığım özümə və Səbuhiyə məxsus quşları adətən Novxanı qəsəbəsinin yol kənarında satmışam”.
“Toya gedəcəyini, ona pul lazım olduğunu bildirdi”
Vüqar Yusifovun sözlərinə görə, bir ara yol çəkilişi ilə əlaqədar, təxminən 12-13 gün yolun kənarında quş satışına icazə verilməyib, buna görə Səbuhiyə və özünə məxsus quşları sata bilməyib: “İyunun 22-də Vasif mənim mobil telefonuma zəng etmişdi. Telefonum səssiz rejimdə olduğundan Vasifin zəngini eşitməmişəm. Bundan sonra Vasif mənə “hirsli vaxtımda beynimi xarab eləmə, gəlib hirsimi tökərəm sənə” məzmunlu mesaj yazdı. Mesajı oxuyan kimi Vasifə zəng etdim, yazdığı həmin mesajın səbəbini soruşdum. Vasif də mənə telefona cavab vermədiyimə görə belə məzmunlu mesaj yazdığını bildirdi. Bundan başqa Vasif mənə toya gedəcəyini, ona pul lazım olduğunu, Səbuhiyə borclu olduğu puldan ona verməyimi bildirdi. Vasifə Səbuhiyə borclu pulu yalnız ona qaytaracağımı dedim. Bununla da Vasiflə mənim söhbətim qurtardı. Daha sonra Səbuhi zəng edərək, ona verəcəyim 178 manatı Vasifə verməyimi dedi”.
“Qayınanam mənə zəng etdi”
Vüqar Yusifov qeyd edib ki, iyunun 24-də, axşam saat 19.30-da Vasif ona zəng edib və yenidən ondan pul istəyib: “Ona əlimdə işimin olduğunu, yarım saata zəng edəcəyimi dedim. Lakin telefonu evin həyətində olan talvarda cərəyana qoyduğumdan Vasifə zəng etməyi unutmuşam. Bundan təxminən saat yarım sonra qayınanam Tutuxanım mənə zəng etdi, Vasifin gəlib onların qarajında saxladığı quşları oradan apardığını bildirdi. Həmin vaxt telefona baxanda Vasifin mənə etdiyi 2-3 cavabsız zənglərini gördüm. Bu zaman özüm Vasifə 3-4 dəfə zəng etdim, lakin Vasif cavab vermədi. Buna görə əsəbiləşərək Vasifgilə məxsus “Sahil” marketə getdim. Dükanın içinə girdikdə orada Səbuhini və tanımadığım 4-5 nəfər müştərinin olduğunu gördüm. Piştaxtaya yaxınlaşdım və orada piştaxtanın üstünə qoyulmuş içində xırda konfetlər olan plastik qabı Səbuhinin üstünə itələyərək yerə saldım. Nəticədə qabın içindəki konfetlər dağıldı”.
“Qayınatamgilə getməsinin mənə pis təsir etdiyini bildirdim”
Vüqar Yusifovun ifadəsinə görə, bundan sonra o, Səbuhiyə etdikləri hərəkətin düzgün olmadığını, nə səbəbdən Vasifin qayınatasının həyətindən icazəsiz toyuq-cücə və digər quşları apardığını soruşub: “Səbuhi isə Vasifin orada olmadığını bildirdi. Səbuhidən Vasifə zəng edərək, onu çağırmasını tələb etdim. Səbuhi də Vasifi ora çağırdı. Dükandan çıxaraq küçədə, dükanın qarşısında Vasifi gözlədik. Bu zaman ora Asif gəldi. Asifə də iradımı bildirərək, ona “sən böyüksən, Vasif mənim icazəm olmadan nəyə görə gələrək qayınatamgildən quşları aparıb?” - deyə soruşdum. Bu məsələni böyük qardaş kimi yoluna qoymasını, mənim özümə məxsus quşları Vasifin qaytarılmasında kömək etməsini xahiş etdim. Bu zaman Vasif də ora gəldi. Vasifdən etdiyi hərəkətin düzgün hərəkət olmadığını, məndən icazəsiz qayınatamgilə gedərək oradan quşları aparmasının mənə pis təsir etdiyini bildirdim”.
“Asifin arvadı həyətdə ola-ola heyvan götürsəm onun xoşuna gələrmi?”
Vüqar Yusifov qeyd edib ki, Vasif isə ona orada neçə manatlıq quş olduğunu soruşub: “Vasifə orada 600 manatlıq quş olduğunu deyərək, onlara borclu olduğum 178 manatı çıxmasını, yerdə qalanını isə mənə qaytarmasını bildirdim. Bundan sonra Vasifdən “əgər mən onun qardaşı Asifin arvadı həyətdə ola-ola gedib, onun həyətindən toyuq-cücə və ya başqa heyvan götürsəm onun xoşuna gələrmi?” deyə soruşdum. Bu sözləri eşidəndən sonra Vasif sifətimə yumruq atdı. Bu zaman geri çəkildiyimdən Vasifin barmağı sol gözümə dəydi. Bu vaxt müvazinətimi itirdiyimdən yerə yıxıldım. Asiflə Vasif məni vurmaq üçün üstümə gəldilər. Lakin həmin an qardaşım Zülfüqar ora gəldi və Asiflə Vasifin qarşısına keçərək məni vurmamaları üçün onları saxlamaq istədi. Bu zaman Asif Vasiflə birlikdə Zülfüqarı döydülər. Mən yerdən qalxaraq cibimdəki açılıb-qatlanan bıçağı çıxardım və Asiflə Vasifin üstünə getmək istədim. Vasif də mənim üstümə gəldi. Bu zaman mən geri çəkilərək orada dayanmış “Opel” markalı avtomaşına söykəndim, üzümü yana çevirərək özümü müdafiə etmək üçün əlimdəki bıçağı havada sağa-sola süzdürməyə başladım. Vasif də üstümə gələndə bıçaq onun sağ böyür hissəsinə dəyib. Bu vaxt Vasif bıçaq dəymiş nahiyəsini əli ilə tutaraq dükanın qapısına tərəf getdi. Sonra dükana girdi”.
“Asiflə Vasifi xəstəxanaya çatdırmalarını xahiş etdim”
Vüqar Yusifovun sözlərinə görə, eyni zamanda qardaşı Zülfüqar da onun Vasifi bıçaqla vurduğunu görüb və onlardan aralanıb: “Asif isə dükanın içinə girərək qışqırdı, Səbuhidən bıçaq istədi. Səbuhi ona bıçaq verdi. Sonra Asif dükandan çölə çıxaraq üstümə gəlmək istədikdə ayağı sürüşməsi nəticəsində böyrü üstə yerə yıxıldı. Asifə yaxınlaşaraq onu arxa çiyin hissəsindən bıçaqla vurdum. Bundan sonra Zülfüqarla qaçaraq orada dayanmış “Opel” markalı avtomaşına mindik və maşının qapılarını bağladıq. Asif maşının qapısını açmaq istəsə də, aça bilmədi. Bundan sonra Asif yerdən plastik su butulkaları olan yeşiyi götürərək maşının üstünə atmaq istədi. Lakin bunu edə bilmədi. Daha sonra isə Asif dükana girib-çıxdı və orada dayanmış “AzSamand” markalı avtomaşına əyləşdi. Onun dalınca isə Vasif gedərək həmin maşına mindi. Bu vaxt “Opel”in sahibi bizi maşından düşürtdü. Maşından düşən kimi üzümü “AzSamand” markalı maşınına tutdum və qışqıraraq Asiflə Vasifi xəstəxanaya çatdırmalarını xahiş etdim. Sonra oradan qaçaraq yolun digər kənarına keçdim. Qardaşım Zülfüqar isə artıq oradan getmişdi”.
“Onların öləcəyini düşünmürdüm”
Təqsirləndirilən şəxs bildirib ki, Vasifgili oradan gedəndən sonra yolu keçib və ayağından çıxmış sol tay başmağını oradan götürüb, sonra da qayınatasıgilə qaçıb: “Vasifgili vurduğum bıçağı qayınatasmgilin evinin yanında olan kanalizasiya quyusuna atdım. Sonra qayınatamgilə keçərək baş verənləri qayınatam Ələkbərə danışdım. Daha sonra isə qəsəbədəki sahə müvəkkilinin məntəqəsinə getdim. Səhəri günü Vasifin aldığı bıçaq yarasından xəstəxanada öldüyünü eşitdim. Vasifə böyür tərəfindən təxminən iki bıçaq zərbəsi, Asifə isə arxa çiyin nahiyəsindən bir bıçaq zərbəsi vurmuşam. Asiflə Vasifə bıçaqla zərbələri özümü qorumaq məqsədi ilə vurmuşam. Həmin vaxt vurduğum bıçaq zərbələri nəticəsində kiminsə öləcəyini düşünmürdüm”.
“İki azyaşlı uşağımın olmasını nəzərə alnmasını xahiş edirəm”
Vüqar Yusifov qeyd edib ki, hadisə vaxtı qardaşı Zülfüqar onları ayırmağa çalışıb, Zülfüqar nə Asifi, nə də ki, Vasifi vurmayıb: “Əksinə Zülfüqar özü Asif və Vasif tərəfindən döyülüb. Asiflə Vasifi bıçaqla mən vurmuşam. Başqa heç kəs onları bıçaqla vurmayıb. Etdiyim əməldən peşmanam, himayəmdə iki azyaşlı uşağımın olmasının, valideynlərimin xəstə olmalarının nəzərə alınmasını xahiş edirəm”.
Digər təqsirləndirilən Zülfüqar Yusifov ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib, hadisəni və hadisənin baş verməsinin səbəbini qardaşının verdiyi ifadəyə uyğun olaraq danışıb.
Məhkəmə zərərçəkmiş və şahidləri dinləyəndən sonra qərar qəbul edib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və Yusifov qardaşlarının barəsində yeni hökm çıxarılıb.
Qardaşların yeni cəzası bilindi
Yeni hökmə əsasən, Yusifov qardaşları Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 29,120.2.1, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü müddələri ilə təqsirli biliniblər.
Məhkəmə onların hər birinin barəsində 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hökmə görə, istintaq orqanı tərəfindən Yusifov qardaşlarına verilən Cinayət Məcəlləsinin 120.2.2 və 29,120.2.2-ci maddələri ittihamdan xaric edilib.
Həmçinin Zülfüqar Yusfova Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilib.
Hacı Zeynalov

Загрузка...
Загрузка...