​Gənclər və İdman Nazirliyində şok ixtisarlar: nazirin dotasiyası azaldı - Təcili

 
 
Gənclər və İdman Nazirliyində kütləvi ixtisarlar başlanır
 
Politika.Az-ın əldə etdiyi xəbərə görə, nazirlik işçilərin sayını azaltmaq qərarı verib.
 
Nazir Azad Rəhimov qənaət rejiminə keçib. Mədəniyyət və Turizm Nazirliyinin də bu quruma birləşdirilməsi məsələsi ixtisarları şərtləndirib. İqtisadi böhran nazirliyin fəaliyyətinə ciddi şəkildə təsir edib.
 
Dotasiya hesabına yaşayan və gəlir imkanları az olan Gənclər və İdman Nazirliyi məcburi şəkildə ixtisarlara getməlidir. Nazirin dotasiyasının azaldığı haqda xəbərlər gəlməkdədir.
 
Bir müddət əvvəl nazirliklərdə ixtisarların gedəcəyi xəbərini vermişdik. Artıq GİN-də proses başlanıb. Bu nazirlik adı korrupsiya və mənimsəmədə istisna hallarda çəkilən qurumdur. Amma Hesablama Palatası 2014-cü ildə qurumda korrupsiya faktları aşkarlamışdı.
 
Dövlət büdcəsindən ən çox vəsait alan bir nazirlik kimi Gənclər və İdman nazirliyində ixtisarlar labüddür. İdman federasiyalarına ayrılan külli miqdarda vəsaitlər, yeni idman-sağlamlıq komplekslərinin tikintisi dövlətə yüz milyonlarla manata başa gəlir.
 
Politika.Az yada salır ki, dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verilib.
 
Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatında deyilir ki, Daşkəsən rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə müəyyən tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra obyektin təyinatı dəyişdirilərək onun bazasında Gənclərin Təlim və İstirahət Mərkəzi tikilib.
 
Başqa 2 rayonda isə olimpiya kompleksinin tikintisi zamanı asfalt-beton örtüyü işləri tam yerinə yetirilmədiyi halda bu obyektlər üzrə işlərin qəbulu haqqında akt bağlanıb. Hesabata görə, 5 rayonda olimpiya komplekslərinin tikilməsi prosesində bəzi inventar və avadanlıqlar obyektlərdə olmadığı halda qəbul aktlarına daxil edilib.
 
Politika.Az bir daha qeyd edir ki, ölkədə postneft dövrünün başlanması bütün dövlət strukturlarında ixtisarları şərtləndirib. Bir sıra nazirliklərdə kütləvi ixtisarların olacağına hazırlıq gedir. Hakimiyyət artıq böhranın dərinləşməsinin qabağını kompeks şəkildə ala bilmir.
 
Ölkədə işsizlər ordusunun yeni mərhələsi başlanır. Nazirliklərdə çalışan xeyli sayda işçi könüllü şəkildə istefa ərizəsi yazmağa məcbur edilir. Yanvardan bu ixtisarlar daha da kütləvi xarakter alacağı bildirilir.
 
Qaynağımız vurğulayır ki, postneft dövründə qeyri-neft sektorunun inkişafı gücləndirilməlidir.
 
Prezident İlham Əliyev də bu sektora təkan verir və müsbət islahatlar həyata keçirir. Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi və bəzi komitələrdə ixtisarlar qeydə alınmaqdadır.
 
Habelə, Nəqliyyat Nazirliyi, “Azəravtoyol” ASC, Dəmir Yolları QSC, o cümlədən Dövlət Reyestr Xidməti və başqa qurumlarda ixtisarlar var. Məlumatda deyilir ki, Ailə, Qadın və Uşaq Komitəsi, Dövlət İmtahan Mərkəzi, Dövlət Miqrasiya Xidməti və başqa strukturlarda ixtisarlar baş alıb gedir.

Загрузка...
Загрузка...