Gəncəlilər deputatını axtarır

Naqif Həmzəyevi isə “gördüm” deyən tapılmır
Yeni Azərbaycan partiyasının Gəncə şəhər təşkilatının sədri, 38 saylı Nizami (Gəncə) ikinci seçki dairəsindən Milli Məclisə mandat almış Naqif Həmzəyevi seçiciləri axtarıb tapa bilmir. Redaksiyamıza məktub ünvanlayan gəncəlilər millət vəkilini axtardıqlarını və onu tapmaqda onlara yardımçı olmağımızı istəyirlər.
Xatırladım ki, bir müddət öncə səsləndirdiyi fikirlərlə ölkədə böyük qalmaqal yaradan Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadəni lider saymadığını önə çəkmişdi. Ölkə mediasında geniş müzakirə mövzusuna çevrilən fikirləri sonradan danmağa məcbur edilən deputat yerinin səhv düşdüyünü ilk baxışdan təsdiq etmişdi. O, zaman “musavat.com” -un əməkdaşının suallarını cavablandıran millət vəkili Rəsulzadə haqqında aşağılayıcı fikirlər səslənməkdən çəkinməmişdi. Həmin dialoqa diqqət edək:
“Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?”.
Sualımdan diksinən millət vəkili bir qədər də üz-gözünü turşudub, Azərbaycan Cumhuriyyətinin, milli istiqlal hərəkatının lideri, “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarının banisi Məhəmməd Əmin Rəsulzadəyə olan nifrətini izhar etdi. Jurnalistlərin gözü önündə bu cür dialoqumuz oldu:
- Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar.
- Şərqdə ilk demokratik...
-Tarixi məndən yaxşı biləcəksiz? Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı.
Bu zaman kənardan da müdaxilələr olur:
- Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı...
- O, bizim nə qədər sərvətimizi talayıb...
- Bunlar (mən nəzərdə tutuluram) Rəsulzadə fanatıdırlar.
Deputat canfəşanlıqla Rəzulzadəyə qara yaxmaqda, jurnalistləri şoka salaraq, mürtəce fikirlərini söyləməkdə davam edirdi:
- Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir. Bir də ki, cumhuriyyətin qurulmasında təkcə Rəsulzadə deyil, başqalarının da xidmətləri olub. Siz niyə onlar barəsində sual vermirsiz? Cümhuriyyət məgər təkcə Rəsulzadədən ibarətdir?! Hazırda Gəncədə Nizami Gəncəvinin və digər tarixi şəxsiyyətlərimizin həyat və yaradıcılığı ilə bağlı işlər görülür, onlara aid abidələr qoyulur. Cümhuriyyətin ildönümü ilə əlaqədar şəhərimizin Gülüstan qəsəbəsində “İstiqlal” parkı açılıb.
- Gələn qonaqlara, xarici turistlərə parkı necə təqdim edirsiz- satqın Rəzulzadənin qurduğu istiqlaliyyətə aid “İstiqlal” parkı?
- Axı niyə fikirləşirsiz ki, Gəncədə Rəsulzadənin heykəli olmalıdır?! Rəsulzadə respublikanı Gəncədə deyil, Tiflisdə qurub... Qoy bu barədə Müsavat Partiyasının üzvləri məşğul olub, onunla bağlı məsələləri həll etsinlər. Bir dəfə də olsun müsavatçılardan kimsə onun büstünün qoyulduğu quruma zəng edib başına torba keçirilməsinin səbəbini soruşub?...
Dialoqdan göründüyü kimi, Naqif Həmzəyev Rəsulzadəyə nifrətini gizlədə bilməyib və millət vəkili olan şəxs gəncəlilərin də onunla razılaşdığını çəkinmədən söyləyib. Halbuki, bu fikirlər ictimailəşəndən sonra ən çox gəncəlilər tərəfindən qınağa tuş gələn N.Həmzəyev qeyd etdiyimiz kimi yerinin səhv düşdüyünü isbatlamış oldu.
Deputatın indi axtarışa verilməsi və seçicilərinin onu görmək, problemlərini söyləmək üçün bir yol tapa bilmədiklərini görəndə belə şəxslərin millət vəkili adına nə qədər layiq olub-olmadıqları gündəmə gəlir. Türkiyədə bir neçə il çalışan və “Gülənçi” şəbəkəsində özünə yer tapan deputatın hazırda vətənə necə sadiq olduğu da müzakirə mövzusu ola bilər. Naqif Həmzəyevin rəsmi sənədlərdə qeyd olunan həyat yoluna nəzər salsaq görərik ki, bu şəxs Gülənçi şəbəkəsinin dəstəyi ilə geniş fəaliyyət qurub. Şəbəkənin dəstəyi ilə Azərbaycanda qısa müddətdə yüksək vəzifələrə təyin olunub.
2009-2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən “Elektron Universitet” layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, İstanbul və Fırat universitetlərində, həmçinin TUBİTAK ULAKBİM təşkilatında “İT meneceri” üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər İnstitutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub. 2012-ci il 12 noyabr tarixindən 2013-cü il 8 fevral tarixinədək Azərbaycan Dövlət Aqrar Universitetində innovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
2013-cü il 8 fevral tarixində Gəncə Şəhər Kəpəz Rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib və 2014-cü il12 may tarixinədək bu vəzifədə çalışıb.
2013-cü il 1 avqust tarixində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının VIII konfrasında təşkilatın sədri seçilib.
2015-ci il 19 mart tarixində Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsinə təyin edilib.
Hal-hazırda Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri vəzifəsində işləyir. 2015-ci il oktyabrın 1-də 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Deputat olandan sonra gəncəli seçiciləri ilə görüşməkdən qaçan Həmzəyevin hazırda bizneslə məşğul olduğu qeyd olunur. Biz gəncəlilərin müraciətini nəzərə alaraq millət vəkilindən redaksiyamıza zəng edərək yerini və ya ünvanını söyləməsini xahiş edirik. Ümid edirik ki, gəncəlilərin həsrətlə gözlədiyi görüş arzusunu Naqif müəllim bu dəfə geri çevirməyəcək. Bu görüş ən azı, 38 saylı seçki dairəsində seçki günü bülletendə adı səhv salıb Naqif Həmzəyevin adının qarşısına “quş” qoyanların haqqıdır.
Naqif Həmzəyevin keçmişi ilə bağlı araşdırmalarımızın nəticəsini “Keçmişlə doğulan bu gün” layihəsinin növbəti yazılarında tanış olacaqsınız.