Gəncədə Taleh Bağırovun tərəfdarlarından birinin evindən silah tapılıb

Gəncədə radikal dini qruplaşmanın üzvü tutulub.
 Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi və Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elnur Cavadovun evindən nömrəsi silinmiş “AKSU-74” markalı silah, 30 ədəd patron və patron darağı, habelə 12 ədəd ərəb əlifbası ilə yazılmış kitab (dini ədəbiyyat olması ehtimal olunur) aşkar edilərək götürülüb.
 APA-nın əldə etdiyi məlumata görə, E. Cavadov  “Müsəlman birliyi” adlı hərəkatın üzvlərindəndir.
 Qeyd edək ki, “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov və onun çoxsaylı tərəfdarları ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə), 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.