​Gəncə və Xaçmazda vəhhabi əməliyyatlarının müdhiş pərdəarxası - ÖZƏL

 
Ölkədə iki gündür səs-küylü və uğurlu antiterror əməliyyatları keçirilir
 
Politika.Az-ın Analitik Mərkəzinin yaydığı məlumata görə, radikal təriqətçilərin zərərsizləşdirilməsi istiqamətində addımlar atılır.
 
Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar nəticəsində İŞİD-çi olan vəhhabi görüşlü ekstremistlər yaxlanıb.
 
Azərbaycanda iki radikal təriqət - FƏTÖ və İŞİD təhlükəsinin mövcud olduğu sirr deyil. Ölkəmizdə inkişafı və sabitliyi, əmin-amanlığı gözü götürməyən qüvvələr dövləti zaman-zaman təhdid etməyə cəhd göstəriblər.
 
Lakin bu cəhdlər hər dəfə iflasa uğrayıb və hüquq-mühafizə orqanlarının peşəkarlığı, operativliyi nəticəsində həmin məkrli qüvvələr ifşa olunub. Bu da Azərbaycanın güc strukturlarının yüksək səviyyədə göstərdiyi fəaliyyətin və ayıq-sayıqlığının nəticəsidir.
 
Ölkəmizi ərəb ölkələrinə çevirmək istəyən, terrorun yeni poliqonuna çevirməyə can atan bəzi dairələr vəhhabi təriqətli radikal, silahlı xainləri təşkilatlandırır. Onlar müxtəlif vaxtlarda dövlətçiliyə qarşı təhdidlə çıxış etsələr də, alınmayıb. Növbəti bir uğur da Gəncə və Xaçmazda reallaşıb.
 
Politika.Az yada salır ki, ilk əməliyyat Gəncədə baş tutub. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşları birgə əməliyyat keçirib.
 
Xüsusi tədbirlər nəticəsində Gəncə şəhər sakinləri Elbrus Ələkbərovun yaşadığı evə baxış zamanı 1 ədəd “ZORAKI-914” markalı tapança, 2 ədəd qumbara və 4 ədəd patron tapılıb.
 
Orxan Fətullayevin evinə baxış zamanı isə 1 ədəd nömrəsi silinmiş “Brauninq” markalı tapança, 2 ədəd qumbara və 1 ədəd patron aşkarlanıb. Əvvəllər məhkum olunmuş Məhəmməd Hüseynovun evinə baxış zamanı 3 ədəd qumbara, 2 ədəd alışqan və 12 ədəd patron tapılıb.
 
Əvvəllər qanunsuz radikal silahlı dini birliklərdə iştirak etdiyi üçün məhkum olunmuş Vüsal İsayevin evinə baxış zamanı 2 ədəd qumbara, Zaur Hüseynovun evinə baxış zamanı isə 1 ədəd “AKS-74” markalı silah və 80 ədəd patron, qardaşı Eminin evinə baxış zamanı isə 3 ədəd qumbara və 37 ədəd patron aşkar edilərək götürülüb.
 
Politika.Az-ın xəbərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti Xaçmazda əməliyyat keçirib.
 
Azərbaycanın hüdudlarından kənarda dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilatın tabeliyində, yaşadığı ərazidə tərəfdaşlarından ibarət "camaatın əmiri" kimi fəaliyyət göstərərək, vətəndaşları belə silahlı münaqişələrə cəlb etməkdə, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən vətəndaş 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunun qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib həmin təşkilatın terrorçuluq məqsədləri və insanların oğurlanması planları barədə daxil olmuş məlumat kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub.
 
Təxirəsalınmaz əks tədbirlərin görülməsi zərurəti ilə əlaqədar R.Rəhimovun 2016-cı il noyabrın 25-də Xaçmaz rayonunun Düztahiroba kəndində tərksilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstərib.
 
Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə R.Rəhimov məhv edilib.
 
Yalama Bədəliyyəsinin sədri Nəbi İsgəndərov bildirib ki, Ramiq Rəhimov vəhhabi təriqətinin nümayəndəsi olub:
 
"Ramiq bir neçə il idi ki, radikal qruplaşmaya qoşulmuşdu. O, Xaçmazın Düztahiroba kəndində gəncləri başına yığaraq, öz təriqətini təbliğ etməklə məşğul olub. Ramiqin valideynləri Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayırlar.
 
Əvvəl Ramiq valideynləri ilə yaşayırdı. Sonradan saqqal saxlayıb, radikallara qoşulandan sonra ailədə söz-söhbətlər yaranmağa başladı. Valideynləri onu saqqal saxlamamağa, bu yoldan dönməyə çağırırdılar. Ramiq onlarla razılaşmadı. Bundan sonra valideynləri Ramiqdən imtina etdilər. Onlar deyirlər ki, bizim elə övladımız yoxdur".
 
Nəbi İsgəndərovun bildirdiyinə görə, valideynləri ondan imtina edəndən sonra R.Rəhimov Xaçmaza, Düztahiroba kəndinə - baba yurduna köçüb.