​Gənc rejissor film çəkmək üçün evini satışa çıxardı

 
“Melodrama janrında film çəkmək istəyirəm. Adı “Mükafat” olacaq. Ancaq hələlik maddi məsələləri həll edə bilmirəm. Ciddi ssenariyə pul tapmaq olmur. Evimi satışa çıxarmışam, görək nə olur”.
 
Bu sözləri Teleqraf.com-a açıqlamasında gənc rejissor ƏR-Toğrul deyib. O, filmin gəlir gətirəcəyinə inandığını qeyd edib: “Bizdə hamı komediyaya qaçır. Melodrama sahəsində boşluq var. Mən bu filmlə tamaşaçı toplayacağıma inanıram. “Mükafat”ın ideyası belədir: Bəxtiniz gətirmirsə, səbr edin, sonda mükafat var”.
 
Filmin ssenari müəllifliyini və rejissorluğunu öz üzərinə götürən ƏR-Toğrul süjet xətti barədə bunları deyib: “Hadisələr müasir Bakıda cərəyan edir. Yeddi yaşında ailəsini avtoqəzada itirmiş oğlan rayondan qaçıb Bakıya gəlir. Bakıda avara küçə uşaqlarına qoşulsa da, bir gün onun küçə davasını görən boks müəllimi oğlanı öz yanına götürür. Lakin bu da çox davam eləmir və oğlan təsadüf nəticəsində film çəkən qrupa qoşulur və ssenarist olur.
 
İnsanların real həyatını yazmaq onun xobbisidir. Həyatında yeganə məqsədi isə keçmişindən qalan tək bir xatirə olan, ona saat hədiyyə etmiş bakılı qızı tapmaqdır. Film boyu oğlan bu qızın axtarışındadır. Sonda təsadüf nəticəsində qızı tapır və məlum olur ki, uzun müddətdir bir yerdə işləyən dostu hesab etdiyi qız elə o qızdır”.
 
Rejissor yaxın günlərdə kastiqnlərə başlayacaqlarını deyib.
 
ƏR-Toğrul qısametrajlı filmlər çəksə də, daha çox teatr rejissoru kimi tanınır. Mərhum Vaqif İbrahimoğlunun tələblərindən olan rejissor Akademik Milli Dram Teatrında qoyduğu “Keçmişdən zəng” tamaşası ilə sənət camesinin diqqətini öz üzərinə çəkə bilmişdi.
 
O, bir ildən artıq Dağıstan Dram Teatrının baş rejissoru vəzifəsində çalışıb.