Gəncə hadisəsi - daxili və xarici amillər - Eldar Namazovla MÜSAHİBƏ

Baxış sayı: 
94
0  
0  

 
Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
 
– Eldar müəllim, son günlər Gəncə şəhərində baş verən olaylarla bağlı hüquq-mühafizə orqanlarının bir neçə ortaq açıqlaması var. Siz bu hadisələrin baş verməsinin səbəbləri ilə bağlı nə düşünürsünüz; mövqeyiniz güc strukturlarının mövqeyi ilə üst-üstə düşür, yoxsa fəqli mühakimə yürüdürsünüz?
 
– Mən hesab edirəm ki, burda hər iki amili – həm xarici, həm də daxili amili nəzərə almaq lazımdır. Bu təxribat xaricdən planlaşdırılıbsa, onda da təxribatı harada keçirməklə bağlı qərarlar veriləndə daxili amillər nəzərə alınır. Harda narazılıq var, harda insanlar emosiyalara qapılıb öz narazılıqlarını ifadə edə bilərlər. Ona görə də bütün hallarda, hətta bu təxribatlar xaricdən planlaşdırılıbsa da, biz burda daxili amili yaddan çıxarmalı deyilik. Mən bu iki amilin eyni dərəcədə nəzərə alınmasının tərəfdarıyam.
 
Xarici amildən ayrıca danışanda nəzərə almaq lazımdır ki, belə ciddi hadisələri planlaşdıran qüvvələr gərək kifayət qədər böyük resurslara, imkanlara malik dairələr olsun. Yəni, bu bir qrup adamın işi deyil. Biz burda görürük ki, bu insanlar bir neçə tərəfdən eyni zamanda informasiya dəstəyi alırlar. Həm xaricdə, həm də daxildə yerləşən media resurslarından çox sərbəst istifadə edirlər. Ona görə də bu təxribatı planlaşdıran dairələr kifayət qədər böyük resurslara – həm inzibati, həm maliyyə, həm də media resurslarına malik dairələrdir. Mən məsələnin nə qədər mürəkkəb olduğunu dərk etməyimiz üçün bir neçə misal gətirmək istəyirəm. Həm Gəncənin icra hakimiyyəti başçısına sui-qəsdlə, həm də sonrakı hadisələrlə bağlı son dövrlərdə çoxlu faktlar ortaya çıxıb. Çox maraqlıdır ki, faktların bəziləri burda açıq-aydın Rusiya izini göstərsə də, ekspertlər arasında bu versiya o qədər də populyar deyil.
 
Yəni, ekspertlər bu hadisələr barədə danışarkən Rusiyanın adının çox hallanmasına baxmayaraq birbaşa Rusiyanı ittiham etməyə meyilli deyillər. Bunun da ciddi səbəbi var. Hamı başa düşür ki, Rusiya rəhbərliyi – Putin hakimiyyəti kifayət qədər təcrübəli hakimiyyətdir. Putin özü xüsusi xidmət orqanlarında çalışıb, böyük təcrübəyə malikdir. Onun ətrafında əksər vəzifə tutan insanlar da həmin məktəbi keçiblər – vaxtilə təhlükəsizlik orqanlarında çalışıblar. Əgər Rusiya belə bir təxribat planlaşdırsaydı və həyata keçirsəydi, onun icrasını elə təşkil edərdi ki, insanlar orda on illərlə Rusiya izini axtarardılar və bunu açıq-aydın sübut etməyə çətinlik çəkərdilər. Burda isə sui-qəsdi icra edən şəxs Rusiya vətəndaşıdır və onun anası da son illərdə Federal Təhlükəsizlik Xidmətinin kitabxanasında çalışıb.
 
Yəni, Putin kimi təcrübəli kəşfiyyatçı, onun ətrafında olan silahdaşları o qədər naşıdılar ki, onlar icraçı qismində məhz Rusiya vətəndaşı olan və anası FTX-nin kitabxanasında çalışan adamı seçsinlər?! Hamı da birbaşa ilk andan, ilk gündən başa düşsün ki, bunun arxasında Rusiya dayanıb?! Hamı başa düşür ki, burda başqa qüvvələr var. Əksinə, onlar icraçını seçəndə çalışıblar ki, bu izlər başqa yerə aparsın. Bu hadisəni həqiqətən də Rusiya hakimiyyəti qursaydı, bunu başqa ölkələrdə yaşayan gəncəlilər-azərbaycanlılar var ki, onların arasından kimisə bu işə cəlb edərdi və sair. Yəni, biz görürük ki, bu təxribatı təşkil edən qüvvə eyni zamanda izləri itirmək, başqa istiqamətə yönəltmək istəyir və sair.
 
Təbii, bizim xüsusi xidmət orqanları indi bu məsələlərlə çox ciddi məşğul olurlar və mən əminəm ki, bir müddətdən sonra bir çox yeni faktlar meydana çıxacaq.
 
Şəxsən mən hesab edirəm ki, Azərbaycandan kənarda Azərbaycana qarşı belə ciddi təxribatlar törədə biləcək birinci dövlət heç şübhəsiz, Ermənistan və onun xüsusi xidmət orqanlarıdır. Yadınıza salmaq istəyirəm ki, ermənilər vaxtilə müxtəlif üsullarla Azərbaycan vətəndaşlarını da ələ alıb onların əli ilə Azərbaycanda metroda, avtobuslarda terror aktları həyata keçiriblər. O qədər də uzaq olmayan bir hadisəni də xatırlatmaq istəyirəm. Təxminən 1 il öncə – 2017-ci ilin mayında Azərbaycan ordusunda Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən bir şəbəkə ifşa olunmuşdu.
 
Həmin şəbəkənin üzvləri hətta təmas xəttində ermənilərlə görüşlər keçirib, onlardan tapşırıqlar alırmışlar. Onların tapşırıqlarını yerinə yetirirlərmiş. Yəni, bu hadisələri xatırlayanda biz nəzərə almalıyıq ki, bu təxribatlarda ilk növbədə, ən birinci maraqlı olan tərəf məhz Ermənistandır.
 
– Əgər belədirsə, o zaman niyə görə onlar məhz indi bu fəaliyyəti həyata keçiriblər?
 
– Ona görə ki, hazırda Ermənistanın düşdüyü durum çox ağırdır. Onlar bir tərəfdən 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan ordusunun gücünü gördülər və bütün dünya etiraf edir ki, hərbi güclərin balansı Azərbaycanın xeyrinə dəyişib. Bu vəziyyəti Ermənistan hakimiyyəti nə yaxın illərdə, nə də yaxın on illərdə aradan qaldıra bilməyəcək. Ona görə ki, Azərbaycan kimi ordusunu modernləşdirməyə Ermənistanın imkanı və resursları yoxdur.
 
Digər tərəfdən beynəlxalq ictimaiyyət 20 ildən artıq davam edən danışıqlar zamanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən imtina edirlər və işğal olunmuş bir qarış torpağı da azad etmirlər. Azərbaycanın torpaqlarını azad etmək üçün həm hərbi gücü, həm də beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə görə haqqı da var. Nəhayət, son dövrlərdə Ermənistanla Rusiya arasında çox ciddi ziddiyyətlər yaranıb.
 
Ermənistanın yeni hakimiyyəti qərbpərəstdir, NATO meyilli bir hakimiyyətdir. Rusiya hakimiyyəti də bunu başa düşür və son dövrlərdə Rusiyanın siyasi icmalçılarının, ekspertlərib açıq bəyanatlarla çıxış edib Azərbaycana dəstək vermələri, işğal olunmuş torpaqlar barədə danışmaları, Qarabağın Azərbayacan qaytarılması ilə bağlı tələblər irəli sürmələri təbii ki, Ermənistanda şok və panika yaradıb. Erməni icmalçıların bir çoxları erməni mediasında açıq deyirlər ki, bu münaqişə başlayandan bəri Ermənistan üçün hələ belə təhlükəli dövr olmamışdı.
 
Onlar qeyd edirlər ki, bu konfliktin davam etdiyi son 30 ildə Ermənistan üçün ən təhlükəli məqam yetişib və hansısa ciddi tədbirlər görülməsə Ermənistan Dağlıq Qarabağda tutduğu mövqeləri tam itirə və işğal olunmuş bütün ərazilər azad oluna bilər.
 
Ermənilər bu əsnada hansısa qabaqlayıcı tədbirlər görməlidirlər ki, bu çox təhlükəli vəziyyətlərdən çıxsınlar. Bir tərəfdən ABŞ-dan və Avropadan təminat alsınlar. Ancaq bu da alınmır. Nikol Paşinyanın Brüsselə son səfəri də göstərdi ki, Ermənistanın Qərbdən müəyyən ciddi təminatlar alması illüziyadır və illüziya çox tez dağılmağa başladı. Qeyd etdiyim kimi hərbi gücünü birə on artırmağa Ermənistanın nə imkanı, nə də resursu var.
 
Mən hesab edirəm ki, Ermənistanın indi ən böyük imkanı müxtəlif – həm öz xüsusi xidmət orqanları, həm də başqa ölkələrdə, o cümlədən Rusiya və İranda ermənipərəst lobbilərin, ermənilərlə sıx əməkdaşlıq edən dairələrin köməkliyi ilə Azərbaycanın daxilində müəyyən təxribatlar yaratmaq, daxildə aranı qarışdırmaqdır ki, Azərbaycan yaranmış bu imkanlardan istifadə edə və torpaqları azad etmək əvəzinə başı daxili çaxnaşmalara, daxili konfliktlərə qarışsın. Bu, ermənilərin əlində olan daimi alətlərdən biridir. 1990-cı illərin əvvəllərində də Azərbaycanın daxilində mövcud olan konfliktlərin nəticəsidir ki, torpaqlarımız işğal altına düşdü. O dövrdə bizim torpaqlarımızın işğal olunmasının arxasında 2 çox mühüm amil dayanırdı.
 
Bunlardan birincisi ölkənin daxilində sabitliyin olmaması, təxminən ildə, il yarımda bir dəfə hakimiyyətin dəyişilməsi, ikincisi Rusiyanın ermənilərə çox ciddi hərbi dəstək verməsi idi. İndi bu iki amilin ikisi də aradan qaldırılıb. Azərbaycanda sabitlikdir, güclü ordu quruculuğu gedir. Rusiyanın dəstəyindən də Ermənistan məhrum olmağa başlayıb. Bu proses də sürətlə gedir. Ermənilər bu vəziyyəti təcili dəyişmək üçün həm öz xüsusi xidmət orqanlarının, həm də dediyim kimi Rusiya və İranda onlara dəstək verən, onlarla əlbir olan müəyyən dairələrdən istifadə edib Azərbaycan daxilində çox ciddi təxribatlar törətmək niyyətindədirlər.
 
Bura həm strateji obyektlərdə, məsələn, Mingəçevir Su Elektrik Stansiyası, yaxud ölkədə etnik zəmində, məsələn, ölkənin cənubunda müəyyən təxribatlar yaratmaq daxildir. Təsadüfi deyil ki, ermənilər həmin bölgədən olan insanların bəzilərini ələ alıb onlarla radiolar açır, Azərbaycan əleyhinə verilişlər təşkil edirlər, Azərbaycanda etnik zəmində münasibətlərin qızışdırılması ilə məşğul olurlar. Eyni zamanda sosial narazılıqlardan da istifadə edib narazılıq olan bölgələrdə də təxribatlar həyata keçirməyə cəhd göstərirlər.
 
Beləliklə, biz həm xarici, həm də daxili amilləri təbii ki, nəzərə almalıyıq. Həm ölkə daxilində elə bir mühit yaratmalıyıq ki, sosial, yaxud etnik zəmində hansısa narazılıqlar olmasın. Eyni zamanda bizim diplomatiyamız və xüsusi xidmət orqanlarımız xarici təhlükələri də aradan qaldırmaqla bağlı çox cidi işlər görməlidir.
 
– Eldar müəllim, Siz Gəncə hadisələrinin arxasında dayanan xarici dairələrdən ən əsasının Ermənistan olduğunu bildirdiniz. Güc strukturlarının birgə yaydıqları məlumatda da cinayətin qabaqcadan planlaşdırılmış aksiya olduğu və bilavasitə xaricdən idarə edildiyi bildirilib. Qeyd olunub ki, əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb. Bununla belə cinayət iştirakçıları ilə bağlı yayılan rəsmi məlumatların təhlili bu prosesdə İran amilinin Ermənistan amilindən heç də az rol oynamadığını söyləməyə əsas yaradır…
 
– İstintaq aparan şəxslər bunu yaxşı bilirlər; hər bir cinayət törədilərkən bu cinayətlə bağlı müxtəlif faktlar toplanmalı, eyni zamanda bir vacib suala da cavab tapmalıdır. Bu, motivdir. Yəni, bu hadisə kimin marağında idi?
 
Elə hallar olur ki, çoxlu faktlar istintaqı bir adamın üzərinə yönəldir. Ancaq motivi tapa bilmirlər. Yaxşı, sui-qəsdçi ilə qurban arasında heç bir ziddiyyət, qarşıdurma olmayıb, hətta heç tanışlıqları da olmayıb, niyə bu adam ona qarşı bu cinayəti törədib? Sonrakı araşdırmalar zamanı məlum olur ki, bu faktların bir çoxu izi azdırmaq üçün bilərəkdən ortaya atılıb və cinayət törədən adam başqadır.
 
Onun da konkret motivi, konkret marağı olub. Biz bu hadisələri də araşdıranda həm faktları araşdırmalı, eyni zamanda cinayəti, təxribatı törədən qüvvənin də diqqəti yayındıra, öz üzərindən başqa istiqamətə yönəldə bilməsi üçün ortaya müəyyən faktlar atmağa çalışdığını nəzərə almalıyıq. Biz faktları üzə çıxarmaqla motivi, marağı axtarmalıyıq. Burda hansı qüvvənin marağı var?
 
Ona görə mən deyirəm, hazırda xarici mərkəzlər içərisində Azərbaycan daxilində təxribatlar törətməkdə ən böyük marağı olan Ermənistandır. Ermənistanın İranın müxtəlif dairələri ilə ciddi əməkdaşlığı varmı? Var! Ermənistanın Rusiyada müxtəlif dairələrlə, o cümlədən ermənipərəst dairələr və erməni lobbisi ilə əməkdaşlığı var? Var!
 
Ona görə də biz bu məsələləri ciddi araşdırmalıyıq. Hansısa ölkədən müxtəlif dairələr bu təxribatda iştirak ediblərsə, onları kim – öz hakimiyyəti, yoxsa erməni lobbisi istiqamətləndirib? Ermənistandan sonra bu işlərdə ən böyük marağı ola bilən mərkəz də İranda siyasi elitanın bir hissəsidir ki, o hissə Azərbaycanın müstəqilliyini qəbul etmir. Eyni zamanda gələcəkdə ABŞ və İsraillə açıq toqquşma gözlənilir. Bəlkə bu prosesləri ləngitmək, qarşısını almaq üçün qonşu ölkələrdə çaxnaşmalar planlaşdırırlar?! Həm mövcud faktların bir qismi bunu göstərir, eyni zamanda burda maraq və motiv məsələsi də açıq-aydın görünür.
 
Xaricdə Azərbaycanı daxildən parçalamaq istəyən qüvvələr var. Bunlar bir-iki qüvvə deyil. Azərbaycanda təxribatlar törətmək istəyən mərkəzlər var və mənim fikrimcə, bunlardan ən birincisi Ermənistandır. Ermənistanın müxtəlif qonşu ölkələrdə, o cümlədən İranda və Rusiyada müəyyən lobbi imkanları var. Biz dəfələrlə şahidi olmuşuq ki, hətta Rusiyada ermənilərə lobbiçilik edən bəzi məmurların atdığı addımlar Rusiyanın marağına ziddir. Onlar daha çox Ermənistanın marağına xidmət edirlər, nəinki Rusiyanın. Pula satılan və erməni lobbisinə işləyən adamlar yəqin ki, digər ölkələr də var. Ona görə də biz həmişə məsələnin kökünə getməliyik. Kimin hansı ərazidə bu təxribatları planlaşdırdığı sualına da cavab tapmalıyıq. Ancaq həmin ərazidə bu təxribatları planlaşdıran adamların öz dövlətinin, yoxsa erməni lobbisi ilə əlbir çalışdıqları sualına da cavab tapmalıyıq.
 
– İranın sanksiyaların yenidən tətbiqindən sonra əvvəlki sanksiyalar dövründə olduğu kimi indi də bölgədə Qərbin müttəfiqi adlandırdığı ölkələrə, o cümlədən Azərbaycana münasibətdə xoşagəlməz addımlar atacağı gözlənilirdi. Gəncə hadisələri ilə bu prosesə start verildiyini söyləyə bilərikmi?
 
– ABŞ-la İsrail bu ilin payızınadək, səhv etmirəmsə noyabradək bütün ölkələrı İranla əməkdaşlığa son qoymalarına dair vaxt verdiklərini artıq bəyan ediblər. Bura həm iqtisadi, həm də digər sahələr üzrə əməkdaşlıq daxildir.
 
Ona görə də dünya üzrə ekspertlər hesab edirlər ki, payızda həlledici qərarlar verilə bilər və ABŞ-la İsrail, həmçinin onların müttəfiqləri Səudiyyə Ərəbistanı və digər ölkələr İrana qarşı çox ciddi hərəkətlərə başlaya bilərlər. Təbii ki, bu ərəfədə bölgədə diqqəti yayındırmaq, müxtəlif çaxnaşalar yaratmaq üçün bu da bir motiv ola bilər. Xüsusən, nəzərə alsaq ki, həm erməni, həm də İran mətbuatı Azərbaycanı İsraillə sıx əməkdaşlıq etməkdə suçlayır.
 
Azərbaycanın İsrail və ABŞ-la regional təhlükəsilik məsələsində əməkdaşlıq etməsini və müttəfiq olmasını çox qabardırlar. Odur ki, belə bir motivin də olması istisna deyil.
 

Загрузка...
Загрузка...