Gənc aktyordan onu tənqid edənlərə SƏRT REAKSİYA

 
Bakı Bələdiyyə Teatrının aktyoru, son zamanlar serial və filmlərdə yaratdığı rollarla tanınan gənc aktyor Tural Əhməd sosial şəbəkədə haqqında yazılanlara sərt reaksiya verib.
 
Teleqraf.com xəbər verir ki, Kənan MM Türal Əhmədin türk aktyorla fotosunu sosial mediada paylaşıb. Fotoya gələn şərhlərdə Tural Əhmədin ünvanına tənqidi fikirlər və qeyri-etik ifadələr yer alıb:
 
“Dünən Kənan MM türk aktyoru ilə şəklimi paylaşmışdı. Aramızda olan tək fərqin onun lazım olduğu yerdə yaşadığını yazmışdı. Bizim bəzi insanlarımız İnstaqramda həmişəki kimi ağzına gələni yazmışdılar. Məni pisləyib onu məndən üstün tutdular. Bəli, mən danmıram. O, yaxşı aktyordu, yaxşı yox, əla aktyordu. O məndən yaraşıqlıdır, istedadda da məndən üstündür. Amma “Turalın Kıvanca çatmağına 1 əsr var” yazanlara, “bizim aktyorumuz nə gündədi” yazanlara, “bu aktyor həyatda quru danışır, o ki, qala filmdə” deyənlərə səslənirəm. Kiminsə kiməsə çatmağını heç kim deyə bilməz, bu istedadın, illərlə öz üzərində işləməyin bəhrəsindən irəli gəlir. "Bizim aktyorumuz nə gündədi" yazana deyirəm: Sizin aktyorunuz yaşadığı günün günündədir. Həyatda necə danışmağımı eşitməyənə, lakin "filmdə süni danışır" deyənə isə sadəcə, susuram. Susaraq onunla təbii danışaram. Bəli, mən "nə gündə" ola bilərəm. Türk aktyorunun üz sabunun qiyməti mənim ən bahalı paltarımın qiymətindədir bəlkə. Türk aktyorunun problemi elə yalnız sənətiylə bağlıdır, onu da imkanlarının sayəsində qaydasına salır. Biz isə kinoda da, səhnədə də problem içindəyik. Kinoda belə ev problemləri bizi rahat buraxmır. Türk aktyoru ən yüksək yerlərdə təhsil alır, ən güclü ustadlardan dərs alır, ən güclü peşəkarlarla iş görür. Biz isə... Türk aktyoru gününə ən azı 15000 Tl alır, mən isə o pulu bəlkə kariyeram ərzində almamışam. Mən simamla pul qazanıram, amma simama qulluq edə bilmirəm. Qazandığımı ailəmlə paylaşıram. Bəli, ona görə də mən dediyiniz kimi ola bilərəm. Bütün bunlar hamısı bir yana qalsın. Əgər türk aktyoru ilə müqayisədə mənə ağzınıza gələni yazmaqla azca da olsa, xoşbəxt olursuzsa, buyurun, yazın. Mənim ən böyük arzum bütün insanları xoşbəxt görmək olub. Əsas da Azərbaycan xalqını”.