​"Gəlinimi göndərdim Rusiyaya, qoy rus həkimləri..." - ŞOK SEÇİM

 
 
Bu günlərdə Moderator.az - da “Lənkəranda qorxunc olay - Həkim-qəssabdan ölkəni şoka salan doğuş əməliyyatı...” və “Lənkəran RMX-nin baş həkimi qəssab-həkimi müdafiə edir?” sərlövhəli iki yazı təqdim etmişdik. Hər iki yazı Lənkəran rayonunun Şürük kəndində mama-ginekoloq kimi fəaliyyət göstərən Sevil Əhmədova adlı həkimin törətdiyi “əməllərdən” geniş bəhs etmişdik.
 
Bildirmişdik ki, Sevil Əhmədova evində qanunsuz şəkildə Ultrasəs Müayinəsi (UZİ) aparatı işlədən qızı Nuranə Axundovayla əlbir olub Şürük kənd bələdiyyə sədrinin həyat yoldaşını və övladını şikəst qoyub və hazırda iş məhkəmədədir. İşin məhkəmədə olmasına baxmayaraq Sevil Əhmədova mama-ginekoloq fəaliyyətini davam etdirir və ötən ayın 15-də həyata keçirdiyi doğuş zamanı 14 ildən sonra dünyaya gələcək körpə həkimin əlində ölüb.
 
Xəstənin yaxınları iddia edirdi ki, uşaq həddindən artıq böyük olub, ancaq Sevil Əhmədova ananın qeysəriyyə əməliyyatı olnmasına lüzum görməyib. Doğuş zamanı isə uşağın boynunu sındıraraq öldürüb.
 
Yazını bu linkdən oxuya bilərsiniz: moderator.az/news/159756.html
 
Növbəti yazımızda isə Lənkəran Rayon Mərkəzi Xəstəxananın baş həkimindən hadisə ilə bağlı açıqlama almışdıq. Ancaq baş həkim nədənsə uşağın ailəsinin dediklərini inkar edib, həkim Sevil Əhmədovanı müdafiə etmişdi və bildirmişdi ki, uşaq ölü doğulub.
 
Həmin yazı ilə isə bu linkdən tanış ola bilərsiniz: moderator.az/news/159942.html
 
Hər iki yazıda hadisəni diqqətdə saxlayacağımızı, ekspertizanın rəyinin və prokurorluğun araşdırmasının nəticələrini də təqdim edəcəyimizi bildirmişdik.
 
Bu arada Moderator.az-a Lənkəran rayonundan başqa bir müraciət daxil olub. İmanov Səyasət müraciətində bir il bundan qabaq dünyaya gələcək nəvəsinin Lənkəran rayonu Şürük kəndinin mama-ginekoloqu Sevil Əhmədovanın səhlənkarlığı ucbatından öldüyünü bildirir.
 
“Hörmətli Moderator.az saytı, sizə Lənkəran rayonu Şürük kəndindən yazıram. Bildirmək istəyirəm ki, düz bir il bundan qabaq birinci övladını dünyaya gətirməyə hazırlaşan gəlinim Cəfərzadə Nazənini şiddətli ağrıyla Şürük kənd xəstəxanasına apardıq. Həkim Sevil Əhmədova gəlində heç nəyin olmadığını bildirib dedi ki, gəlini götürüb evə aparın. Həkimə təklif etdik ki, gəlinim xəstəxanada həkim nəzarətində qalsın, ancaq o, buna razılaşmadı. Məcbur qalıb gəlini evə qaytardıq. İki gündən sonra, dekabrın 4-də gəlinimi yenə dözülməz ağrılar tutdu və yenidən xəstəxanaya apardıq. Gördük ki, Sevil Əhmədova təzəcə doğuş tutub, artıq evə getməyə hazırlaşır. Bizə dedi ki, mən evə gedirəm, bir-iki saat istirahət edim, sonra gəlib sizin gəlinə baxaram. Sevil Əhmədova evinə getdi, biz isə xəstəxanada qaldıq. Bir neçə saatdan sonra gəlinin vəziyyəti ağırlaşdı, özüm durub getdim Sevil Əhmədovanın evinə. Səhərə yaxın onu götürüb gətirdim xəstəxanaya, gələndən sonra gəlinimi azad etdi, uşaq dünyaya gəldi. Ancaq uşağın nəfəsi çatmırdı, ciyərləri su ilə dolmuşdu. Uşağı iki gün Şürük xəstəxanasında saxladıqdan sonra bizi şəhərə xəstəxanaya göndərdilər. İki gün də şəhərdə xəstəxanada qaldı, müalicə olundu, ancaq nəvəmi xilas etmək mümkün olmadı, körpəni itirdik.
 
Nəvəmi itirməkdən çox məni həkimlərin səhlənkarlığı, məsuliyyətsizliyi yandırdı. O gecə Sevil Əhmədovanın göstərdiyi məsuliyyətsizlik, daha sonra Şürük xəstəxanasının baş həkiminin laqeyd münasibəti, ondan sonra rayon xəstəxanasının baş həkiminin dedikləri mənə çox pis təsir elədi. Baş həkimin müavini mənə dedi ki, sənin uşağını küçədə tutub öldürməyiblər ki, hadisədir də, olan işdi, uşaq da ölər, gəlin də ölər. Mənlə elə danışırdı ki, sanki ölən insan yox, bir cücədi onlar üçün. Bundan hiddətlənib müxtəlif yerlərə şikayət elədim, Səhiyyə Nazirliyinə, bir necə başqa yerlərə yazdım. Ancaq təəssüflər olsun ki, heç bir nəticəsi olmadı, gördüm ki, haqsızlıq baş alıb gedir, hamısı bir-birini müdafiə edir. Onun pulu var deyə nazirlik də onu müdafiə edir, biz kasıb adamlarıq deyə belə də ölməliyik.
 
Bundan sonra əlimi hər yerdən üzüb yerimdə oturdum, dedim ki, kasıbın da Allahı var, bir dəfə veribsə, inşaallah yenə də verər. Sonra şükür olsun Allahın rəhminə, gəlinim yenidən hamilə qaldı, ancaq bu dəfə onu nə Sevil Əhmədovaya, nə də başqa bir Azərbaycanlı həkimə ümid etməyəcəm. Gəlinimi göndərdim Rusiyaya, qoy orada rus həkimləri nəvəmi dünyaya gətirsin, elə Rusiyanın da vətəndaşı olsun. Burada qalsa yenə də öldürəcəklər nəvəmi.
 
İndi bunu sizə yazmaqla istəyirəm biləsiniz ki, bu həkimlərin törətdiyi cinayətlərin sayı bir deyil, beş deyil. Axtarsanız görərsiniz ki,  bizim kimilər çoxdur hələ. Ancaq nə səsimizi eşidən var, nə də bunlara bir dur deyən. Nə qədər ki, pulları var, istədiklərini edəcəklər, qarşılığında da onlara gözün üstdə qaşın var deyən belə tapılmayacaq.
 
Yazdıqlarımı saytınızda yayımlasanız da sağ olun, yayımlamasanız da”.
 
Movzunu diqqətdə saxlayacağıq və ümid edirik ki, Respublika Prokurorluğu şikayət məktubunda qeyd edilən məqamların araşdırılması və müvafiq ölçü götürülməsi üçün Lənkəran Rayon Prokurorluğuna göstəriş verəcək. Eyni zamanda qarşı tərəfə də cavab haqqı tanıdığımızı bəyan edirik və mövqelərini işıqlandırmağa hazırıq.

Загрузка...
Загрузка...