GİZLİ RAZILAŞMA: Bu güclər o ölkələri bölüşdürür

 
“Məqsəd Mosulun İŞİD-dən təmizlənməsi yox, Yaxın Şərqin yeni xəritəsini çəkməkdir”.
 
Publika.az xəbər verir ki, bu barədə “Star” qəzetinin köşə yazarı Ahmet Kekeç bildirib.
 
Yazar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş şefi Con Brennanın İraqın bölünəcəyini hələ əvvəldən xəbər verdiyinə diqqət çəkib.
 
C.Brennan Amerika mediasına müsahibəsində bildirmişdi ki, Suriya və İraqın ərazi bütövlüyünü qorumaq mümkünsüz görünür.
 
“Etnik və məzhəb qarşıdurması hər iki ölkəyə zərər verir. Yaxın dövrdə hər iki ölkədə muxtar vilayətlər yarana bilər”, - Amerika kəşfiyyat şefi belə qeyd etmişdi.
 
Ahmet Kekeçə görə, Brennanın dediyi “yaxın dövr” gəlib çatıb.
 
“İki il öncə heç bir güllə atmadan Mosulu İŞİD-ə təslim etdilər. Bunu ABŞ-ın kuklası olan İraq mərkəzi hökuməti etdi. Rəsmi Bağdadın nümayəndələri sonradan bunu etiraf etdilər də. Görünür, koalisiya gücləri İŞİD-in böyüməsi və dünyada ən vəhşi terror təşkilatı səviyyəsinə qalxmasına qədər gözlədilər. Bu müddətdə Mosulun İŞİD-in əlində olmasına da göz yumdular. İndi Mosulu yenidən alırlar. Burada əsas məqsəd Mosulu xilas etmək yox, İraqı bölməkdir”, - deyə o bildirib.
 
Türkiyəli yazar qeyd edib ki, Amerika və İran gizli şəkildə razılıq əldə edib və bu razılıq əsasında İraq parçalanacaq.
 
Qeyd edək ki, İran Suriyada Rusiya ilə birgə hərəkət edir və iddialara görə, Suriyanın bölünməsi ilə bağlı Rusiya ilə razılıq əldə etdiyinə dair iddialar var.