General Aydəmirov: “Ermənistanı fəlakət gözləyir” - MÜSAHİBƏ

 
General-leytenant Yaşar Aydəmirov Teleqraf.com-un suallarını cavablandırıb.
 
- Son vaxtlar belə fikirlər irəli sürülürdü ki, aprel döyüşlərində döyüşçülərimiz hərb meydanında əlindən gələni etdi, indi meydan diplomatiyanındır. Ancaq 6 ay boyunca aparılan danışıqlar göstərdi ki, Ermənistan sülhdən yayınır, konkret iradə ortaya qoymur. Bu səbəbdən cəbhə xəttində yenidən gərginlik olacağı istisna olunmur. Sizin mövqeyiniz necədir?   
- Azərbaycan Ordusunun xırda bölmələrinin aprel ayındakı böyük qələbəsi erməniləri möhkəm sarsıtdı. Nəticədə həmin döyüşlərdən 2-3 gün keçəndən sonra Ermənistanın yüksək vəzifəli zabitləri, polkovnik və generalları ordudan azad olundu. Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini vəzifədən kənarlaşdırıldı, deməli təminatda problemlər yaranmışdı. Rabitə xidmətlərinin rəisi ordudan qovuldu, çünki rabitə sistemi Azərbaycan Ordusu tərəfindən susdurulmuşdu. Baş Qərargahın kəşfiyyat idarəsinin rəisini işdən çıxardılar. Ermənilərin kəşfiyyat-diversiya qrupları nə ön xətdə təxribat edə bildilər, nə də dərinliyə girdilər. Bu yaxınlarda dərin analizlərdən sonra ordunun bütün rəhbər heyəti - müdafiə naziri və baş qərargah rəisini çıxarıb, əvəzinə mülki şəxsləri gətirdilər. Sözsüz ki, onları idarə edən Qarabağ klanıdır. Qarabağ klanının bir hissəsi heç ermənilər deyil, bəziləri İrandan köçürülənlər, digər hissəsi müsəlmanlığı qəbul etməyən qədim albanlardır. Aprel döyüşlərindəki zərbə onlara çox böyük təsir elədi. Ermənistan rəhbərliyinin özünə qalsa, sözsüz, onlar Qarabağdan çıxacaqdılar. Ancaq onları idarə edən qüvvələr, iri dövlətlər var. Aprel döyüşlərinin davam etməməsinin səbəbini Ali Baş Komandan çıxışında açıq şəkildə bildirdi. Dövlət başçısı qeyd elədi ki, iri dövlətlər Azərbaycanı müharibə etməyə qoymur. Niyə NATO dövlətləri Xorvatiyaya icazə verdi ki, öz taleyini 1 ay ərzində həll etsin? Hamı bilir ki, Azərbaycan öz müqəddəratını həll etmək iqtidarındadır, ermənilərin müqəddəratına “x” işarəsi qoyacağıq. Ona görə də heç kəsə sərf eləmir ki, müharibəyə başlayaq.
 
- Azərbaycan prezidenti Nazirlər Kabinetinin son toplantısında da dedi ki, ümumi çıxışlarda bir tezis irəli sürülsə də, bağlı qapılar arxasında başqa danışıqlar gedir, təzyiqlər göstərilir...
- Bəli, bunu heç vaxt dilə gətirməmişdi. Hamı soruşurdu ki, niyə ordumuz dayandı, irəli gedə bilərdi axı. Sözsüz ki, Azərbaycan Ordusuna komanda verilsə, əyləci çox zəifdir. Sual edirlər ki, ordu dövlət sərhəddindən nə qədər vaxta çıxa bilər? Əminəm ki, bir neçə iri yaşayış məntəqəsi, rayon işğaldan azad olunandan sonra ordumuz kolon şəkildə düzlənəcək və 5-6 istiqamətdə dövlət sərhəddindən çıxacaq. Bunu pafos üçün demirəm. Böyük dövlətlər Azərbaycan Ordusunu çox yaxşı analiz edir, bilirlər ki, Ermənistanı fəlakət gözləyir. Azərbaycan Ordusu professional ordudur, dünyanın çox dövlətlərində olmayan iri və kiçik miqyaslı təlimlər keçirir. Buna çox dövlət qadir deyil. Ermənistan bir neçə iri təlimlər keçirib, amma kütləvi şəkildə raketlərdən, artilleriya sistemindən istifadə etməyib. Çünki bu, maliyyə tələb edir, bir mərminin qiyməti yüzlərlə dollarla ölçülür. Ancaq Azərbaycan ordusu müntəzəm olaraq təlimlər keçirir. Azərbaycan ordusunun döyüş təminatını həyata keçirən tank, top, raket komandirləri, top sürücü mexaniki, raketin əsas heyət üzvləri hamısı MAXE-lərdir. Onlar döyüş texnikasının texniki taktiki göstəricilərini, onlarla davranma qaydalarını yaxşı bilirlər.
 
- Cəbhədə yenə apreldəki kimi analoji döyüşlər gözlənilir?
- Ermənilər cəbhədə sistematik halda gərginlik yaradacaqlar. Qoy yaratsınlar, nə qədər çox gərginlik yaranacaqsa, onlar bizə bəhanə verəcəklər.
 
- Yeri gəlmişkən Ermənistanın ordu rəhbərliyinə döyüş təcrübəsi olmayan şəxslər gətirildi, Silahlı Qüvvələrə Serj Sarkisyan özü şəxsən nəzarət edəcək. Onların taktikalarının məqsədi nədir?
- Müdafiə Nazirliyinə mülki şəxs qoyublar, sadəcə təminat məsələsinə baxacaq. Ermənistan Ordusunda o qədər oğurluq halları var ki, ən yaxın adamını gətirib müdafiə naziri qoydu. Baş qərargah rəisini çıxardı ki, sən köhnənin generalısan, Azərbaycanın 2-3 taboru həmləyə keçən kimi 2 gün ərzində bizi darmadığın etdi, bəs sən nə yaratmışdın, hanı sənin müdafiə sistemlərin, bölüklərin döyüş qabiliyyəti? Azərbaycan Ordusu müxtəlif istiqamətlərdə həmləyə keçdi və nəticədə ermənilərdə müdafiə sistemi çat verdi. Panika təkcə mülki şəxslər arasında yaranmamışdı, hərbçilər də panikaya düşmüşdü.
 
- Azərbaycan Ermənistanın son günlər geniş müzakirələrə səbəb olan “İsgəndər” raketlərini zərərsizləşdirmək gücünə malikdir?
- Hava hücumundan müdafiə sistemi elə bağlı mövzudur ki, onu heç nə ilə açıqlaya bilmərəm. Düşmənin yaxın, orta və uzaq məsafələrdə hava hədəfini məhv edən qurğularımız var. Onları dünyanın elit hərbi sənaye kompleksləri ilə əməkdaşlıq nəticəsində əldə etmişik. Çox dövlətlərdə Müdafiə Sənayesi Nazirliyi yoxdur, bizdə isə illərdir fəaliyyət göstərir. Sadəcə, onlar sensasiya yaradırlar. Ermənilərin “Komandos” ləqəbli generalı çıxış etmişdi ki, bizdə elə gizli silah var ki, onunla Azərbaycanı sarsıdacağıq. O hansı silahdır? Açıqlaya bilmədilər. Dedilər, bizdə güclü uçuş aparatları var. Azərbaycan sizin uçuş aparatlarınızı endirdi. Elə uçuş aparatlarından Azərbaycanda orta məktəb şagirdlərindən hərəsi 50-sini düzəldər. "Sədərək" bazarından alıb mühərrik əlavə edib yaratmağa nə var ki? Pilotsuz uçuş aparatını dünyada 3-4 dövlət istehsal edə bilir. Ən yüksək texnologiyaya malik ölkələrdən biri ilə biz əməkdaşlıq edirik. Ali Baş Komandan sürpriz elədi ki, baxın uçan, ağıllı idarə olunan mərmi belə olar. Bizim jurnalistlər ermənilərin şousuna inanmasınlar. 50 dəfə “İsgəndər” raketindən sual verirlər. Raket topun mərmisindən bir az güclüdür, o, atom silahının başlığına malik deyil, nə ajiotaj yaradırsınız? Məndən açıq soruşurlar ki, filan sistemimiz varmı? Cavab verirəm ki, hərbi sirr deyilən şey var, bunu Ali Baş Komandan, müdafiə naziri və baş qərargah rəisinin açıqlamağa səlahiyyəti var. Paradda hər şeyi göstərmirlər axı.