Gecə Bakıda azan tələbə qızın dramı...

17 yaşlı qız rəfiqələri ilə birlikdə şəhərə gəzməyə çıxmışdır.
 
 
Bakı Ağır Cinayətlər Məhkəməsində Fizuli rayon sakini, 1990-cı il təvəllüdlü Ədalət Yusif oğlu Quliyevin məhkəmə istintaqı yekunlaşıb.
 
Turaninfo.az WSEMIR.COM-a istinadən xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Ədalət Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
 
Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan 1997-ci il təvəllüdlü Almaz Süleymanovaya (ad və soyad dəyişdirilib-red.) qarşı əxlaqsız hərəkətlər etdiyinə görə saxlanılmış və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
 
İstintaq yolu ilə müəyyən edilib ki, Ədalət Quliyev əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
 
Ə.Quliyev məhkumluğu ödənilmədiyi halda ötən il sentyabr ayının 18-də gecə saat 04:00 radələrində taksi ilə Yasamal rayonu, Nərimanov prospekti ilə hərəkətdə olarkən bir qız - A.Süleymanova özünü avtomaşının qarşısına atıb. Döyüldüyünü və zorlandığını deyən A.Süleymanova Ədalət Quliyevdən onu yaşadığı Ramana qəsəbəsinə aparmalarını xahiş edib. Qıza adının Elşən olduğunu deyən Ədalət onu özünün yaşadığı Azərbaycan Texniki Universitetinin yataqxanasına apararaq ağzına lent yapışdırıb, əllərini və ayaqlarını iplə bağlayaraq ona qarşı əxlaqsız hərəkətlər edib.
 
İstintaq zamanı müəyyən olunub ki, Ə.Quliyev 2013-cü il, dekabr ayının 22-də qonşuluqda yaşayan tanışı Tural Əkbərliyə qarşı dələduzluq edib, bu il fevral ayının 26-da isə yaşadığı yataqxananın həyətində sərxoş halda Nicat Abbasovla mübahisə edərək ona əvvəlcə yumruqla, sonra isə bıçaqla xəsarət yetirib.
 
Təqsirləndirilən şəxs qismində dindirilən Ədalət Quliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində zərərçəkmiş A.Süleymanovaya qarşı heç bir əxlaqsızlıq hərəkətə yol vermədiyini göstərib: “Gecə saat 3 radələri idi. Dostum Kərimin idarə etdiyi taksi ilə gedərkən bir qız özünü maşının qabağına atdı, ağladı, onu döydüklərini, təcavüz etdiklərini dedi, əl-üzünü yumaq üçün su tapmağı xahiş etdi. Onu maşına otuzdurub yataqxanaya gətirdim, üst-başını yuyub təmizlədi. Sonra isə yenidən yataqxananın həyətinə düşdü, kiməsə zəng vurub olduğu yer barədə məlumat verdi. Mən bu adamı döyməmişəm, ona xəsarət yetirməmişəm, ona yalnız kömək etmək istəmişəm”.
 
Təqsirləndirilən şəxs daha sonra ifadəsində qonşusu Turala qarşı törətdiyi dələduzluqdan söhbət açıb: “Turalı yataqxananın həyətində görüb ona yaxınlaşdım, zəng vurmaq üçün telefonunu istədim. Tural da “Blaskberry” markalı mobil telefonunu mənə verdi. Bir-iki yerə zəng vurub danışdım, mobil telefona ehtiyacım olduğundan və Turalın başının qarşdığından istifadə edib oradan uzaqlaşdım. Həmin gecə Tural bir neçə dəfə mənə zəng vurdu, ona bir azdan yataqxanaya qayıdacağımı dedim. Telefon söndüyündən onu evdə qoydum. Növbəti gün polis işçiləri məni tapmasınlar deyə bir neçə gün evə gəlmədim. Mən evə gələndə anam artıq telefonu Turala qaytarmışdı”.
 
Ə.Quliyev ifadəsində sərxoş vəziyyətdə qonşusu Nicatla mübahisə etdiyini və onu bıçaqla vurduğunu etiraf edib.
 
Zərərçəkmiş A.Süleymanova ifadəsində ötən il peşə kollecinə qəbul olunduğunu, cəmisi bircə gün dərsə getdiyini göstərib. Dərsdən sonra qızlarla birlikdə şəhərə gəzməyə çıxan zərərçəkmiş yolu tanımadığından azaraq küçədə qalıb.
 
A.Süleymanova deyib ki, ailə üzvləri ilə telefonla əlaqə saxlayaraq evə hansı marşrutla gələ biləcəyini soruşub. Amma evə qayıda bilməyən yeniyetmə tanımadığı şəxslərin təcavüzünə məruz qalıb.