​Fəzail Ağamalı: “Qərb terror aktları ilə Türkiyəni cəzalandırmaq istəyir”

 
“Şübhəsiz ki, bu terror aktı Türkiyə üçün ağır faciədir. Çox təəssüf ki, bu cür terror aktları nəticəsində qardaş ölkədə günahsız insanlar həyatlarını itirirlər, şikəst olurlar. Bu terror aktı lənətlənməli hadisədir. Mən buradan Türkiyə vətəndaşlarına və dövlətinə başsağlığı verirəm, dünyasını dəyişənlərin yaxınlarına isə Allahdan səbir diləyirəm. Xəsarət alanlara da Allahdan şəfa diləyirəm”.
Publika.az xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı söyləyib:
Deputat qeyd edib ki, terrorun arxasında dayanan qüvvələr Türkiyəni yolundan döndərə bilməyəcək:
“Əminəm ki, bu cür metodlarla məkrli dairələr Türkiyəni özlərinə tabe etdirə bilməyək. Çünki Türkiyə xeyli müddətdir ki, öz müstəqil siyasəti ilə diqqəti cəlb edir. Türkiyənin regionda və dünyada nüfuzunun güclənməsi və söz sahibi olması Qərbdəki dairələri ciddi narahat etməyə başlayıb. Bilirsiz ki, Türkiyədə bu il iyulun 15-də dövlət çevrilişinə cəhd olub. Türkiyə xalqı isə öz dövləti və prezidenti ilə bərabərlik nümayiş etdirib, bu qiyamın qarşısını aldı. Daha sonra Türkiyənin ayrı-ayrı şəhərlərində terror aktları törədildi. Hesab edirəm ki, ötən gün törədilən terror aktı da yeni dalğanın davamıdır. Artıq Türkiyə Qərblə tam vidalaşmaq üzrədir. Bunun da obyektiv səbəbləri var. Çünki Türkiyə Qərbin ikili standartlarından bezib. Ona görə də Türkiyədə oturuşmuş dövlət kimi öz maraqlarını əsas götürərək, Qərbin avantürasına tabe olmaz istəmir”.
F.Ağamalı vurğulayıb ki, Türkiyə Qərbin təsir dairəsində olmaq istəyən dövlət deyil:
“Təbii ki, son vaxtlar Türkiyə-Rusiya münasibətlərinin inkişaf etdirilməsi üçün atılan addımlar, iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərlər və son vaxtlar prezident Rəcəb Tayyib Ərdoğanın dollardan imtina etməklə bağlı çağırışları və milli valyutadan istifadə etmək siyasəti Qərbi ciddi şəkildə narahat edir. Ancaq Türkiyə sıradan bir ölkə deyil. Çünki Türkiyənin dollardan imtina etmək çağırışı dünyanın maliyyə sistemində yeni vəziyyət yarada bilər. Bu sistemə Rusiyanın, İranın və Çinin də qoşulması dünyadakı maliyyə sistemi ilə bağlı vəziyyəti dəyişə bilər. Təbii ki, bütün bunların da əsas təşəbbüskarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun qurduğu hökumətdir. Qərbin bəzi dairələri isə bütün bunlara görə Türkiyəni cəzalandırmaq üçün müxtəlif terror aktları hazırlayırlar. Türkiyəni öz müstəqil siyasətindən və yolundan döndərməyə çalışırlar. Bu terror aktının arxasında ABŞ-ın təsiri altında olan kürd separatçıları və İŞİD terrorçuları ola bilər. Ancaq istənilən halda bu cür terror aktları ilə Türkiyəni öz yolundan döndərmək mümkün olmayacaq. Nəticədə isə hər zaman olduğu kimi, bu dəfə də Türkiyə xalqı öz iradəsinə sahib çıxaraq. Bunun nəticəsində isə Türkiyə dünyanın aparıcı dövlətlərindən biri olaraq öz yolunu davam etdirəcək”.

Загрузка...
Загрузка...