Əfv müjdəsi təsdiqləndi: Prezident İnsanovu və daha kimləri sevindirəcək? - ÖZƏL

 
 
“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə əfv sərəncamının veriləcəyi istisna edilmir. Hər il olduğu kimi bu ilin sonunda da cənab prezident tərəfindən əfv sərəncamının imzalanması gözlənilir”.
 
Politika.Az xəbər verir ki, bu sözləri prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib.
 
Komissiya üzvü bildirib ki, ölkə başçısının bu ildə öz səlahiyyətlərindən istifadə edərək bir qrup məhkumu sevindirəcəyi istisna deyil.
 
"Bir qayda olaraq Azərbaycan prezidenti öz müstəsna səlahiyyətlərindən istifadə edərək, əfv sərəncamları imzalayır. Bu qərarların verilməsi cənab prezidentin səlahiyyətinə aid olduğu üçün növbəti əfv sərəncamının neçə nəfərə şamil olunacağı haqda danışa bilmərəm.
 
İndiyə qədərki praktikada hər il bir qayda olaraq 31 dekabr günü əfv sərəncamları olub və yüzlərlə məhkum öz ailələrinə qovuşub”.
 
Bir həftə əvvəl bayramda əfv olacağı xəbərini vermişdik. Əldə etdiyimiz xəbərdə deyilirdi ki, prezidentin fərmanı ilə yüzlərlə dustağın bayramda ailəsinə qovuşacağı ehtimalı var. Məhkumlar arasında tanınmışların da olacağı istisna edilmir.
 
Hüquq müdafiəçilərinin Əfv Komissiyasına təqdim etdiyi siyahıda NİDA üzvü İlkin Rüstəmzadə, REAL sədri İlqar Məmmədov, AXCP sədrinin müavini Seymur Həzi, müşaviri Məmməd İbrahim və nəhayət, sabiq səhiyyət naziri Əli İnsanovun adı keçir.
 
Məlumatlı qaynağımız qeyd edir ki, bu siyahı üzrə eks-nazirin şansının daha yüksək olduğu bildirilir. İddialara görə, Ə.İnsanovla siyasi hakimiyyət arasında bir centlemen sazişi bağlanıb.
 
Bu anlaşmanın əsas müddəası ondan ibarətdir ki, keçmiş nazir əfvə imza ataraq azadlığa çıxacaq və Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək. İlkin razılaşmaya görə onun barəsində açılan yeni cinayət işinə xitam verilir və ev dustağı kimi azad olunur.
 
Politika.Az-a daxil olan məlumatda deyilirdi ki, sabiq nazirin vəkili Toğrul Babayevin də məsələdən xəbəri var. Vəkil müvəkkili ilə görüşdə bu məsələni müzakirə ediblər.
 
Eks-nazir vəkilinə mediayay açıqlama verməməyi və artıq tərəflər arasında anlaşma olduğunu bildirib. Buna görə də İnsanov açılan yeni cinayət işinin istintaqı dövründə susmağa üstünlük verib.
 
Bu da dekabrda gözlənilən əfvlə bağlı olduğu iddia edilir. Qeyd edək ki, İnsanova 3 maddə ilə ittiham irəli sürülüb.
 
Maddələr bunlardır: 234.1 (narkotik və ya psixotrop maddələr saxlama), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317 (Cəzçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma).

Загрузка...
Загрузка...