Fuad Qəhrəmanlının vəsatətləri təmin edilməyib

Nardaran hadisələrində dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs edilən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının Baş Prokuror yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verdiyi iki vəsatət təmin edilməyib.
Bu barədə Trend-ə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Vəkil bildirib ki, vəsatətlər istintaqın yekunlaşması və F.Qəhrəmanlının mobil telefonu və şəxsi komputerinin ailəsinə qaytarılması ilə bağlıdır: "Biz Fuad Qəhrəmanlının barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilməsi və o həbs edilən vaxt evindən götürülən komputer və şəxsi mobil telefonunun ailəsinə qaytarılması barədə vəsatət vermişdik. İstintaq isə vəsatətləri məqbul saymayıb və rədd edib. Rədd qərarından Baş Prokurorluğa və aidiyyəti məhkəmə orqanına şükayət veriləcək".
F.Qəhrəmanlının səhhəti və saxlanma şəraitindən narazılığının olmadığını deyən vəkil bildirib ki, müvəkkili özünü normal hiss edir.
Qeyd edək ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.