Fətullahçıların Azərbaycandakı biznes şəbəkəsi – SİYAHI

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin ardınca Fətullah Gülən şəbəkəsinin Azərbaycandakı biznes şəbəkəsinə daxil olan bir sıra şirkətlərin adları yayılıb.
 
Həmin şirkətlər barədə bundan əvvəl də fətullahçı şəbəkə barədə məlumatları, məktubları yayan axar.az portalı yazıb. Xatırladaq ki, Ərdoğanın Bakıya səfərinin əsas məqsədlərindən biri fətullahçıların Azərbaycandakı şəbəkəsinin dağıdılmasına dair razılıq əldə etmək olub. Türkiyənin baş naziri Azərbaycanın biznes və hakimiyyət strukturlarında özlərinə yer etmiş fətullahçıların siyahısını prezident İlham Əliyevə verdiyi bildirilir.
Məlumata görə Bakıda və Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən və türk iş adamlarına aid olan böyük şirkətlərin əksəriyyəti "Gülən camaatı”na aiddir. İri iş adamları ilə yanaşı, qida sektorunda çalışan türklərin böyük bir qismi də məhz nurçularla əlaqəli şəxslərdir.
Azərbaycan iş adamları arasında da nurçu olmayan, amma nurçularla əlaqəli çalışan kifayət qədər biznesmen var. Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən onlarla iri şirkət isə Azərbaycan nazirliklərinin on milyon manatlarla layihələrini həyata keçirib.(virtualaz)
Azərbaycanda fəaliyyət göstərən və nurçularla əlaqəli olduğu iddia edilən şirkətlər və iqtisadi qurumlar əsasən iki təşkilatda birləşir.
1. TÜSİAB – Türkiyə Sənayeçi və İş adamları Birliyi
 
Nurçuların Azərbaycandakı əsas iqtisadi qurumu kimi təqdim edilir. 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən qurumda 230-dan artıq türk şirkəti birləşir. Bu şirkətlərin bir çoxu Azərbaycan şirkətləri ilə şərikli fəaliyyət göstərsələr də, böyük əksəriyyəti Türkiyə şirkətləri olaraq ölkəmizdə qeydiyyatdan keçiblər. Bunlar əsasən sənaye və emal, telekomunikasiya, inşaat və təmir, mətbuat, tekstil, təhsil, səhiyyə, bank sektoru və sığorta, rabitə, avtomobil, neft sektorları kimi sahələri əhatə edir.
Bu şirkətlərin Azərbaycandakı sərmayəsi isə 3 milyard dollara yaxındır. Şirkətlərdə hazırda 30 mindən artıq işçi çalışır və bunların böyük əksəriyyəti, xüsusən də idarəetmə orqanlarında çalışanlar Türkiyə türklərdir.
 
2. ATİB – Azərbaycan Türkiyə İş adamları Birliyi
 
2002-ci ildə Türk İş Adamları Dərnəyi (TİAD) olaraq təsis olunub. TİAD-ın 17 aprel 2004-cü ildə keçirilmiş Ümumi Yığıncağında təşkilatın adı dəyişdirilib və ATİB adlandırılıb. Hazırda 100-ə yaxın üzvü var.
Əsasən qeyri-neft sektorunda fəaliyyət gösərirlər. Bu şirkətlərdə 50 min nəfərdən artıq insan çalışır. TÜSİAB-da olduğu kimi, burda da çalışanların böyük əksəriyyəti Türkiyədən gəlmədir.
ATİB üzvlərinin Azərbaycanda 3 milyarddan artıq sərmayəsi var.
İnşaat sektorundakı nurçu şirkətlər hansıdır?
"Gülən hərəkatı”na bağlı olduğu iddia edilən biznes şəbəkəsi Bakıda və digər bölgələrdə inşaat sektorunda çox güclü faliyyət göstərirlər. Bunlardan başda gələn "ARAL Group”dur.
Bu şirkət 1991-ci ildə Türkiyədə Əhməd Çətin tərəfindən təsis edilib. "ARAL Group” inşaat-podratçılıq və idxal-ixrac sahəsində xidmət göstərir. Şirkət yüksək mərtəbəli ofis, yaşayış və müxtəlif məqsədli binaların tikintisini həyata keçirir.
 
2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Ölkəmizin tikinti sektoruna 400 milyona yaxın sərmayə qoyub.
"ARAL Group” şirkətlər qrupuna "Falez MMC”, "İnkom MMC”, Elif MTK”, "Yusuf MTK”, "Esra Plaza”, "Babək MTK” kimi şirkətlər daxildir.
 
"OMİD” inşaat və tikinti materialları şirkəti də bu şəbəkədə önəmli şirkətlərdəndir.
FAB boyaları, həmçinin mərkəzi ofisi İzmirdə yerləşən «Cengiz Holdinq»ə aid «Cengiz İnşaat» Azərbaycanda ciddi layihələr həyata keçirir.
"Sıpat Beton”, o cümlədən Nəqliyyat Nazirliyinin böyük layihələrində yer alan "Polat Yol Yapı” şirkəti şəbəkəyə aid edilir.
Nurçular təhsil sektorunda
Nurçuların təhsil sektorunda fəaliyyətini xüsusi vurğulamağa ehtiyac yoxdur, çünki bu barədə media kifayət qədər məlumat verib. Hazırda Azərbaycanda ən reytinqli universitetlər, liseylər və təhsil kursları onlara aiddir.
 
"Damla LTD” tərəfindən idarə olunan tələbə yurdları da nurçuların əsas beyinyuma mərkəzlərindən biri hesab olunur. Təsadüfi deyil ki, bu tələbə yataqxanalarına və yurdlara ancaq məktəbi yeni bitirmiş və universitetin birinci kursunda oxuyan tələbələri qəbul edirlər. Çünki yuxarı kurs tələbələrinin nurçular haqqında məlumatları ola bilər və elə olduqda onları qazanmaq və nurçu etmək çətinləşir.
Qida sektoru
Qida sektorunda da nurçu şəbəkənin ciddi payları var. Paytaxtın ən məşhur və elit restoranı sayılan "MADO” şəbəkəsi də bu setə aid edilir.
Əzcaçılıq sektoru
Bakının ən məşhur apteklər şəbəkəsi olan "AVİS Apteklər” bu sahədə böyük dövriyyəyə malik qurumdur.Təxmini hesablamalara görə, ölkəmizdə qeyri-neft sektoruna yatırım qoyan xarici şirkətlər sırasında nurçulara bağlı qurumların payı 10 milyard dollarla ölçülür.
 
İddia olunur ki, iqtisadi sahələrə bu qədər nüfuz etmiş nurçuların siyasi vəzifələrdən sürətlə təmizlənməsi Azərbaycanda stabil iqtisadi vəziyyətə mənfi təsir edə bilər. Çünki şəbəkədə 100 mindən artıq işçi çalışır və sıravi işçilərin böyük əksəriyyəti azərbaycanlılardır.