FTB əməkdaşları məni izləyirlər... - Böyük yazıçı

Baxış sayı: 
164

Nobel mükafatı laureatı amerikalı yazıçı Ernest Heminquey roman və hekayələrilə yanaşı, macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır, xatırlanır. O, 1899-cu ildə Çikaqo yaхınlığındakı Ouk-Park şəhərciyində anadan olub. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim olub.
 
18 yaşında bir qəzetdə işləməyə başlayan Ernest daha çox gecə həyatı yaşayan gənclərin toplaşdığı tunellərdən reportajlar hazırlayırdı. Qatillərlə, narkotik alverçiləri, oğrularla ünsiyyətdə olurdu. Sonralar Ernest həmin insanları, onların mimikalarını və psixoloji durumlarını ədəbiyyata daşıdı.
 
O, 1918-ci ildə könüllü şəkildə hərbi xidmətə getdi. Burada onun ilk işi bombardman olunmuş silah-sursat zavodunun həyətini təmizləmək idi. Daha sonra Ernestə ön cəbhədəki səngərlərə ərzaq daşımaq tapşırığı verildi. Güllə yağışı altda, amma həvəslə, qətiyyətlə bu işin öhdəsindən gəlirdi.
 
1918-ci ildə Ernest yaralandı: onun bədənindən 26 minaatan qəlpəsi çıxarıldı. Həmin hadisədən sonra sağ qalmaq, doğrudan da möcüzə idi. Olaydan sonra onun diz qapağı alüminium protezlə əvəzləndi.
 
Ernest 1921-ci ildə Hedli Riçardsonla evləndi və onlar birlikdə Parisə köçdülər. Onun qəribə Paris sevgisi vardı. Parisin küçələrini, kafelərini sevirdi və “Paris əbədidir” - deyirdi. Lakin 1930-cu ildə sevdiyi küçələrin birində avtoqəzaya düşdü və bu düz 6 ay müalicə aldı.
 
Heminqueyin ova böyük marağı vardı. Bu həvəs ona babasından keçmişdi. Yazıçı elə 1933-cü ildə ovda ikən bərk xəstələnir. Getdikcə vəziyyəti pisləşən Ernesti təyyarə ilə hospital aparırlar.
 
Uzun sürən müalicədən sonra sağalır və 1953-cü ildə “Qoca və dəniz” povesti “Pulitser” mükafatına layiq görülür. Həmin il Afrikaya gedən Ernest bu dəfə təyyarə qəzasına düşür, ancaq sağ qalır.
 
Heminquey müharibədən sonra Kubaya köçdü. Çox kədərli və keşməkeşli həyat yaşayan yazıçı qadınları sevsə də, onlara inanmırdı. Hətta doğma anasını atasının intiharında günahkar bildiyi üçün onun dəfninə getmədi. 1960-cı ildə Kuba ətrafında baş verən hadisələr Heminqueyi ABŞ-a qayıtmağa məcbur etdi.
 
O, dəfələrlə ölümlə üzləşmiş, ölümcül qəzalara üzləşmiş, ancaq hər dəfəsindən də sağ qalmışdı.
 
Müharibə illəri, ağır həyat şərtləri, bunların fonunda Ernestin həssaslığı və yüksək müşahidə qabiliyyəti… Təbii ki, zamanla bütün bunlar yazıçının mənəvi-psixoloji durumuna təsir etmişdi. Eyni zamanda aldığı xəsarətlər, baş-beyin travmaları nəticəsində 50-ci illərdən başlayaraq onda qəribə xəstəliklər, maniyalar yarandı. Ernest Heminquey paranoya, ağır depressiyadan əziyyət çəkirdi. Məsələn, yazıçı elə düşünürdü ki, hər yerdə ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları onu izləyir. Ernestə müalicə məqsədiylə verilən cərəyan seanslarından sonra o, yaddaşını və yazı qabiliyyətini itirdi.
 
Fikirlərini ifadə etməkdə əziyyət çəkən görkəmli yazıçı, özündən xilas olmaq üçün dəfələrlə intihara cəhd etdi. Heminqueyin həyatını tədqiq edən şəxsi bioqrafı F.Yanq yazır ki, məşhur yazıçının bütün həyatı ölüm və intihardan qaçmaqdan ibarət olub. Bu, onun yaradıcılığında güclü iz buraxıb. Yanqın sözlərinə görə, Heminqueyin psixikasında sonralar özünü göstərən qorxu hissləri və nevroz onun həyatında dəfələrlə qəzaya düşməsi, Afrikaya səfəri zamanı ağır xəstələnməsi və I Dünya müharibəsi zamanı ağır yaralanması ilə əlaqədar olub.
 
Heminquey ilk dəfə 1961-ci ildə intihara cəhd etmişdi. Həmin vaxt həyat yoldaşı Meri həkim çağırır və həkimin köməkliyi ilə tüfəngi onun əlindən ala bilirlər. Bu cəhddən əvvəl Ernest vəsiyyətnamə də yazmışdı. Onu ölümün bir addımlığında xilas edən həyat yoldaşı vəsiyyətnaməni də cırıb atmışdı.
 
Bir gün sonra Ernest otağının qapısını arxadan bağlayır və yenidən intihara cəhd edir. Lakin yenə də sağ qalır.
 
Evdə müalicə olunan yazıçının intihar cəhdlərindən və ağır depressiv durumundan sonra onu yenidən klinikaya göndərirlər. Ernest yenə FTB əməkdaşlarını “görür” və hamıya sübut etməyə çalışırdı ki, onu izləyirlər. İki aylıq müalicədən sonra yazıçını evə buraxırlar.
 
1961-ci il iyul ayının 2-də görkəmli yazıçı axır ki, özünü öldürməyə nail olur. Onun ölümü bütün dünyada böyük kədər qarşılanır.
 
“Qoca və dəniz” kimi mübariz ruhlu əsər yazan, “Əlvida, silah” kimi bənzərsiz nəsr nümunəsi yaradan yazıçının tüfəngdən atəş açaraq həyatına son verməsi taleyin növbəti ironiyası idi.

Загрузка...
Загрузка...