Fərahim İlqaroğlu ailəsi ilə Almaniyaya mühacirət etdi

 
Jurnalist hazırda Suriya və İraqdan gələn qaçqınlarla eyni düşərgədə müraciətinə cavab gözləyir
Gənc jurnalist Fərahim İlqaroğlu Almaniyaya mühacirət edib.
 
Bu barədə musavat.com-a açıqlamasında jurnalist özü məlumat verdi. Fərahim bildirdi ki, hazırda Almaniyanın şəhərlərindən birindəki qaçqın düşərgəsində qalır. Müsahibimiz Suriya və İraqdan gələn qaçqınlarla eyni düşərgədə, çadırlarda qalır: “Ailəmlə birgə gəlmişəm. Oğlum körpədir, bilirsiz. 8 aylıqdır. Burda da səhhətində müəyyən problemlər var. Nə zaman müraciətimizə cavab veriləcək, bilmirəm. Uşaqla birgə çox çətindir”.
 
Həmkarımız söylədi ki, onların müraciətinə yaxın 6 ay müddətində cavab veriləcək. Həmin müddətdə isə jurnalist və ailəsi bir neçə düşərgəyə transfer olunacaqlar. F.İlqaroğlu onları çətin bir mərhələnin gözlədiyini dedi.
 
Jurnalist ölkədə iş tapa bilmədiyi və həyatına təhlükə hiss etdiyi üçün mühacirət etdiyini bildirdi: “Özümə də, ailəmə də təhlükə hiss etdim. Ailəmin təhlükəsizliyini təmin etməli idim. Bu səbəbdən də Almaniyaya gəldim”.
 
Müsahibimiz bundan artıq məlumat verə və detallara toxuna bilməyəcəyini dedi.
Musavat.com xatırladır ki, F.İlqaroğlu uzun müddət “Yeni Müsavat” qəzetində və APA holdinqdə çalışıb. O, Azərbaycan jurnalistikasının son illərdə imzası tanınan gənc reportyorlarından idi.