Əfqan savaşının ən güclü komandiri ABŞ-la barışır

Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar öz tərəfdarlarını hökumət qüvvələrinə hücum etməməyə səsləyib.
 
Axar.az xəbər verir ki, Hikmətyar bunu Ramazan bayramı münasibəti ilə öz tərəfdarlarına etdiyi müraciət zamanı söyləyib. Onun sözlərinə görə, İslam Partiyası bundan sonra yalnız hökumət qüvvələrinin hücumlarına reaksiya verəcək.
 
Qeyd edək ki, Hikmətyar mart ayında rəsmi Kabillə danışıqlara hazır olduğunu söyləyib.
 
Hikmətyar 80-ci illərdə başlayan Əfqanıstan müharibəsinin ən məşhur səhra komandirlərindən biridir. Müharibə dövründə onun tabeliyində qırx min nəfərlik ordu olub. Bu, Əfqanıstan müharibəsində ən böyük mücahid dəstəsi hesab edilirdi. Hikmətyar uzun müddət ABŞ-dan Pakistan kəşfiyyatı vasitəsilə dəstək alıb. 2001-ci ildə amerikalılar Əfqanıstana gəldikdən sonra Hikmətyara yeni hökumətdə vəzifə verilmədi. Bu isə onun Vaşinqtona qarşı cəbhə almasına səbəb oldu. Amerika isə öz növbəsində onu özünün “qara siyahısı”na əlavə etdi.