Fotolardan boylanan Fuad Poladov, Nəsibə Zeynalovanın kuklası - MUZEYDƏN REPORTAJ

 
Ömrünüzdə bir dəfə də olsun teatra gedib, bilet alıb, tamaşaya baxmısınız? Əgər getməmisinizsə, mütləq gedin. Ən azından ona görə ki, möcuzə kimi görünən səhnə dekorasiyalarını, rəssamların aktyorlar üçün hazırladıqları geyimləri, tamaşadan öncə sizə təqdim olunan tamaşa proqramlarını canlı görə biləsiniz.
 
Bir də düşünün ki, sizin səhnədə gördüyünüz vəsaitlər, əlinizdə tutduğunuz tamaşa proqramı bir vaxtlar tarix üçün maraqlı eksponata çevriləcək. Bəli, məhz eksponata çevriləcək və Azərbaycan Dövlət Teatr Muzeyində qorunub saxlanacaq.
 
Teleqraf.com  “Muzeydə bir gün” layihəsi çərçivəsində yolunu bu dəfə Dövlət Teatr Muzeyindən saldı.
 
Öncə...
 
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934- cü ildə yaradılıb. Muzeyin yaradıcısı və ilk direktoru görkəmli teatr xadimi, Bakı Türk İşçi Teatrının əməkdaşı Ağakərim Şərifov olub. Qurum hazırda Muzey Mərkəzinin üçüncü mərtəbəsində yerləşir. Hazırda Teatr Muzeyinin fondunda  milli teatr tariximizə dair 136 mindən çox eksponat qorunub saxlanır.  
 
İlk tamaşa bu sənədlə təsdiqləndi
 
Muzeyin ilk zalı peşəkar teatrın yaranmasına həsr olunub. Burada öncə diqqətimizi Azərbaycan tarixində ilk professional  tamaşa  olan “Lənkəran xanın vəziri”nin afişası çəkir. Belə ki, ilk tamaşanın Mirzə Fətəli Axundzadənin hansı əsəri olması bir müddət mübahisə mövzusu olub.  
 
Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova bizimlə söhbətində afişa ilə  bağlı bu maraqlı faktı belə qeyd elədi: “Müəyyən istinadlar, mənbələr bəzən xatirələrdən götürülür. Amma onlara da diqqətlə yanaşmaq lazımdır. Çünki yaddaşla bağlı məlumatlarda yanlışlıqlar ola bilir. Azərbaycan teatr tarixi ilə bağlı bəzi xatirələrdə də bu cür xətalarla  üzləşmək mümkündür. Bilirsiniz ki, “Lənkəran xanın vəziri” tamaşası görkəmli maarifçimiz, “Əkinçi” qəzetinin ilk naşiri Həsən bəy Zərdabi və o zamanlar çox gənc olan, sonralar Azərbaycan teatrına dramaturq kimi öz töhfələrini vermiş Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə Bakı Realnı Məktəbinin şagirdlərinin iştirakı ilə oynanılıb. Sonralar onlardan biri  öz xatirələrində ilk tamaşanın “Lənkəran xanın vəziri”, digəri isə “Hacı Qara” olduğunu göstərirdi. Mirzə Fətəli Axundzadənin şəxsi arxivindən tapılmış bu afişa ilk tamaşa haqqında vaxtilə gedən mübahisələrə son qoyan tarixi bir sənədə çevrildi. Öyünürük ki, bu gün bu sənəd bizim muzeyimizdə qorunur və sərgilənir. O tamaşadan iki ay sonra isə dramaturqun ikinci əsəri - “Hacı Qara” oynanılıb”.
 
Qacarın xalatı, qılıncı, tacı
 
Daha sonra muzeyin bələdçisi ekspozisiya ilə bizi tanış etməyə davam edir: “XIX-cu əsrin sonlarında qadınların səhnəyə çıxması yasaq edilib. Ona görə bütün qadın obrazlarını kişi aktyorlarımız  ifa edirdilər. Hüseyn Ərəblinski Haqverdiyevdən elə bir əsər yazmasını xahiş edir ki, orda yalnız kişi personajları yer alsın. Və o əsər “Ağaməhəmməd şah Qacar” olur. Muzeydə o tamaşada istifadə olunan Qacarın qılıncı, xalatı və tacı saxlanır”.
 
Xanımının donunu geyinən aktyor
 
“Bu şəkildə isə Ələkbər Süheyli “Pəri cadu” tamaşasında ifa etdiyi Hafizə xanım obrazındadır. Belə bir məlumat var ki, Ələkbər Süheyli bu obraz üçün həyat yoldaşının paltarını geyinib. Həyat yoldaşı da ərini səhnədə öz paltarından tanıyıb.
 
O vaxtlar tamaşalara az da olsa Azərbaycan dilini bilən gürcü, rus aktrisaları dəvət olunurdu. Bizim ilk milli aktrisamız Gövhər Qazıyeva olub. İlk qadın dramaturq isə Səkinə Axundzadədir ki, o Tağıyevin qızlar məktəbində pedaqoji fəaliyyət göstərib və 1904-cü ildə “Yağışdan çıxdıq, yağmura düşdük” əsərini Nəcəf bəy Vəzirovla tamaşaya hazırlayıb. Tamaşadan sonra o hər bir qız tələbəsinə gümüş döş nişanı təqdim edir. Onun bir üzünə teatr obrazı, digər üzünə tamaşanın tarixi və aktrisanın adı həkk olunub”.
 
Ən qədim foto
 
Bələdçi xanım bizə ekspoziyanın ən qədim fotosunu göstərir: “Ekspozisiyamızın ən qədim fotosu – 1888-ci ilə aid Həbib bəy Mahmudbəyovun teatr truppasının birgə çəkdirdiyi fotodur. Mahmudbəyov Sultan Məcid Qənizadə ilə birlikdə Bakıda belə bir truppa yaradıb, həvəskarları öz ətraflarına toplayırlar. 1899-cu ildə Əbdürrəhim Haqverdiyev Peterburqda təhsilini bitirib, həmin truppada aktyor və rejissor kimi fəaliyyət göstərir. Onlar belə qərara gəlirlər ki, vaxtaşırı deyil, müntəzəm olaraq nümayiş olunsun”.
 
Bu zalda tarixi fotolarla yanaşı dekorasiya və geyim eskizləri, həmçinin muzeyin sifarişi ilə rəssam Əzim Əzimzadə tərəfindən çəkilən, ilkin teatr formalarının əks olunduğu tablolar da var. Ekspozisiyada həmçinin 1906-cı ildən 1931-ci ilə qədər çap olunan “Molla Nəsrəddin” jurnalının nüxsələrinə, əsrin əvvəllərində keçirilən “Şərq konsertləri”ndə istifadə olunan musiqi alətlərinə, ipək parçalar üzərində həkk olunan tamaşa proqramlarına rast gəlmək olar.
 
Cabbarlının dünyaya göz açdığı o ev
 
Muzeyin ikinci zalı Akademik Milli Dram Teatrına həsr olunur. Bu zalda kimlər yoxdur?
 
Başlayaq teatr səhnəsi üçün güclü, yenilməz qadın obrazları yaradan istedadlı dramaturq Cəfər Cabbarlıdan. Ona həsr olunan guşə Cabbarlının Xızıda dünyaya göz açdığı evinin maketi və ən məşhur tamaşalarından fotolarla bəzənib.
 
Sıra mənzum dram janrının banisi, sürgün həyatına məhkum olan, məzarının yeri uzun müddət bəlli olmayan böyük ustad Hüseyn Cavid, Ərəblinskidən sonra ən məşhur faciə aktyoru olan Abbas Mirzə Şərifzadə, böyük rejissorlar – Tofiq Kazımov, Mehdi Məmmədov, bir müddət Akademik Milli Dram Teatrının, “Azərbaycanfilm” kinostudiyasının direktoru olan Əli İsgəndərov, lirik-psixoloji janrın inkişafında böyük xidmətləri olan İlyas Əfəndiyevlə davam edir.
 
Hidayətzadənin kəşkülü, Yaşar Nurinin üzükləri
 
“Bu guşə Yaşar Nuriyə həsr olunub. Burada onun oynadığı tamaşalardan, eyni zamanda aktyor dostları ilə çəkilən fotoları yer alır. Vitrinlərdə isə həm şəxsi, həm də ona hədiyyə olunmuş əşyalar yer alır. Təsbehlər, üzüklər, qol saatı və s. Həmçinin geyim vitrinində onun şəxsi pencəyi də sərgilənir”.
 
Diqqətimizi ekspozisiyanın bir küncündə özünə yer edən maraqlı bir eksponat çəkir: “Bu, kəşküldür. Aktyor İsmayıl Hidayətzadənin şəxsi arxivindəndir. Tamaşalardan birində istifadə edirmiş”.
 
Hökumə Qurbanovanın kirpikləri
 
“Bu vitrinimiz Möhsün Sənaniyə həsr olunub. Burada onun medalları, şəxsi əşyaları, qrim boyaları var. Baxın, bu da Hökumə Qurbanovanın Kleopatra obrazında istifadə etdiyi  kirpiklərdir. Bu isə Barat Şəkinskayaya məxsus albomdur”.
 
Bu zalda həmçinin tamaşaların səhnə tərtibatının maketlərinə də rast gəlmək olur.
 
 
Rəşid Behbudov “Sevil”də
 
Muzeyin üçüncü zalı bütünlüklə Opera və Balet Teatrına məxsusdur. Bu zalda Qara Qarayev, Fikrət Əmirov, vokalla muğamı sintez edən ilk opera müğənnisi Bülbül, bəstəkar Müslüm Maqomayevə məxsus guşələr, opera və balet sənəti haqqında materiallar əks olunub. Həmçinin bu zalda olan “Leyli və Məcnun” operasının premyera afişası qədim və nadir sənədlərdən biridir: ““Leyli və Məcnun”  tamaşasında Məcnun rolunu Sarabski, Leyli partiyasını Əbdülrəhim Fərəcov ifa edirdi. Deyilənə görə, Fərəcov ona qarşı olan təzyiqlərdən çəkinərək bu rolu oynamaqdan imtina edib. Sonralar Leylini Əhməd Ağdamski ifa edib.
 
Bu guşə isə baletlərimizə həsr olunub. İlk milli baletimiz “Qız qalası” olur. Bu da Əfrasiyab Bədəlbəylinin 1940-cı ildə  səhnələşdirdiyi “Qız qalası” baletinin dekorasiya eskizidir. Bu tamaşada ilk balerinamız  Qəmər Almaszadə çıxış edib. Qəmər xanım həm də Əfrasiyab Bədəlbəylinin həyat yoldaşı olub”.
Zaldakı fotolar içərisində Rəşid Behbudovun bir şəklinə maraqla baxıram. Bələdçi xanım deyir ki, bu foto Rəşid Behbudov “Sevil” operasında Balaş rolunu ifa edərkən çəkilib.
 
“Bu vitrində isə opera ifaçılarımız - Şövkət Məmmədova və Həqiqət Rzayevaya məxsus qrim aksessuarları yer alır”.
 
Nəsibə Zeynalovanın sevimli kuklası
 
Keçid alırıq Musiqili, Gənc Tamaşaçılar və Kukla Teatrlarını özündə cəmləşdirən növbəti zalımıza...
“Musiqili Teatrdan söhbət açanda öncə o səhnədə nümayiş olunan ilk tamaşanı qeyd etməliyik. Bu, Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşasıdır. Bu teatrın səhnəsində bir çox görkəmli aktyor və aktrisalar çalışıb: Bəşir Səfəroğlu, Nəsibə xanım Zeynalova, Siyavuş Aslan, Lütfəli Abdullayev və s.”. Guşədə böyük sənətkarların oynadıqları tamaşalardan fotolar əks olunur.
 
Bu zalın ən diqqətçəkən eksponatı heç şübhəsiz böyük sənətkar, hamının sevimlisi Nəsibə xanım Zeynalovanın kuklasıdır. Xeyir, bu, onun “Qaynana” filmindəki kuklası deyil. Amma bu kukla məhz o filmdə yaratdığı qaynana obrazının əksidir: “Bu kuklanı ona sağlığında veriblər. Deyilənə görə, ən sevimli kuklası olub. Nəsibə xanım rəhmətə gedəndən sonra bu kukla bizə Moskva Teatrı tərəfindən hədiyyə olunub”.
 
Gənclərin “Nərgiz”i
 
“O dövrlərdə Azərbaycanda gənclər üçün əsərlər olmadığına görə əsasən xarici əsərlərə müraciət olunub. Mirmehdi  Seyidzadənin teatra gəlişi ilə Azərbaycanda gənclər üçün ilk tamaşa- “Nərgiz” hazırlanır. Bu da “Nərgiz” tamaşasının afişasıdır”.
 
Bu guşəni də diqqətlə incələyəndən sonra Kukla Teatrının tarixi əks olunan bölməyə tərəf irəliləyirik: “Kukla Teatrının yaradıcısı Mollağa Bəbirli olub. Baxın burda onun evində məşqlər edən zaman çəkilən şəkilləri yer alır”.
 
 
O fotolardan Fuad Poladov boylanır
 
Muzeyin beşinci zalında qarşımıza Rus Dram Teatrı çıxır. Bələdçi xanımın sözlərinə görə, 1920-ci ildə Rusiyanın Yarasa teatrı Bakıya qastrola gəlir, konsertdən sonra truppanın bir hissəsi burada qalmağa qərar verir. Beləcə, onlar Azad Tənqid -Təbliğ Teatrını yaradırlar. İlk tamaşa 1923-cü ildə nümayiş olunur. 1937-ci ildən isə teatr Rus Dram Teatrı adlanmağa başlayır.
 
Bu zalda aktyor və aktrisaların bukletləri, geyimləri, eskizləri, səhnə dekorasiyaları, tamaşaların proqramları, afişalar və daha başqa eksponatlarla qarşılaşmaq mümkündür. Fotoların arasından isə “Azdrama”nı tərk etməsi ilə böyük ajiotaj doğuran, istedadlı aktyor Fuad Poladov boylanır. Bunlar onun müxtəlif  illərdə Rus Dram Teatrının səhnəsində oynadığı yaddaqalan tamaşalar kadrlardır.
 
Zalda yerləşən bir vitrində isə teatrın müasir dövrü barədə məlumat ötürən bəzi eksponatlar yer alır. 
 
...və səyahətimizin son dayanacağı
 
Bura muzeyin altıncı zalı - sərgi zalıdır. Bu məkanda teatr rəssamlarının müxtəlif tamaşalara çəkdikləri geyim və dekorasiya eskizləri, eləcə də köhnə Bakı tiplərinin fotoları, həmçinin paytaxt və bölgə teatrlarının afişaları yer alır. Hamısına diqqətlə baxıb, Teatr Muzeyi ilə yaxından tanışlığımızı burda yekunlaşdırıq. Xoş təəssüratlarla, bolluca informasiyalarla, həmçinin tarixə ekskursiyanın verdiyi izaholunmaz duyğularla muzeyi tərk edirik. Necə deyərlər, yolçu yolunda gərək... Sizin də bu yoldan keçməyinizi diləyərək...