“Ford”dan düşən qadın fəhlələrə hücum edir…

Baxış sayı: 
138

“Qadınlar” kitabından seçmələr – Eduardo Qaleano
 
Sultan xəyanətə uğradığı üçün qisas hissi ilə hər gecə bir nəfərin boynunu vurdururdu. Şəfəq vaxtı evlənir, qürub zamanı subay olurdu. Qadınlar dalbadal əvvəlcə bəkarətlərini, sonra isə kəllələrini itirirdilər. Birinci gecənin sonunda bircə maraqlı hekayələr danışan Şəhrizad sağ qalmağı bacardı və sonrakı hər gün yeni bir hekayə danışıb yaşamağa davam etdi. Kimdənsə eşitdiyi, oxuduğu, ya da uydurduğu bu hekayələr onun həyatını xilas etdi.
 
O, bu hekayələri Ay işığından başqa bir işıq düşməyən yataq otağının alatoranlığında alçaq səslə danışırdı. Hekayə anlatmaqdan ləzzət alırdı və ləzzət də verirdi, amma çox diqqətli davranırdı. Bəzən hekayənin ortasında hiss edirdi ki, sultan onun boynuna baxır. Əgər sultan darıxsa, onun üçün hər şey bitəcəkdi.
 
Ölüm qorxusundan təhkiyə sənəti yarandı.
 
***
 
Maqda Lemonnier qəzetlərdən sözləri kəsib götürür və onları qutuda saxlayır. Qırmızı qutuda qəzəbli, yaşıl qutuda sevgi dolu sözləri. Mavi qutuda tərəfsiz, neytral sözləri, sarı qutuda hüznlüləri yığır. Şəffaf qutuda isə sehrli sözləri toplayır.
 
Bəzən qutuları açır və sözlər istədikləri kimi qarışsınlar deyə, onları masasının üstünə tökür. Bax, onda, sözlər ona bütün baş verənləri və baş verəcəkləri xəbər verirlər.
 
***
 
Korinf körfəzindəki yataqlardan birində bir qadın tonqal atəşinin işığında uzanıb yatmış sevgilisinin profilinə baxır. Oğlanın kölgəsi divara düşür. Oğlan qadının yanında yatıb, amma oyanıb gedəcək. Sübh çağında savaşa gedəcək, ölümə gedəcək. Divardakı kölgəsi də – yol yoldaşı da onunla birgə gedəcək və öləcək. Hələlik gecədir. Qadın tonqalın içindən yarısı yanmış bir odun parçası götürür və divara oğlanın kölgəsinin konturlarını cızır. Bu cizgilər getməyəcək. Qadın bilir ki, cizgilər onu qucaqlamayacaq, amma ən azı getməyəcəklər.
 
***
 
Xuan Gelman mənə bir əhvalat danışıb. Bir dəfə Paris küçələrindən birində bir qadın əlindəki çətirlə bələdiyyənin fəhlələrinə hücum çəkir. Bələdiyyənin fəhlələri göyərçinləri tuturdular, qadın “Ford” markalı maşından düşüb, çətiri ilə hücuma keçibmiş. Qadın zərbələr endirə-endirə özünə yol açır və ədalətpərəst çətiri ilə içində göyərçinlərin çırpındığı toru yırtır. Göyərçinlər azadlığa çıxmaqdaykən, qadın bu ərəfədə çətiri ilə bələdiyyə işçilərini vururmuş. Fəhlələr qollarını qaldırıb bacardıqca özlərini müdafiə etməyə çalışır, qadının qulaq asmadığı sözlər deyir, donquldanırmışlar:
 
- Madam, lütfən, bir az hörmət edin, biz işimizi görürük, biz də əmr quluyuq, xanım…
 
Qəzəbli qadının qolları yorulanda nəfəsini dərmək üçün bir divara söykənəndə, fəhlələr ondan bir açıqlama tələb edirlər. Uzun sükutda qadın belə deyir:
 
- Oğlum öldü!
 
Fəhlələr deyirlər ki, çox üzgünük, amma bunun günahkarı biz deyilik. Sonra da hələ görüləsi çox işləri olduğunu deyir, getməyə hazırlaşırlar. Qadın bir də təkrar edir:
 
- Oğlum öldü!
 
Fəhlələr deyirlər ki, sizi başa düşürük, amma biz də çörək puluna çıxmışıq, bütün Parisdə avara-sərgardan milyonlarla göyərçin var və bu lənətə gəlmiş quşlar şəhərin başına bəla olublar…
 
Qadın qəzəblə qışqırır:
 
- Axmaqlar!
 
Və fəhlələr ordan uzaqlaşmağa hazırlaşarkən, belə deyir:
 
- Oğlum öldü və bir göyərçinə çevrildi.
 
Fəhlələr belə bir təklif edirlər qadına:
 
- Xanım, niyə oğlunuzu götürüb getmirsiniz, icazə vermirsiniz ki, biz də öz işimizi görək?
 
Qadın qara şlyapasını düzəldərək deyir:
 
- Xeyr! Qətiyyən olmaz!
 
Qadının iti baxışları ilə sanki şüşədən düzəldilmiş fəhlələri dəlib keçir və çox sakit bir tonda belə əlavə edir:
 
- Göyərçinlərdən hansının oğlum olduğunu bilmirəm axı. Amma bilsəm də, götürüb getməzdim. Onu dostlarından ayırmağa nə haqqım var?

Загрузка...
Загрузка...