“Fələstin dövləti yoxdursa, İsrail dövləti necə ola bilər?!” - Sərdar Cəlaloğlu: “Tramp hüquq tanımır, demokratiyadan xəbəri yoxdur”

Baxış sayı: 
153

“Amerika bu qərarla öz qarşısına çox nəhəng bir güc almışdır”
 
“Yəhudi dövlətinin mövcudluğu qanuna ziddir”
 
“Amerika artıq dünya demokratiyasının çarçısı yox, dünyanın ən böyük təhlükəli gücü olur”
 
“Türkiyə BMT-nin veto hüququna malik daimi üzvü olmalıdır... Əks halda, məhdud indiki daimi üzvülüyü ilə BMT dünyanın heç bir problemini həll edə bilməyəcək”
 
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxt elan etməsindən sonra dünyanın gündəmini Qüdslə bağlı müzakirələr zəbt edib. Belə ki, bu qərardan sonra, İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin toplanıb, Trampın Qüds qərarına etiraz bildirməsi və Qüdsü Fələstinin paytaxtı elan etməsi, ardınca isə BMT Baş Assambleyasında təşkilata üzv dövlətlərin Trampın qərarını rədd etməsi dünyanın diqqət mərkəzindədir.
 
Beynəlxlaq ictimaiyyət ABŞ prezidentinin qərarını dəstəkləməsə də, Trampın öz addımında qəti olduğu görünür. Halbuki, BMT-nin 5 daimi üzvündən (ABŞ-dan başqa) 4-ü, yəni Çin, Fransa, İngiltərə, Rusiya da bu qərarın əleyinədir və ABŞ-ın qərarına veto qoyublar. Maraqlıdır, Tramp qərarı ləğv etmədiyi təqdirdə, BMT-nin Qüdslə bağlı qərarının hüquqi qüvvəsi varmı?
 
Hurriyyet.org-un bu və digər suallarını Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırıb.
 
- BMT-nin Qüds qərarının hüquqi, praktik nəticələrindən daha çox siyasi nəticələri var. Tramp faktiki olaraq beynəlxalq hüququ bir kənara qoyaraq Türkiyə və İslam dünyasına qarşı düşmənçiliyini açıq şəkildə ifadə edərək, özünün seçkisinə yaxından dəstək vermiş İsrail lobbisinin təzyiqi ilə beynəlxalq hüquqa zidd olaraq Qüdsü İsrailin paytaxtı elan etmişdir. Burada əsas məqsəd İslam dünyasına pislik etməkdir. İkincisi isə, Türkiyənin mövqelərini zəiflətməkdir. Əvvala, İsrail dövlətinin yaradılması ilə bağlı 1947-ci ildə qəbul edilmiş BMT-nin qətnaməsində eyni zamanda Fələstin dövlətinin yaradılması məsələsi qoyulub. Bu gün İsrailin BMT-nin üzvü olmasının özü belə, beynəlxalq hüquqa ziddir. Çünki həmin qəbul edilmiş qərara görə, eyni vaxtda Fələstin də BMT-nin üzvü ola bilər və yaxud eyni vaxtda BMT-dən çıxarıla bilər. Ancaq bu gün Fələstin BMT-nin üzvü deyil və Amerikanın veto hüququna görə Fələstini tamhüquqlu üzv kimi qəbul etmirlər, amma İsrail BMT-nin 47-ci qərarına zidd olaraq BMT-nin üzvüdür. İsrail beynəlxalq hüquqa zidd olan yollarla özünün maraqlarını açıq şəkildə Amerikanın vasitəsilə təmin etməyə cəhd edib. Bu qərarın qəbul edilməsi onu göstərdi ki, Trampın şəxsən siyasəti iflasa uğramışdır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmir.
 
- BMT-nin Qüds qərarının əleyhinə olan dövlətlərlə Trampın öz qərarını həyata keçməsi mümkündür?
 
- Biz bu qərarın əleyhinə olan dövlətlərin siyahı sayını kənara qoyaq, dünyada insanların sayına keçək. Dünyada cəmi 8 milyard əhali var. 7,5 milyard əhalinin yaşadığı dövlətlər Trampın qərarının əleyinə səs verib. Geridə qalan cəmi 300-400 milyona yaxın adamı ifadə edən dövlətdir. Nəzərə alaq ki, Amerika vətəndaşlarının da 99 faizi etnik kimliyinə görə bu qərarın əleyhinə çıxıb. Məsələn, Amerikada 10 milyon müsəlman var. Onlar təbii ki, müsəlman dövlətlərinin mövqeyini müdafiə edir. Yerdə qalan əhali isə fransızlar, almanlar, ingilislər, çinlilərdir. Amerikada 5 milyondan çox çinli var. Bu millətlərin dövlətləri də Amerikanın əleyhinədir. Deməli, bu qərar Amerika vətəndaşlarının 99 faizinin etnik maraqlarını ifadə etmir. Çünki onlar hansı dövlətlərlə etnik yaxınlıqdadırsa, o dövlətlərin maraqlarını ifadə edir. Necə ki, Amerikada yaşayan yəhudilər yəhudi dövlətini müdafiə edir, ingilislər ingilis, almanlar alman, fransılar da öz dövlətinin maraqlarına uyğun düşünür və yaxud iş görür. Əsas məsələ budur ki, Amerika öz qarşısına bu qərarla çox nəhəng bir güc almışdır. Yəni bir cəbhə formalaşdırmışdır.
 
Bu qərarın ikinci siyasi mənası ondan ibarətdir ki, ABŞ-dan başqa, BMT-nin 4 veto hüququ olan dövlətin hüququ siyasi reallıqlara uyğun deyil. Çünki Amerikanın bu qərarına qarşı Türkiyə blok qoydu. Türkiyə bu məsələni BMT-nin Təhlükəsizlik Şurasından sonra, BMT-nin ümumi Assambleyasına çıxartdı. Bu da dolayı yolla Türkiyənin qələbəsidir ki, Amerika ilə Türkiyə arasında seçim edilərkən 128 dövlət faktiki olaraq Türkiyənin mövqeyinin düzgün olduğunu seçdilər(35 dövlət isə Amerikanın təzyiq ilə bitərəf qalıb). 128 dövlət Türkiyənin beynəlxalq hüquqa sədaqətli olmasını, regional siyasətdə düzgün mövqe tutmasını başa düşdü və Türkiyənin ədalətli olmasına səs verdi. Qüdsün paytaxt olması Türkiyənin əleyinə yönəlmişdirsə, Tramp bir növ Türkiyəyə cəza verirdisə, beynəlxalq ictimaiyyət bu qərar qarşısında blok qoymaqla, Türkiyəni müdafiə etdi. Bu o deməkdir ki, artıq Türkiyə elə nüfuzlu bir vəziyyətə gəlib çıxıb ki, dünyanın 7,5 milyardı Türkiyənin maraqlarına uyğun qərar qəbul etdi. Bu da artıq Türkiyənin dünyada yeni bir güc olduğunu göstərir.
 
- Türkiyəni artıq supergüc dövlət hesab etmək olar?
 
- Türkiyə Amerika kimi supergüc deyil. Türkiyənin ərazisi kiçikdir, əhalisi azdır, eləcə də əlində iqtisadi imkanları azdır. Amma Türkiyənin supergüc olması onunla bağlıdır ki, Amerikdan da bir neçə dəfə çox müsəlman və türklərin maraqlarını ifadə edir. Türkiyə deyəndə Tramp bir şey də yanıldı, elə başa düşdü ki, söhbət tək Türkiyədən gedir. Amma o, Türkiyənin arxasında duran, Türkiyəyə qardaş kimi baxan türk, Türkiyənin arxasında duran İslam dövlətlərini, eyni zamanda Türkiyə ilə xoş münasibətdə olan Rusiyanı, Çini, Hindistanı bir növ nəzərdən qaçırmışdı. O, elə bilirdi ki, bu addım yalnız Türkiyənin maraqlarına toxunacaq. Amma indi məlum oldu ki, sən demə, Türkiyənin arxasında nəhəng bir güc durur. Bu güc isə Türkiyənin supergüc olduğunu sübut edir.
 
Ümumiyətlə, iki cür supergüc var: biri dövlətin özündən, bir də dövlətin nüfuzundan qaynaqlanır. Türkiyənin supergüc olması Türkiyənin nüfuzundan qaynaqlanır. Türkiyəni səmimi şəkildə müdafiə edən dövlətlərə baxsaq, görərik ki, dünya enerji resursları bu dövlətlərin ərazsindədir, Azərbaycandır, Qətərdir v. s. Bu dövlətlərin böyük əksəriyyəti Türkiyəni öz lideri kimi seçir. Məsələn, elə Azərbaycan. Biz deyirik ki, Türkiyə bizim qardaşımızdır. Bunu etiraf etməliyik. Cümhuriyyət, tarix, iqtisadi baxımından Türkiyə türk dünyasının lideridir. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın apardığı siyasətə baxsanız, görərsiniz ki, dünyanın harasında bir müsəlman problemi, insan fəlakəti varsa, Türkiyə özünün maddi, diplomatik, siyasi yardımı ilə oradadır. Bu özü artıq Türkiyənin tək Türkiyə çərçivəsində düşünən bir dövlət olmadığını göstərir. Türkiyə Somalidən tutmuş Arakana, Arakandan tutmuş Rusiyaya, Rusiyadan Avropanın mərkəzinə qədər böyük bir coğrafiyada yaşayan insanların maraqlarının ifadəçisidir. Özünün də dediyi kimi, 1,5 milyard müsəlmanı faktiki olaraq beynəlxalq səviyyədə müdafiə edən və sözünü deyən bir dövlətdir.
 
- BMT-nin 5 daimi üzv formatı özünü doğruludur?
 
- BMT-nin bu qərarı göstərdi ki, artıq 5 daimi üzv formatı özünü doğrultmur. Burada artıq Türkiyə, Hindistan veto hüququna malik olmalıdır. Əks halda, dünyada mövcud qarşıdurmaların qarşısını almaq mümkün deyil. Almaniya da ətrafında olan ölkələrə bu və ya digər şəkildə təsir edir. Avropa Birliyi demək olar ki, Almaniyadan asılıdır. İkinci dünya müharibəsinin nəticəsinə görə yaranan bu tablo Almaniyanın maraqlarına da ziddir. Hətta Almaniya da BMT-nin veto hüququna malik dövləti olmalıdır. Onda BMT-nin 8 daimi üzvü olacaq. Bu 8 dövlətin daimi üz olması, Ərdoğanın dediyi kimi, 5-dən böyük olmasını etiraf etməsi deməkdir. Əks halda, BMT-nin məhdud veto hüququna malik indiki daimi üzvülüyü ilə BMT dünyanın heç bir problemini həll edə bilməyəcək. İslam dünyasının 1,5 milyard əhalisi, milyonlarla da problemi var. İslam dünyasının maraqlarını ifadə edən orada dövlət yoxdur. Məsələn, İndoneziya, Pakistan İslam ölkələridir, hər birinin 200 milyon əhalisi var. Bu baxımdan, Türkiyənin bütün müsəlman dünyasının təmsilçisi kimi veto hüququ ilə BMT-nin daimi üzvlüyünə qəbul ediməsi vacibdir. Eləcə də Hindistan - 1,5 milyarddan artıq əhalisi var, ona görə də mütləq üzv olmalıdır. BMT-nin 8 daimi üzvü olacağı təqdirdə Amerikanın dünyanı tək idarə etməsi iddiası da meydandan çıxacaqdır.
 
- Ümumiyyətlə, BMT-nin Trampın Qüds qərarını rədd etməsini necə dəyərləndirirsiniz?
 
- Bu qərarı Amerika xalqına, dövlətinə qarşı beynəlxalq ictimaiyyətin bir addımı kimi dəyərləndirmək olmaz. Bu qərar dünyada beynəlxalq müdaifə hüququnun üstünlüyünün qəbul edilməsi kimi dəyərləndirilməlidir. Hansı ki, demokratiyanın bir nömrəli əlamətidir. Artıq Amerika demokratik bir imtahandan keçir. Amerika beynəlxalq hüququn üstünlüyünü əsas götürəcəksə, onda öz qərarından imtina edəcək. Yox, beynəlxalq hüququn üstünlüyünü qəbul etməyəcəksə, çoxluluq prinsipini pozacaqsa, bu, artıq Amerikanı dünya demokratiyasının çarçısı yox, dünya demokratiyasının ən böyük təhlükəli gücü olması statusuna gətirib çıxaracaq. Halbuki, biz bu günə kimi ümid edirik ki, Amerika demokratiyanın dayağıdır, beşiyidir. Bu isə həm Amerikanın daxilində, həm də dünyada Amerikaya qarşı münasibəti dəyişdirəcək.
 
Mən BMT-nin bu qərarından hansı nəticəyə gəlirəm? Birincisi, bu qərar Amerika xalqının və dövlətinin əleyinədir. Bu qərar Trampın şəxs olaraq yanlış bir qərar qəbul etməsi və yəhudilərin beynəlxalq hüquqa zidd olaraq beynəlxlaq ictimaiyyətə “yox” deməsidir.
 
İkincisi, bu qərar həm Amerika xalqının iradəsini ifadə edir. Çünki amerikanlar demokratdır. Amerikanların böyük əksəriyyətinin mənsub olduqları dövlətlər bu qərarın əleyhinə səs verib. 10 milyon müsəlman var. Sən necə Amerikanın prezidentisən ki, 10 milyon müsəlman seçicinin dini istəyi ilə oynayırsan?!
 
Nəhayət, bu qərar münaqişələrə cəhd edən və yaxud öz maraqlarını zorakılıqla həyata keçirmək istəyən qüvvələrin qarşısında böyük bir gücün dayana biləcəyini göstərdi. Baxın, Yaponiya, Türkiyə Amerikanın ənənəvi müttəfiqdir. Çin, Rusiya dünyanın supergüclərindən biridir. Bütün bunlar hamısı Amerikanın qarşısındadır. Əslində, Trampın və İsrailin qarşısındadır. Əslində, mən bunu Tramp-İsrail birliyinin məğlubiyyəti, Amerika ictimaiyyətinin qələbəsi kimi qəbul edirəm.
 
- Sizcə, BMT-nin Qüdslə bağlı qərarından kim uddu?
 
- Bundan Amerika və bütün dünya uddu, Tramp və İsrail uduzdu. Bu da təbliğatla bağlıdır. Yəni məqsəd heç də israillilərə Qüdsü paytaxt etmək deyil. İsraillilər üçün nə fərqi var, Təl-Əvivdə və yaxud Qüdsdə paytaxt olsun. Amerikanın özünün də əvvəlki paytaxtı Nyu-York idi, sonra Vaşinqton oldu. Eləcə də Rusiyanın paytaxtı Leninqrad idi, sonra Moskva oldu, Türkiyənin paytaxtı İstanbul idi, sonra Ankara oldu. Yəni paytxatların dəyişdirilməsi formal bir məsələdir. Bu gün Amerika bu məsələ ilə bağlı İsrail xalqının adından danışır. Beynəlxalq hüquqa görə İsrail dövləti yaradılıbsa, eyni qərarla Fələstin dövləti də yaradılmalıdır. Amerikanlar beynəlxlaq hüququn yarım hissəsini həyata keçirməsinə dəstək veriblər, yarım hissəsinə veto qoyulub. Bu necə ola bilər ki, sən bir qətnamənin həm lehinəsən, həm də əleyinəsən. Lehinəsən ki, İsrail dövləti yaranıb, əleyinəsən ki, Fələstin dövləti yaranmasın. Halbuki, İsrail və Fələstin dövlətinin yaranması eyni bir beynəlxalq qərarla həyata keçirilib. Bu qərara görə, Fələstin dövləti də yaranmalıydı. Axı, İsrail dövləti bu qərardan istifadə edib, özünü yaradıb. Bu, o deməkdir ki, sən bir qərara iki cürə yanaşırsan.
 
- Sizcə, amerikalılar Trampın bu səhv qərarını bağışlayacaq?
 
- Amerikanın özündə də Trampın siyasətinin yanlış olduğunu bilirlər, hətta yəhudilərin sırasında bunu düşünənlər var. Bir neçə gün öncə mən bir yəhudi yazıçısının müsahibəsinə qulaq asdım. O, çox aydın şəkildə Trampın bu qərarının yanlış olduğunu izah edirdi. Tutaq ki, Qüds yəhudilərin paytaxtı oldu. Sən düşünürsən ki, müsəlman dünyası İsraillə barışar? Yox. Xristian dünyası barışar? Yox. Çünki sən bu qərarınla İsrail dövlətini müsəlman və xristian dünyasına qarşı qoyursan. Çünki Qüds üç dinin paytaxtıdır. Bu gün niyə almanlar, ingilislər sənin əleyinə çıxır? Çünki ingilis səninlə nə qədər dost, eyni dildə olan dövlət olsa da, ingilislər bilir ki, ora yəhudilərin paytaxtı ola bilməz. Yaxud almanlar qəbul edə bilməz. Tramp bəyanat verdi ki, Amerikanın dostu kimdir, onda Almaniya da, Fransa da gördü ki, onlar Amerikanın dostlarının cərgəsinə daxil deyil. Bunun dostları kimdir, Səudiyyə Ərəbistanı, İsrail. Yəni dünyanın böyük dövlətləri onun dostlarından kənarda qaldı. Sən Almaniyanı, Fransanı, İngiltərəni dost hesab etmirsənsə, onda nəyə görə sənə səs verməlidirlər?! Sənin bu ədalətsiz qərarını dost kimi dəstəkləməlidirlər?! Ona səs verən dövlətlərin, Amreikanın nufuzuna bax. Ona səs verən dövlətlərin heç birinin beynəlxalq nüfuzu yoxdur. Hətta bir çoxunun mən adını tanmıram, birinci dəfədir eşidirəm. Marşal Adaları, Palau, Toqo. Amerika necə belə dövlətlərin dəstəyini özünə şərəf bilər? Bu baxımdan, BMT-nin qərarı qlobal siyasi böhrana aydınlıq gətirdi.
 
- Bu qlobal siyasi böhranın müəllifini Amerika hesab etmək olar?
 
- Əlbəttə. BMT də dedi ki, bu böhranı yaradan Amerikadır. Bir dövlət dünyaya qarşı maliyyə, hərb, siyasət baxımından “xox” edir, ona görə də bu böhranlı vəziyyətdən çıxmaq olmur. Heç bir münaqişə həll olunmur. 60 ildir ki, Yaxın Şərq münaqişəsi həll olunur. İraq, Suriya münaqişəsini də Amerika yaratdı. İndi də deyir ki, Şimali Koreyada yaradacam. Rusiyanı və İranı boykot edir. İndi də deyir ki, Çin mənim düşmənimdir. Təsəvvür edin, Trampın dediyinə görə, dünyanın yarıdan çox Amerikanın düşmənidir. Bir insanın düşməninin çox olması o insanın yaxşı insan olmadığının əlamətidir. Bu o deməkdir ki, sən özün yaxşı adam deyilsən. Çin, Rusiya, İran, Türkiyə, Almaniya, Fransa, Hindistan Amerikanın düşmənidirsə, onda deyərlər ki, sən necə bir dövlətsən, xalqsan ki, dünyanın yarıdan çoxu sənin düşmənindir?! Sən dünyada necə demokratiyanın dayağısan ki, demokratik dövlətlər bu gün sənin siyasətinin əleyhinə səs verir?! Deməli, antidemokratik bir qərar qəbul edibsən. Baxın, Avropa Birliyindən bir nəfər də olsun Amerikanı müdafiə etmədi. 20-lərdən bir nəfər də yoxdu. NATO üzvü olan bir dövlət yoxdur, İslam Əməkdaşlıq təşkilatından bir dövlət yoxdur. Yəni dünyadakı birliklər də Amerikanın əleyhinə səs verib.
 
- BMT-nin qərarını Amerikanın məğlubiyyəti kimi qəbul etmək olar?
 
- Xeyr, mən bu qərarı nə Amerikanın, nə də xalqının məğlubiyyəti kimi qəbul etmirəm. Mən Amerikada dəfələrlə səfərdə olmuşam. Orada çoxlu konqresmenlərlə, senatorlarla, eləcə də Amerikanın siyasi dairələrində olan insanlarla görüşmüşəm. Bir çoxları ilə döstluğum da olub. Amerikanlılar da bizim kimi düşünür. Yəni bu qərarın əleyinə düşünən adam Amerikanın özündə 60-70 faizdən çoxdur. Amerikanlar prezident seçməyiblər ki, getsin İsraildən ötrü dünya ilə üz-üzə gəlsin. Sadə Amerikalı düşünəcək ki, İsrailin nə kimi əhəmiyyəti var? 270 milyon Amerika xalqının səs verdiyi bir prezident Amerikanı İsrailə görə nüfuzdan salır. Adama deməzlər ki, sən İsrail xalqının prezidentisən, yoxsa Amerika xalqının?! Sənin məqsədin Amerikaya dost tapmaqdır, yoxsa İsrailə görə düşmən qazanmaqdır? Sadə amerikalı demiyəcək ki, biz yəhudilərə görə dünya ilə düşmən olaq?!
 
- Qüds məsələsindən sonra Amerika ilə Türkiyənin münasibətləri daha da pisləşdi. Amerikanın Türkiyəni bir müttəfiq kimi itirdiyini düşünmək olarmı?
 
- Bəli, Amerika Türkiyə kimi bir müttəfiqini itirdi. Əvvəl, PKK-nı dəstəklədi, indi də Qüds məsələsini qaldırdı. 100 ilə yaxındır ki, Türkiyə Amerikanın ən yaxın müttəfiqidir. Hətta əvvəl müəyyən bir dövrdə Amerika “öl” deyəndə Türkiyə ölürdü, “qal” deyəndə qalırdı. SSRİ-yə qarşı 70 il ərzində bu bölgədə Amerikanın ən sədaqətli müttəfiqi və SSRİ-nin qarşısndan bir güc, panton dövlət kimi duran Türkiyə idi. İndi nə oldu? Sən birdən-birə Türkiyəni kənara qoydun, İsrailin arxasında durursan.
 
Heç kəs İsrailin yer üzündən silinməsini tələb etmir. Əvvəla, yəhudi dövlətinin yaradılması yəhudi dininə ziddir. İkincisi də BMT-nin qərarına ziddir. O qərarda yazılmayıb ki, yəhudi dövləti yaradılsın. Yazılıb ki, yəhudi və Fələstin dövləti yaradılsın. Yəhudi dövlətinin mövcudluğu qanuna ziddir. Təkcə paytxatın Qüds olması yox. Ona görə, Şimali Koreyanın prezidenti deyir ki, yəhudi dövləti var ki, onun paytaxtı da olsun?! O, həmin BMT-nin qərarı əsasında deyir. Qərara görə, Fələstin dövləti yoxdursa, İsrail dövləti necə ola bilər?! Yəhudilər öz müqəddaratını təyinetmə hüququ ilə dövlət olmayıblar. Bəzi xalqlar var, azadlıq uğrunda mübarizə aparır, müstəqillik əldə edir. Yəhudilər yalnız BMT-nin qərarı əsasında meydana çıxıblar. İkinci dünya müharibəsinin nəticəsində. Onlar genosidə məruz qaldığına görə, 1947-ci ildə qərar verilib ki, yəhudilərin dövlətini yaradaq, orada-burada qırılmasınlar. Yəhudilər özləri zorla İsrailə köçürülüb. Dövlət kimi, özün dövlət istəməmisən, dinin dövlət yaratmağa icazə vermir, beynəlxalq hüquqa uyğun dövlət yaratmamısan. Bütün bunlardan sonra dünyaya da “xox” edirsən, dünyaya problem yaradırsan. Ona görə də Amerika Konqresi, Senatı bu qərara Amerika xalqının maraqları baxımından yanaşmalıdır, yəhudilərin maraqları baxımından yox və Trampın bu düşünülməmiş qərarı ilə bağlı öz mövqeyini ifadə etməlidir. Əks halda, Amerika dünyada demokratiyanın əleyhinə olan bir güc durumuna düşəcək
 
- Amerikanın 128 dövlətin qarşısında duruş gətiməyə gücü varmı?
 
- Amerikanın elə bir gücü yoxdur ki, qabağında duran 128 dövləti qarşısına alsın. Tək bir Çin elə Amerikanı iqtisadi cəhətdən otuzdurur. Hərbi cəhətdən də Rusiya, Çin, Türkiyə, Hindistan var. Dünyanın dördüncü güclü ordusu Türkiyədədir. Amerika bu qədər gücə qarşı dura bilməz. Ona görə də Amerika bu qərarı bir məğlubiyyət kimi düşünməməlidir. Bu qərara sadəcə olaraq beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa hörməti kimi yanaşmalıdır. O cümlədən Amerikanın da yanaşmalı olduğu kimi. Amerika demokratik bir dövlətdir. Tramp hüquq tanmır, demokratiyadan xəbəri yoxdur. O, elə deyir ki, mən bunu yazdım, qurtardı. Bu belə ola bilməz. Beynəlxalq hüquq var, qətnamələr, qərarlar var. Sən elə ürəyindən keçən istənilən şeyi deyəcəksənsə, onda dünyada beynəlxalq hüquq nəyə lazımdır. Bu qərarı dünyada beynəlxalq hüququn işlənməsi istqamətində atılan ən ciddi addımlardan biri hesab edirəm.
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...