Əflatun Amaşov Gürcüstan səfərindən danışdı

“Gürcüstanın heç bir ali məktəbində Azərbaycan dili və ədəbiyyatı üzrə müəllim kadrları hazırlanmır”
Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov Gürcüstanda səfərdə olub və bir sıra görüşlər keçirib. Səfərlə bağlı  Ə. Amaşov “Yeni Müsavat”a aşağıdakıları bildirib:
 
“Gürcüstana getməkdə məqsədim ondan ibarət idi ki, ziyalılarla, rəhbər nümayəndələrlə görüşüb, orada keçirilən tədbirlərdə iştirak edim. Eyni zamanda ziyalıları nələrin narahat etdiyini, problemlərini öyrənim. Keçirilən görüşlərdə əsas diqqəti çəkən məqamlardan biri məktəblərlə bağlı oldu. Çünki Gürcüstanda təhsil sistemi Azərbaycandan fərqlənir və orada artıq  bu mərhələ başlayıb ki, dəqiq elmlər eyni zamanda gürcü dilində də keçirilsin. Əsas məqsəd ondan ibarətdir ki, Gürcüstanda təhsil alan məktəblilər məktəbi bitirdikləri zaman  gürcü dilini də mənimsəmiş olsunlar. Ancaq burada bir məqam diqqətimi cəlb etdi ki, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin yaşları təqribən 60-dan yuxarıdır. Bu gün bu müəllimlər var, bəs sabah necə olacaq? Onları kim əvəz edəcək? Vaxtilə Gürcüstanda Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı fakültəsi var idi. Həmin məktəblər üçün müəllimlər orada da hazırlanırdı. Ancaq indi Gürcüstanın heç bir ali məktəbində Azərbaycan dili və ədəbiyyatı üzrə müəllim kadrları hazırlanmır. Eyni zamanda Gürcüstanda fəaliyyət göstərən məktəblilərin əksəriyyəti başqa sistemdə təhsil aldıqları üçün onlar əsasən Gürcüstandakı ali məktəblərdə oxumağa üstünlük verirlər”.
 
Ə.Amaşov bildirib ki, bu kimi məsələlərlə bağlı araşdırmalar aparıb, müəyyən fikirlər də ortaya qoyublar: “Yerli ziyalılar bizə təklif etdilər ki,  ola bilər müştərək ali məktəb- ”Gürcüstan-Azərbaycan" universitetinin yaranması, yaxud da hansısa universitetlərdə Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssislərin hazırlanması gündəmə gəlsin. Ancaq bu iş böyük işlər  görmək tələb edir. Eyni zamanda belə bir məsələni də müzakirə etdik ki, Azərbaycan hökuməti ilə Gürcüstan hökuməti arasında müəyyən razılaşma olmalıdır. Hər il 2-3 nəfər gürcüstanlı Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə güzəştli qaydada  təhsil almalıdır. Çünki Gürcüstanda təhsil alan məktəblilər Azərbaycan ali məktəblərində test üsulu ilə imtahan verməyə çətinlik çəkirlər. Qeyd etdiyim kimi, sistem başqadır. Bu problemin aradan qaldırılması üçün düşünürəm ki, gürcüstanlı tələbələrin güzəştli şərtlərlə Azərbaycan ali  məktəblərində oxumaları  vacibdir. Çünki onlar ali məktəbi bitirdikdən sonra geri qayıtmalı və doğulduqları yerlərdə fəaliyyətlərini davam etdirməlidirlər. Gürcüstan ziyalılarını daha çox bu məsələlər narahat edirdi".
 
Əflatun Amaşov qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar  özlərinin yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən insanlar olublar: “Çoxsaylı ziyalılarımız Tiflisdə  yaşayıb, orada əsərlər yaradıblar. Eyni zamanda onlardan bir qismi də Borçalı ziyalılarıdır ki, yaşayıb yaradıblar. Onların  adlarının əbədiləşməsi, yaradıcılıqlarının öyrənilməsi və digər bu kimi məqamlar da Gürcüstan ziyalılarını narahat edən cəhətlərdən biri idi. Orada jurnalist və şair mərhum Fikrət Mursaqulovun rus dilində çapdan çıxmış ”Uteshenie" (Təsəlli) şeirlər kitabının təqdimat mərasimi keçirildi. Bu kitab Mətbuat  Şurasının xətti ilə hazırlanıb, çap edilib. Gürcüstanda eyni zamanda yerli rəhbərlərlə görüşüb, orada yaşayan azərbaycanlıların iş problemləri ilə  söhbətlər apardıq. Hər yerdə olduğu kimi Gürcüstanda da işsizliklə bağlı problemlər qalmaqdadır. Orada yaşayan həmyerlilərimizin xeyli hissəsi işsizlikdən şikayət etdilər. Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində də olduq. Orada Azərbaycan Mətbuat Şurası ilə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin birgə həyata keçirdikləri layihəyə çərçivəsində kitablarin  bir hissəsini mərkəzlərə, məktəblərə təqdim etdik. Məqsəd Azərbaycanda ayrı-ayrı  nəşriyyatlarda çap edilən kitabları toplayıb, fəaliyyət göstərən məktəblərə və mədəni mərkəzlərə hədiyyə etməkdir. Eyni zamanda insanları Azərbaycanla bağlı kitablara cəlb etməkdir.  Artıq bu sayaq məsələlərdə ilk addımı atdıq".
 
Ə. Amaşov bildirib ki, Gürcüstan parlamentində də olub orada deputatlarla görüşüb: “Azərbaycanlılar yaşayan rayonlardan seçilmiş deputatlarla da  görüşüm oldu. Bundan sonra bu kimi görüşləri intensivləşdirəcəyik. Eyni zamanda bizim dostluq qrupunda 20-yə yaxın millət vəkili təmsil olunur. Onların qruplar halında Gürcüstana səfərlərini və eyni zamanda Gürcüstan deputatlarının da Azərbaycana səfərlərini təşkil edəcəyik. Əsas məqsəd ondan ibarətdir ki, Gürcüstan-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etmiş olaq”.