Firudin Cəlilov: "Əgər komblok qalib gəlsə idi, biz 43 deputatı güllələyəcəkdilər"

 
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
 
25 il öncə SSRİ-də baş verən siyasi proseslər sonunda xalqların öz müqəddəratını həll etmək səviyyəsinə çatdı. O zaman SSRİ-nin ən qaynar yerlərindən biri də Azərbaycan idi. Azərbaycanda da SSRİ-nin qalmasını istəyənlərlə demokratlar arasında mübarizə gedirdi. Çətin keçən proseslərdən sonra 18 oktyabrda Ali Sovetdə Müstəqillik Aktı qəbul olundu.
 
O zaman baş verən proseslərlə bağlı İstiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilov xatirələrini Ölkə.Az-la bölüşüb:
 
"O zaman çox qarışıq günlər idi. Bir onu bilirəm ki, o günlər çox əziyyət çəkdik. Əsl müstəqillik məsələsi mart ayında həll olundu. Referendumda məsələ qoymuşdular ki, sovet ittifaqı qalsın, yoxsa dağılsın? O zaman deputatların çoxu səs verdi ki, sovet hökuməti qalsın. Bu o deməkdir ki, onlar Azərbaycanın müstəqilliyini istəmirdilər. Azərbaycanı əvvəlki kimi sovetin tərkibində görmək istəyirdilər. Əksər deputatlar müstəqilliyin əleyhinə səs verdilər. O zaman biz, 43 deputat Azərbaycanın müstəqil olmasının lehinə səs verdik. Bizim səsimiz az oldu deyə mart ayında müstəqil ola bilmədik.
 
43 deputat avqust ayında bəyanat qəbul etdik. Sentyabr ayında məsələ təkrar olundu və 18 oktyabrda Müstəqillik Aktı qəbul olundu. Sonuncu dəfə deputatların böyük əksəriyyəti səs verdi. Açığı, mart ayında səs verməyən deputatlar gördülər ki, məsələ onlar deyən kimi olmayacaq və fikirlərini dəyişdilər.
 
İndiki Rusiyada da o zaman demokratik qüvvələrlə sovetlərin qalmasını istəyənlər arasında mübarizə gedirdi. Əgər sovetlərin qalmasını istəyənlər (komblok) qalib gəlsə idi, Azərbaycanın müstəqilliyinə səs verən 43 deputatı (demblok) güllələyəcəkdilər. Sözün əsl mənasında, demokratlarla SSRİ-ni saxlamaq istəyənlər arasında müharibə gedirdi.
 
43 deputat məcbur elədi ki, digər deputatlar da müstəqillik aktına qol çəksinlər. 18 oktyabr günü olanlar indiki kimi yadımdadır. Deputatların çoxu qorxurdu, Milli Məclisə gəlmirdi. Gələnlər isə zala keçmirdi. Onların qoluna girib başa salırdıq ki, müstəqil olmaq tarixdə nadir hadisələrdən biridir. Bəzilərini inandırıb zala sala bildik. Xeyli sayda deputat ümumiyyətlə zala girmədi. Bəziləri qorxurdu, bəziləri isə Azərbaycanın müstəqil olmasını istəmirdi.
 
Faktiki olaraq, onların çoxunu 43 deputat məcbur elədi ki, müstəqillik aktına səs versinlər. Maraqlı odur ki, indi həmin adamlara İstiqlalçı deputat deyirlər, istiqlal ordeni verirlər, çoxusu vəzifədədir, yenə də deputatdır, ancaq mənim heç Bakıda evim də yoxdur, gəlib Xızıda yaşayıram".
 
Qeyd edək ki, Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.