Finlandiya "gözəllik kraliçası" da Trampı seksual təcavüzdə ittiham etdi

 

 
Donald Tramp 12-ci dəfə cinsi təcavüzdə ittiham edilib
 
"The Telegraph" yazır ki, keçmiş Finlandiya gözəli irəli çıxaraq ABŞ prezidentliyinə namizəd Donald Trampı cinsi təcavüzdə ittiham edən sayca 12-ci qadın olub.
 
30 yaşlı Ninni Laaksonen Miss Finlandiya titulunu 2006-cı ildə qazanıb.
 
Qadın yerli Ilta-Sanomat qəzetinin sorğusuna cavab olaraq bildirib ki, cənab Tramp elə həmin 2006-cı ildə "onun yanbızından yapışıb".
 
Xanım Laaksonen deyib ki, bu insident o David Letterman-ın gecə proqramı Late Show verilişinə çıxmazdan bir neçə dəqiqə əvvəl baş verib. Həmin verilişdə cənab Tramp və gözəllik yarışının daha iki iştirakçısı çıxış etməli idilər.
 
"Şoudan əvvəl binanın qarşısında bizim şəklimizi çəkirdilər, - deyib keçmiş Finlandiya gözəli, - Tramp mənim yanımda dayanmışdı. Birdən arxa tərəfdən əlini uzadıb mənim yanbızımı əli ilə sıxdı. Daha doğrusu o mənim yanbızımdan əməlli-başlı yapışmışdı…"
 
Xanım Laaksonen bunu da deyib ki, o və başqa yarış iştirakçıları cənab Tramp və onun arvadı Melania ilə bir neçə ev qonaqlıqlarında da olublar. Onda Donald Tramp Melania ilə bir ildi ki, evlənmişdi.
 
"Mənə kimsə demişdi ki, Trampın məndən xoşu gəlir, çünki Melania-nın cavanlığına oxşayıram. Lap ürəyim bulanırdı" - deyib Laaksonen.
 
"The Telegraph" yazır ki, xanım Laaksonenin əhvalatına bənzəyən əhvalatları daha 11 qadın da danışıb.
 
Donald Trampa qarşı cinsi təcavüz ittihamları oktyabrın 13-dən səslənməyə başlayıb. Həmin gün hazırda 74 yaşı olan Jessica Leeds demişdi ki, Tramp "lap səkkizayaq" kimi idi və onlar 1980-ci illərdə yanaşı oturanda o əllərini dinc qoymurdu.
 
People jurnalının müxbiri Nataşa Stoynoff deyib ki, Tramplardan evlənmələrinin birinci ildönümündə müsahibə götürmək üçün Mar-a-Laqoya gedibmiş. Orada Donald Tramp malikanənin otaqlarından birində xəlvətə salaraq müxbiri öpüb.
 
Trampın apardığı "The Apprentice" teleşousunun iştirakçısı Summer Zervos da göz yaşları axıdaraq Tramp-ın onu 2006-cı ildə Beverli Hills otelində zorla qucaqlayıb öpməsi barədə danışıb.
 
Cənab Tramp onu ittiham edənlərin hamısını məhkəməyə verəcəyini deyib.
"Bu əhvalatların hamısı yalandır" - deyib Tramp "Good Morning Amerika" verilişinə.
 
Onun arvadı Melania Tramp da eyni verilişə müsahibəsində ərini ittiham edənlərin yalan danışdıqlarını bildirib.
 
O deyib ki, Amerika xalqı bu söhbətləri deyil, daha ciddi məsələlərin müzakirəsini gözləyir (BBC).