Filosof: “Bəs qoca arvadlar hansı seksuallıqdan qorxub çarşablanır?” – MÜSAHİBƏ

 
Teleqraf.com tanınmış filosof  Niyazi Mehdi ilə müsahibəni təqdim edir
 
– Niyazi müəllim, sizin yazıları maraqla oxuyuruq, ancaq bəzən nə oxuduğumuzu anlamırıq. Anlaşılmamaq sizi narahat edirmi?
 
– Sözsüz, narahat edir, ən azı ona görə ki, çox anlayanlar çox pul deməkdir. Düzdür, bu riyaziyyat Azərbaycana aid deyil, çünki bizdə yazar «biznesi» elə deyil ki, 500-1000 tirajdan çoxuna oxucu tapasan ki, qonorar (yəni şərəfləndirmə) qazanasan.
 
Adamı anlamayanda yazısının etgi dairəsi də daralır. Bu isə o deməkdir ki, sən iddia etdiyin nüfuzu, sosial reputasiyanı da qazanammırsan. Hərçənd bu yerdə deməliyəm ki, çağımızda sosial nüfuza böyük zərbə vurulub. Sovetlərdə bu nüfuz nomenklatura sistemi ilə sığortalanırdı, yəni arxasında Kommunist partiyası dururdu. Belə nüfuzun qayıtmasını arzulamaq, sözsüz, pis keçmişi qaytarmaq istəyidir. Normal ölkələrdə hətta yüksək dövlət adamının, ünlü ulduzların məhkəməyə verilməsi göstərir ki, oralarda da sosial nüfuz adamları qanuni cəzalardan sığortalamır. Mən bizdə sosial nüfuzun dağıdılmasını söyləyəndə onu demirəm ki, hörmətli adamlara prokurorlar, məhkəmələr üzgörənlik etmirlər. Mən onu demək istəyirəm ki, bizdə rüşvətxor prokurorun, hakimin, nazirin rüşvət tələbindən sosial nüfuzu olan adamlar da sığortalanmayıb. Ona görə nüfuzlu adamların adi adamları rüşvətdən qorumaq imkanı da yoxdur. Bu, çox pis haldır.
 
Öz çıxarılarına görə sosial nüfuzun dağıdılmasından böyük rolu olmuş və indi türmədə yatan keçmiş məmurlar hazırda öz əməllərinin ziyanını çəkirlər. Onlar çox istərdi ki, ölkədə elə nüfuzlu adamlar olsun ki, onlara haqsızlıq ediləndə imzalarını verib bu haqsızlıqdan onları qorumaq üçün ictimai rəy yaratsınlar. Hərçənd boynumuza almalıyıq ki, onlar elə korlanmış adamlardır ki, nüfuzlu adamları arzulayırlar ki, onların suçsuzluğunu desinlər.
 
Bu adi gerçəkləri söyləyən kimi ağlıma qaranlıq yazıların mədəniyyət tarixində oynadığı rol gəlir. Beləcə, «lehin və əleyhinə» qoşalığını söyləməli oluram. Ona görə oluram ki, oxucu məsələni çox yönlü, yəni stereoskopik bilsin. Heraklitə pis anlanıldığı üçün əski yunanlar «Qaranlıq Heraklit» deyirdi. Sokrat isə söyləmişdi: ondan nəyi anladımsa, ləzzət idi. Ümid edirəm anlamadıqlarım da elədir.
 
– Sizcə, müsəlman dünyası Qurani-Kərimi anlayırmı?
 
– Görün, müsəlman uluslarında Qurani-Kərimin ərəbcəliyinə görə anlanmaması necə bir dini heyranlığa nədən olub. Bu, 90-cı illərdə ünlü Yuri Lotmandan oxuduğum düşüncədir, yadımda qalıb: sakral, yəni qutsal, ilahi mətnlərin anlaşmazlığı dini anlam etgi-təsir daşıyır. Əski slavyan dilində Bibliya pis anlanılsa da bu etgi üzündən saxlanmışdı. Uzun sürə Bibliyanın latın variantı da elə olmuşdu.
 
– İlk dəfə Quranla nə vaxt tanış olmuşunuz?
 
– Mən ilk dəfə Quranın ruscasını oxuyanda, deyəsən, 10-cu sinifdə idim...
 
– Oxuyub nə düşündünüz?
 
– Dəhşətə gəldim: budur Allahın kitabı?! Onacan ateist ailəmizdə Quranın ərəbcə nüsxəsinə qorxa-qorxa, əsə-əsə baxırdım. Xeyli sonralar Ortaçağ mədəniyyəti ilə məşğul olanda, ayələrin bu mədəniyyətdə dəhşətli dövrüyyəsini görəndə bu dövriyyə onların dərinliyini, qutsallığını mənə anlatdı. Tatar ruhanisi nəslindən olan ünlü bir şərqşünas olub, Aqafanqel Krımski – o da demişdi ki, sən müsəlman dünyasında Quran ayələrinin türlü dartışmalarda, traktatlarda və hallarda dövriyyəsini görəndən sonra onların dərinliyi sənə açılır.
İndi başqa bir faktı deyim: Sovetlərin axırında birdən-birə mənim kimi gənclərin Mərkəzi Komitəyə toplantıya çağırılması mümkün oldu. Orada İslam və bizim toplum müzakirə olunurdu. Bir qocaman ateist durub dedi ki, Quranı dilimizə çevirmək gərəkdir. Görəssiniz, xeyli adam onu oxuyub İslamdan üz döndərəcək. Bax, bu, qutsal mətnləri «aydın» anlamağın dayaz və biliksiz adamlarda necə axmaq hal yaratmasına örnəkdir. Ona görə də bəzi dayazların anlamasından anlamaması yaxşıdır. Mənim dissertasiyalarım çətin anlanan semiotik-struktur metoda söykənirdi və bu, məni müdafiələrdə nə qədər axmaq tənqidçilərdən qorumuşdu. Onlar duymuşdular ki, həmin dissertasiyalar onların girəcəyi bostan deyil, ona görə də susmuşdular.
Sorunuzla ilgili iki-üç cavab variantınaları ilə gördüyünüz kimi, məsələni kontekstləşdirdim. 20 il bundan qabaq «kontekstləşdirdim» yazasaydım hamıya qaranlıq gələrdi, indi Allaha şükür, adamlarımız bilgilənib, daha belə terminləri anlayırlar. «Mentalitet»i, «tekst»i, «rutin»i bilirlər.
 
Mən rəhmətlik dostum Vaqif İbrahimoğlunun, Aydın Talıbzadənin, Zeynal Məmmədlinin, daha neçə-neçə intellektuallarımızın qaranlıq görünən yazıları ilə ilgili bir nəsnəni də deyim. Bir ağacı götürüb qalın və nazik boşqaba, dəmir vərəqəyə, miss qaba və s. vursan, türlü səslər çıxacaq. Bizlər yazanda hər hansı ideyamızı mədəniyyətin ayrı-ayrı olaylarına, nəsnələrinə vururuq ki, çoxsəsli düşüncələr alaq. Ona görə də ideyanı gəzdirmək üçün onu əyirik-üyürük, dolaşdırıb sonra dolaşıqdan çıxarırıq və bu trayektoriyanı izləməyə hövsələsi çatmayanlar «of» eləyib deyirlər yaman çətin yazır. Özü də qınaqla demirlər. Bir çox yazarlar Azəri oxucusunu düzünəqulu, gəzintisiz yazıları ilə korlayıblar. Yəni əyri trayektoriyalarla oynayan məqalələr bizdə çox olmadığı üçün oxucular da tərbiyələnməmiş, egitimlərnməmişlər. Baxın, rusca babat bilən redaktor dilimizdə ağıllı bir yazını oxuyanda deyir, çətin yazıdır, qəzetlik deyil. Ancaq o yazını qəzetdən rusca oxuyanda, demir ki, qəzetlik deyil.
 
Anlamağın bir problemi də yazının kodların bilməməkdən gəlir. Sözsüz, sən yalnız ərəbcəni bilib bu kodla Qurani-Kərimi oxusan, «aldı», «gətirdi», «çağırdı» kimi sadə mənaları anlayacaqsan. Ancaq Platondan aldığın kodla «kun-fəkun»u, yəni «ol deyəndə olur» ayəsini oxuyanda Allahın ideyalar, eydostlarla dünyanı yaratdığını oxuyacaqsan.
 
Mən bir neçə dildə çox qaranlıq sayılan filosfoları oxuyub anlamış adamam. Ancaq indi Lakan, Derrida kimi qaranlıqları oxuyanda əzab çəkirəm, onları anlamaq üçün kodlar axtarışına çıxıram. Hətta elə yeməklər var ki, onların da dadını bilmək üçün ağzımız onların «kodunu» bilməlidir. Biz isə küftə-bozbaşla yetərlənirik. Halbuki qurmanlar qanırlar ki, qurbağa «kababını» yemək üçün kodunu mənimsəməlisən. Vaxtilə sarmısaqlar, istiotlar, motal pendiri belə mənimsənilib.
 
Gördünüz, bir soruya babat cavab, yanıt vermək üçün haralara getdik, haralara çıxdıq, nələri gətirməli olduq? Oxucu mədəniyyəti həm də belə dolaşıqlarla getməyi öyrənməkdir.
 
– Azərbaycanda kim fəlsəfə ilə məşğuldusa ona filosof deyirlər. Düzgündürmü bu? Məsələn, Həmid İmanov fəlsəfə dərsliyi yazıb, ona filosof demək olarmı?
 
– Həmid İmanov haradan ağldınıza gəldi? Deyəsən, müəlliminiz olub və xətrinizə dəyib.
 
– Yox, müəllimim olmayıb, amma onun kitabından dərs vəsaiti kimi istifadə etmişik.
 
– Dəyərli dostumuz Nizami Cəfərovun anekdotlarından rəhmətlik Həmid müəllimə baxsanız, xeyli yumşalarsınız. Siz, niyə bu «filosof» sözünü belə yekələndirirsiniz ki, sonra onun altına ancaq Heqellər girə bilsin?
 
– Haqlı deyiləmmi?
 
– «Filosof» da «həkim», «pinəçi» kimi bir sözdür, anlamı isə adidir: «hikməti sevən». Bəzi yazıçılar var ki. özlərinə «yazıçı» deməkdən utanırlar, halbuki babat hekayələri var. Belə təvazö göstərirlər və adamları çaşdırırlar. Hikmətlə peşə səviyyəsində məşğul olan filosofdur.
 
– Sizi də filosof kimi təqdim edirik...
 
– Deyəmmərəm ki, özümü «filosof» adlandırmaqdan və saymaqdan nəsə mənəvi «kayf-kef» alıram, ancaq «filosof» «diş həkimi» sözü kimi bir kəlmədir. Heqel, Vitqenşteyn, Popper kimi adamlara isə biz parlaq filosof, dahi filosof deyirik.
 
– Ağalar Məmmədov necə, onu filosof kimi qəbul edirsinizmi?
 
– Sözsüz, qəbul edirəm və yüksək tuturam. Dünya çapında parlaq filosof olacağını gözləyirəm. Qoy almancanı Kantı anlamaq səviyyəsində öyrənsin, bəlkə də Uluslararası konfranslarda alnımızı açıq edəcək. İndilik isə Azərbaycan üçün parlaq düşünən adamıdır, hətta bəzən qibtə edirəm ki, sizin nəsil onu elə sevir, məni sevmir.
 
– Ümumiyyətlə, əsl filosof hesab etdiyiniz daha kimlər var?
 
– Ağalar elələrindəndir. Rəhman Bədəlov, Əli Abbasov və Fəlsəfə İnstitutunun bir xeyli işçisi əsl filosofdur.
 
– Bəs dahi filosoflar?
 
– Dahi filosoflar fəlsəfəyə yeni paradiqmalar, nəzəri sistemlər, yeni düşüncə kodları, nə bilim koordintları gətirənlərdir.
 
– Belələri bizdə varmı?
 
– Deyəsən, yoxdur.
 
– Bəs gürcülərdə?
 
– Bəlkə də Mamardaşvili bu kateqoriyaya düşür, hərçənd onu gürcü-rüs filosofu adlandırmaq daha düzdür. Əgər Psevdo-Dionisi Ariopaqit bəzilərin söylədiyi kimi, gürcü şahzadəsi olubsa, o da düşə bilər.
 
– Filosof deyəndə ağlına ilk gələn o olur ki, yəqin ateistdir. Özü də ateist filosoflara daha çox inanırlar. Niyə belədir?
 
– Tarixdə filosofların çoxu ateist olmayıb. Heç həkimlərin, fiziklərin çoxu da olmayıb. Filosofların xeylisi ona görə ateist kimi görünürlər ki, onların bilincində, mətnlərində Tanrı və bir çox dini olqular, yəni olanlar mifoloji, folklorsayağı şəkillərdə olmur. Yəni biri var, Tanrını taxtda oturmuş Xaqan kimi görəsən (Qurandakı «ərşi» yada salın), biri də var ki, Tanrını İbn-Sinadakı kimi «özü-özünün səbəbi olan varlıq» kimi biləsən. Bu filosof həmin termini seçməkdə ondan itələnirdi ki, dünyada hər nə varsa, nədəni, səbəbi başqasındadır, yalnız Tanrıdır özü-özünün səbəbi olan. Buz əriyir ona görə ki, hava qızır və bu, əriməyə səbəb olur. Mən depressiyaya ona görə düşürəm ki, psixikam dişarıdan mənfi impulslar alır. Qutum, ruhum ona görə məni yeriməyə itələyir ki, aclıq və yemək onu vadar edir…
 
Bütün dinlər Tanrı və qutsallığı, yəni müqəddəs olayları obrazlarda, şəkillərdə verirlər. Ona görə Tanrı da (A.Losev), yazığı gələn, qızan, əzizləyən, danlayan şəxsiyyət psixolojisini alır (A.Losevdən gələn fikir). Bir düşünün, Allah şəxsiyyət biçiminə girməsə, Qurandakı monoloqları söyləyə bilərmi?! Tanrı İsus Xristos «cildinə» girməsəydi, Xristianlığı öyrədə bilərdimi? Tanrı Cahiliyyənin avam adamlarına Cənnət mutluluğunu necə qandıra bilərdi ki, onlar yalnız yağı-balı, suyu, südü, seksi ləzzətlərini ləzzəti bilirdilər. Daha dərinə getməyəcəm, bircə onu deyim ki, bu səbəbdən də İbn Rüşd hesab edirdi ki, din Allaha avam adamları qandırmaq üçün şəkillərin dilində danışır. Yüksək səviyyəli adam üçünsə fəlsəfə dini anladır. Platonda Tanrı tam və Bölünməz Bircə, əbədi Yaxşıdır. İslamda Rəhmandır, Rəbdir. Mən isə əlavə edirəm, nə varsa, o dolayılığa məhkumdur, hətta qoxuları da biz dolayı, - molekulların burnumuza düşməsi, sinirlərimizdə siqnalların döyünməsi ilə alırıq. Bircə Tanrıdır dolayılığa məhkum olmayan, hər nəsnəni birbaşa bilən və buna bəsirət deyirlər.
 
Çağdaş adamın bir problemi var. Əgər Allahı mifoloji görklərdə, şəkillərdə bilməsə ürəyi dini buyuruqlara soyuq qalar. O zaman din və Allah ondan iraqda durar. Deməli, ürəyi buz kimi olduğu üzündən Quranı qucaqlamaqdan, pirə getməkdən sağaldıcı impuls alammmaz. Əgər Tanrını və dini yalnız görkələrin, obrazların dilində bilsə, İslamçı radikallar kimi qaniçən və ya Sabirin satriasına düşənlər kimi iyrənc ola bilər. Bu axırıncı dediklərim Allahı, İslamı nağılların, folklor hikmətinin dilində bilib başını aşağı salaraq yaşayan, sağa-sola qəzəb yağdırmayan başıaşağı, həlim müsəlmanlara aid deyil.
 
– Çağdaş İslam dindarlığının əsas problemi nədir?
 
– Bir ciddi sorunu var, necə etməli ki, sənin dini-fəlsəfi ağlın, intellektuallığın sənin ürəyini qutsal yerlərdən, peyğəmbərlərdən, şiəsənsə, İmam Hüseyn sevgisindən, sünnisənsə Mövlananın fır-fıra rəqsindən gələn enerjinin qarşısında möhürləməsin?! Necə etməli ki, sənin Kəbə qarşısında duyduğun riqqətin ağıllı adamalarda ikrah, kinayə doğurmasın?!
 
– Mifoloji din yaxşıdır, ya fəlsəfi din?
 
– Bu sorunun tam cavabını bilmirəm. Dindəki Tanrı haqqında bilgilər Qeyb Aləmi olan Tanrıdan nə qədər uzaqdırsa, filosofların Tanrı anlayışları da o qədər uzaqdır. Hər ikisi insan mənəviyyatı, ləyaqəti üçün faydalı ola bilərlər, ancaq hər ikisi əndazəni pisə doğru aşa bilərlər.
 
– Bəs necə olmalı?
 
– Mənim özümdə «necə olmasını» «reqistr» termini ilə açım. Termin səsin ton yüksəkliyini bildirir. Reqistri dəyişdirəndə eyni not ya aşağı səsdə, ya orta, ya da yuxarı səsdə olur. Pianinonun pedalı da, deyəsən, reqistri dəyişir. Reqistri başqa örnəkdə açım. Yazının harada çap olması onun dəyərini reqistr kimi dəyişdirir.
 
– Necə yəni?
 
– Məsələn, mənim bu müsahibəmi «Azərbaycan» qəzeti çap etsə, bizdə sosial nüfuzun dağılması ilə bağlı dediklərim bomba kimi partlayar. Beş-altı sayt yenidən çap etsə isə bomba kimi partlamasa da etgisi xeyli artar. Eyni bəyanatı Nobeli almış yazar verəndə bir cür qavranılır, adi jurnalist verəndə başqa cür. Azərbaycan külütürü elə durumdadır ki, Amerika alimi hətta mənim bu müsahibəmi alovlu tonla pisləsə, mənə yaxşı nüfuz gətirər, mən onu pisləsəm, heç qulağına da gedib çatmaz. Deməli, yabançıların çoxu bizdə çıxan yazılar üçün reqistr ola bilər, biz isə onlar üçün olammarıq. Bax, dünyada durum belədir, bilmirsən, ağlayasan, ya güləsən.
İndi, mənim mənəvi yaşamımda fəlsəfi din reqistr rolounu oynayır. Dini olaylarda düşüncə dərininə getmək istəyəndə fəlsəfi pedali basıram. Duyğularda dərinə getmək istəyəndə isə bu pedalı az və ya çox dərəcədə yavaş-yavaş buraxıram. Bir adamın psixolojisində olan bu durum toplum qatında da olmalıdır. Məscid və bilim reqistr oluban toplumda mifoloji diniliyi və ya fəlsəfi diniliyi artırıb azalda bilər, hansı əndazədən çıxsa, o birisini artırar. Gəlişmiş dünyada biz bunu görürük: İsraildə hər iki dini mədəniyyət bir-biri ilə ya dartışır, ya da bir-biri ilə növbələşir. Natanyahu kimilərində gələnəksəl İudaizm də var, fəlsəfi İudaizm də var. Türkiyədə İslamla bağlı belə adamlar çox olmalıdır, İranda da olmalıdır.
 
– İnsanın öləndən sonra onun başqa bir dünyada yaşamasına, cənnət-cəhənnəm söhbətlərinə inanırsınız?
 
– İnanıram.
 
– Bəs cənnət-cəhənnəmin doğruluğunu elmlə sübut edə bilərsinizmi?
 
– Yox, bunların düzlüyünü elmlə sübut edə bilmərəm. Kant deyirdi ki, əgər qutumuzun qalınlığı, eni yoxdursa, deməli, bölünməzdir. Nəsimi bu anlamda özünə la-məkan deyirdi, yəni özünə ensiz-uzunsuz ruh deyirdi. Kant davam edirdi ki, qutumuz belədirsə, deməli, ən sadə, ən bəsit olqudur, olandır. Onun hissələri olmadığı üçün o bölünməzdir, yəni ölməzdir. Gözəl və paradadoksal düşüncədir. Ona görə paradoksaldır ki, insan ruhunu biz nəsə çox mürəkkəb olqu saymağa alışmışıq, Kant isə deyir, ən bəsit olqudur. Demə, ən bəsit ən yüksək işlər görə bilər. Ancaq söylədiyim fikrə nə qədər heyran olsam da deyə bilmərəm ki, o, fizikada, kimyada olan sübutlar gücündədir.
 
Cənnət-Cəhənnəm isə mənim üçün şərti obrazlar, görklərdir. Çalışıram onları ağlım üçün, İslama intellektual heyranlıq üçün yozum. Örnəyin, bu düşüncəmə baxın: Cənnətdə konflikt, halda-hala düşmək olmadığı üçün o, əyri-üyrü cizgilərin oyununda qurulmayıb. Ona görə də Cənnət maksimum sadəlik aləmidir. Adəmlə Həvvanın Cənnətdən qovulması isə sadəlik, arınmışlıq psixolojisindən mürəkkəblik, dolaşıqlıq psixolojisinə qovulmuşluqdur. Sufizm Vəhdətə çağırışı ilə insanı bu mürəkkəblik psixolojisindən geriyə - yenidən sadəliyə qovuşdurmaq istəyir. Adəmlə Həvvanın Cənnətdən qovulması onların krizis dünyasına qovulmasıdır!
 
– Sizcə, dinsiz bir dünya necə olardı?
 
– Dözülməz. Mən Herman Hessenin «magiyasız dünya dözülməz olardı» deyimini perefraz etdim. «İbadət düşüncələri» adlanan «Qanun» nəşriyyatının çap etdiyi və indi də satışdı olan kitabımda isə belə perefraz etmişdim: Rəbsiz kosmos mənim üçün darıxdırıcıdır.
 
Siz baxın, görün, nə qədər memarlıq abidələri dinin etgisi ilə yaranıb. Nə qədər fəlsəfi düşüncələr dindən doğub, nə qədər gözəl olaylar dinə görə peyda olub.
 
– Bəs dinin törətdiyi faciələr?
 
– Düzdür, bir xeyli faciələrin də nədəni dini toqquşmalardır. Ancaq tərəziyə qoysan, dinin verdiyi yaxşılar gətirdiyi ziyanlardan qat-qat ağır gələr. Hələ onu demirəm ki, dinin yanlış yozumundan doğan fəsadların çoxunu da doğru din uğrunda çarpışmalar aradan götürüb.
 
– Hicaba münasibətiniz necədir?
 
– Mənfidir. Çarşablı şəhərlərdə ürək qısılır. Çarşab sanki yad kişilərin tamahına qarşıdır, ancaq qoca arvadlar hansı seksuallıqdan qorxub çarşablanırlar?! Deməli, onlarda çarşab qadın «uniformasıdı» kimi bir şey olur, yəni bir çox hallarda çarşab, onun zəif variantı olan hicab qadını yad nəzərdən qorumaq görəvini itirir, halbuki çarşabın məhz bu görəvinə görə onu belə müdafiə edirlər.
 
Mən qadınların hicablanma haqqını tanıyıram. Ancaq kiminsə hansısa haqqını tanımaq mənim bəyənməyim deyil. Bizdə çox vaxt qarışdırırlar. Söz özgürlüyünün verdiyi şəraitdən istifadə edərək adam axmaq-axmaq danışırsa, mən onun haqqını tanısam da onu dinləməyə və ya bəyənməyə borclu deyiləm.
 
Hicablı futbol, tennis, valeybol oynamağın gülünclüyü məni ona qarşı edir. Hicablı toplumda teatr-kino və idman, reklam biznesi bərbad hala düşür. Bunun sonucunda toplum iqtisadi baxımdan zəifləyir. Zəifləyəndə isə onun qadınları varlı əcnəbilər qarşısında yazıq olurlar, görürsən ki, kimlərsə ac uşaqlarını yedirtmək üçün, bilirsiniz, nələrdən keçir…Avropaya qaçqın gedən ərəblər İslam ölkələrindəki dini özünəvuruğunluğu bilirsiz necə gülünc edir?! Çarşabı bilməyən yaponun milli qüruruna nə deyə bilərsən?! Heç nə! Ancaq yaşmanmış qadınlarla dolu Əfqanıstan, Pakistan, İran dünyası hara, Yapniya, Güney Koreya hara! Səudiyyənin bəxti gətirib ki, nefti var, ona görə çarşablı qızları başqa cür qavranılır.
 
Bir sözlə, İslam dünyası Batını güclü etmiş bütün alanlarda, - idmanda, əyləncədə, düşüncə özgürlüyündə, reklam mədəniyyətində, modalarda yüksəlməlidir ki, İslamın başını ucaltsın.
 
– Niyazi müəllim, siz bir ziyalı kimi radikal dindarlarla mübarizənin yolunu nədə görürsünüz?
 
– İslam qavrayışının çağdaşlaşmış, modernləşmiş alternativinin geniş yayılması radikal dindarlığın qorxusunu azaldardı.
 
– Yəni İslamı modernləşdirmək?
 
– Fikir verin, demirəm, İslamı modernləşdirmək, deyirəm İslamı anlamağı, qavramağı çağdaşlaşdırmaq. Mən bir dəfə söyləmişdim ki, İslamın ən böyük problemi nə ateistlər, nə xristian, buddist missionerlərdir. İslamın ən böyük problemi müsəlmanlardır. Onların təriqət düşmənçiliyidir, halbuki təriqətlərə bölünmək və intellektual-mənəvi yarışmaq İslamın problemi yox, zənginləşməsi olardı. Başqa bir deyimimi də yenidən səsləndirim. Sən İslamı elə sevməlisən ki, şiə olsan da sünniliyi sevə biləsən. Sən İslamı elə sevməlisən ki, sünni olsan da sünniliyi sevə biləsən. Mən şiə oluban sünniliyi belə sevirəm. Çünki bütün təriqətlər, yollar İnsan Haqlarına qarşı zorakılıq etməyən dərəcədə İslamı anlamağı, duymağı zənginləşdirirlər. Örnəyin, şiəlik ibadətə faciə duyğuları qataraq İslamı zənginləşdirir, Bektaşilik gülüş qataraq zənginləşdirir.
 
Dini radikallaşmaya yol açan hallardan biri siyasi İslamdır. Türkiyədə gülənçilərin quruduğu tor və AKP ilə çarpışması göstərdi ki, dini yaxınlıq siyasi düşmənçiliyə əngəl ola bilməz. Halbuki siyasi İslam ideoloqları özlərinin toplum üçün aktuallığını bununla əsaslandırırlar ki, din didişmə və düşməniçliliyin qarşısını ala bilər. Sözsüz, ateistlərlə, başqa dinlərlə yox, öz dindaşlarımızla düşmənçiliyi deyirlər. Gülənçi hərəkat bu inamın yanlış olduğunu göstərdi. Ona görə də İslamı siyasətə qatmaq düz deyil ki, sonra da didişib dinimizi gözdən salaq.
 
– Din alimlərinə alim demək olarmı? Məsələn, Əbu Hənəfi, İmam Qəzzali... Münasibətiniz necədir?
 
– Fəlsəfədə «alim», «elm» sözü ilə bağlı dolaşıqlıq var. Elm («İlm») quranda Tövratdan və başqa qutsal kitablardan fərqli olaraq ən çox işlənən sözlərdəndir. Orada bu sözün işlənmə tezliyini araşdıran Frans Rozental axırda sonuc çıxarmışdı ki, İslam üçün əsl elm dini bilimdir.
 
Əgər qoyduğunuz soruya neopozitivist fəlsəfədən yanaşsaq, görərik ki, neopozitivistlərə görə heç fəlsəfə də elm deyil, çünki psevdo-problemlərlə məşğul olur. Yəni problem olmayıb problem qiyafsində görünün məsələlərlə əlləşir, ona görə də heç vaxt hamının qəbul etdiyi gerçəklərə çatmır.
 
Karl Popper teologiyanın, yəni İlahiyatşünaslığını elm olmamasını başqa arqumentlə əsəslandırmışdı. Demişdi ki, elmi deyimləri şərtləri dəyişəndə yalana çıxarmaq olur. Dini və teoloji deymiləri isə heç cürə yalanlamaq, yəni falsifikasiya etmək olmur. Teoloqu divara dirəyəndə, axırda deyə bilər ki, Allah bilir niyə.
 
– Azərbaycanda tez-tez cinayət hadisələri baş verir. Əsas motiv bunlardır: namus, qısqanclıq, xəyanət və s. Bütün dünyada belədirmi?
 
– Yox, bütün dünyada elə deyil, bəlkə qaraçılarda elədir, çünki onlar köçəri olsalar da qadınları cəzanın qorxusundan nadir hallarda başqasına qoşulub qaçırlar.
 
Sevgi varsa, ailə varsa, qısqanclıq qaçılmazdır. Qadın kişini qısqanır, kişi qadını. İslamda talaq formulası ilə boşanmanın asanlaşdırılması göstərir ki, dinimiz ər-arvad ilişgisinə xəstə məqamları buraxmaq istəmir. Ancaq bir çox konularda olduğu kimi, namus məsələsində də müsəlmanlar İslamı təhrif ediblər. Azərilər ulus kimi, müsəlman kimi «bizim mentalitet» deyəndə birinci namus məsələsini ağıllarına gətirir.
 
– Bəs əsl namus nədir?
 
– Namusda ən birinci düz alam, düz millət, ərdəmli, ləyaqətli olmaqdır. Biz bunu unudub namusu qadının düz davranışları dərəcəsinəcən daraltmışıq. Namuslu kişi isə bizdə «düz davranmayan qadının» başını kəsən və ya döyüb evdən qovan kişi olub.
 
Mənim üçün korrupsiyaya görə millətin, camaatın malını talayan kişi balerina oluban yarı lüt oynayan qadının vicdanlı ərinə baxanda min dəfə namussuzdur. Ancaq faciə baxın, oliqarxları namussuz saymaq ağlımıza gəlmir, di gəl aktrisa, balerina ərini, qardaşını namusdan zəif saymaq ağlımıza gəlir. Liberal əxlaq deyir ki, bir-birinə sadiq olub-olmamaq ərlə-arvadın öz işidir və ictimai qınağın, rəyin problemi olmamalıdır. Yalnız ər-arvad bir-biri qarşısında sədaqət öhdəyliyini götürüb sonra da bunu pozaraq bir-birini hiylə yapıb aldatsalar, bu ayıb işdir, yəni namusussuzluqdur.
 
Nəyə görə qadını xəyanət etmiş kişini buynuzlu adlandırırlar? Çünki o buynuzu oduğunu görməyən adam kimi qadını tərəfindən aldadılır və qadının hoqqalarını bilmir. Ancaq kişi ilə qadın arasında sərbəst davranış üçün anlaşma varsa, bu, nə qohumlarının, nə dostlarının işidir. Belə deyim, Maya Pliseskayanın nə özünü, nə ərini namussuz saymaq olmaz. Hətta Konstantin Stanislavski də yazmışdı ki, aktrisaların əxlaqına adi qadınların əxlaqına aid ölçülərlə yanaşmaq olmaz.
 
– Kim Allahın varlığını inkar edirsə o, ateistdir? Yoxsa yalnız onun elmi ilə məşğul olanlara ateist deyilir?
 
– Adi adamlar, bəzən bilikli adamlar da hesab edir ki, Tanrını, dini qəbul etməyən adam ateistdir. Ancaq Tanrını Buddizm də qəbul etmir, hətta ona ateist din deyənlər var. Bu anlamda «ateist» anlayışının xeyli dolaşığı var. Hətta desən ki, ateist transendend dünyanı, yəni bizim bildiyimiz dünyadan o tayda olan dünyanı inkar edir, yenə dolaşıqdan çıxmırsan, çünki panteistlər üçün Tanrı hər yeri tutduğu üçün o taydalıq və bu taydalıq da yoxdur. Onun üçün gəlin bütün bu çalarları bilərək «ateist» kəlməsini sizin sorunuzdakı kimi işlədək.
 
– Bəzən deyirlər ki, müasir yazıçılarımız fransız maarifçilərinin ideyalarını yayırlar. Sizcə, Volter, Monteskö, Russo, Didronun ideyaları köhnəlibmi?
 
– Mənim sizin suallara verdiyim cavabların çoxu ruhən Voltergildən, yəni Maarifçilikdən gəlir. Çağdaş demokratik toplumların adamları üçün maarifçiliyin intellektual ləzzəti azalıb, çünki onun bir çox ideyaları, artıq, yaşam norması olub və nəfəs aldıqları hava kimi adiləşib. Geridə qalmış ulusların ağıllı adamları isə hələ də maarifçiliyin sevgisindədirlər. İndi bu dediklərimdən özünüz nəticə çıxarın.
 
– Tərbiyə, əxlaq, vicdan nə deməkdir? Tərbiyəli, əxlaqlı, vicdanlı insan kimlərdir? Yaxud əksi: tərbiyəsiz, əxlaqsız, vicdansızlıq nə deməkdir? Yəni bu anlayışların hamısı bizə yerbəyer olubmu?
 
– Türklərin tərbiyə, təhsil anlamında işlətdikləri «egitim» sözü, deyəsən, Kaşğari sözlüyündəki «edgü»dən gəlir və aşırı yaxşılaşdırmağı bildirir. Elədirsə, yəni egitim yaxşılaşdırmaqdırsa, deməli, yararlı etməkdir, çünki «yaxşı» «yararlı» kəlməsi ilə bağlıdır. Tərbiyə etmək, əxlaqlı və savadlı etmək uşağı, gənci toplumsal yaşama, başqaları ilə birgə həyata yararlı etməkdir. Tərbiyəsiz və vicdansız isə yararsız, yəni yaramaz olmaqdır.
 
Sözsüz, ciddi elm baxımından «əxlaqsız» sözü nöqsanlıdır, çünki yaramazlıq və vicdansızlıq da əxlaq anlayışına aiddirlər. Ancaq «tərbiyəsiz», «vicdansız» söz kimi məntiqsiz deyil. Hərçənd dönəmlər, dünyagörüşləri dəyişəndə «tərbiyəsiz», «vicdansız» sözləri zərərli damğalara çevrilir. Güman ki, bizim mollalar Mirzə Cəlili və Sabiri tərbiyəsiz, vicdansız sayıb qınağa düçar etmək istəyirdilər. Günümüzdə «namussuz» da müğənniləri, rəqqasələri və onların atasını, qardaşlarını ləkələmək aracına çevrilməklə cəmiyyətimizə, mədəniyyətimizə pis xidmət göstərməkdədir.
 
– Fəlsəfədə şəxsiyyət və ziyalı anlayışlarının izahı necə verilir?
 
– Fəlsəfədə bir termin var, «refleksiya etmək». Onu elmə ingilis filosofu Con Lokk gətirib. İlkin anlamı «qayıtmaq»dır Refleksya özü-özünü saf-çürük etməkdir, yəni tez-tez iç dünyana, başındakı düşüncələrə, anlayışlara qayıtmaqdır. Şəxsiyyətin fərddən fərqi odur ki, o refleksiya edən, öz əxlaqını, istəklərini, niyə qəzəblənməsini, niyə sevməsini düşünən adamdır. «Ziyalı», bizim gözəl düşünərimiz Rəhman Bədəlovun açdığı kimi, elmi biliklə əxlaqı birləşdirən adamdır. Yəni adam var ki, elmi, biliyi var, ancaq öz əxlaqını refleksiya etmir. Adam var, yaxşı kişidir, ancaq elm və hikmət onun düşüncələrinə yaxın düşmür. Ziyalı bu ikisindən ayrılır. Di gəl bizdə «ziyalı»nı peşə adı edib sonra da qızırlar ki, niyə ziyalılarımız belədir, elədir? Dolaşıqlıq bundadır. Ancaq sözü peşə adından götürsən, nə ilə əvəz edəsən? Deməli, ziyalı elmlə əxlaqı birləşdirmiş adamlar anlamında ziyalılardan xeyli azdır.
 
– Maraqlıdır, homoseksualizmi Qərbin pis dəyəri hesab etmək olarmı?
 
– Yox. Homoseksuallar məndə çimçəşik yaradır və buna görə pis oluram. Ancaq Batının niyə homoseksualları «leqallaşdırmasını» anlayıram. Axı, heç bir atanın, ananın qarantiyası yoxdur ki, oğlu, nəvəsi homoseksual olmayacaq. Bu, elə bir haldır ki, çox vaxt anadangəlmə olur. Onların əzab çəkməmsi, utanc yaşamaması üçün humanist Batı homoseksuallığa baxışını dəyişib. Antik dünyada, İranda, Xilafətdə homoseksuallıqdan danışmayacam ki, bizi söhbətdən yayındırar. Hər halda döyüşçü Ayaz və Mahmud Qəznəvi Doğu homoseksuallığının parlaq önəkləridir və bu, göstərir ki, qeylər (beçələr) bizim müsəlman dünyamızda da dərin iz salıb.
 
– Son sualım: Qərb və Şərq fəlsəfəsinin fərqi nədir? Bunu sadə bir dillə izah etmək mümkündürmü?
 
– Sadə dillə? Bilmirəm. Ancaq cəhd edim. Fenomenologiyanın banisi Hussa (Husserl) sayırlı ki, Avropa etosunun (yəni xarakterinin) özülündə durmadan genişlənən azadlıq durur. Ortaçağdan sonra görmək olar ki, Batı fəlsəfəsi özgürlükdən itlənərək dayanmadan yeni-yeni nəzəriyyələrə budaqlanıb. Batı üçün azad fəlsəfi axtarış xeyli xarakterik olub. Doğuda isə belə axtarışlar az budaqlanıb, çünki azadlığı az olub. Şərq fəlsəfəsində ona görə də yeni nəzəriyyə yox, əski nəzəriyyənin yeni kommentariləri dəbdə olub. İndi kommentarilər Batıdan post-modernizmdə yenidən dəbə minib. Ancaq burada kommentarilər fəlsəfi nəzəriyyələrin azadlığı səviyyəsində olan azadlıqdan doğurlar.