​Fikrət Sadıqov: “Ohanyan Sərkisyan üçün böyük təhlükədir” - MÜSAHİBƏ

 
Teleqraf.com keçmiş diplomat, politoloq Fikrət Sadıqovla müsahibəni təqdim edir.
 
-Fikrət müəllim sentyabrda əksər separatçı qurumların təmsilçiləri Moskvada toplaşacaq. Bu faktı necə qiymətləndirirsiniz və bunun hansı nəticələri ola bilər?
 
-Separatçıların məqsədi aydındır, öz dövlətlərindən ayrılmaq istəyirlər, lakin bu, alınmır. İndi toplaşaraq vahid siyasi xətt müəyyənləşdirmək istəyirlər. Yəni gələcəkdə hansı addım ata bilərlər, biri-birilərini necə müdafiə və dəstəkləyə bilərlər... Əslində, bunun heç bir nəticəsi olmayacaq. Hər hansı bir dövlətin ərazisində olan separatçı rejim heç vaxt həmin dövlət tərəfindən tanınmayacaq.
 
Üstəlik, beynəlxalq səviyyədə də heç bir dövlət separatçı rejimlərin müstəqilliyini etiraf etməyəcək. Bu, təhlükəli tendensiyadır, belə qurumların tanınması üçün dövlətlər heç vaxt cəhd göstərməyəcək. Bütün ölkələr nəzərə alırlar ki, belə cəhdlər gələcəkdə onların özləri üçün də böyük təhlükə törədə bilər. Bu baxımdan fikrimcə, separatçıların hay-küylə bir araya gəlməsi o demək deyil ki, hansısa bir dövlət onları tanımaq niyyətindədir. Bunların hamısı cəfəngiyyatdır. Onlar sadəcə bir-birilə ünsiyyətdə olmaq, mövqelərini bildirmək və fikir mübadiləsi aparmaq üçün bir araya gəlirlər.
 
-Moskva Dövlət Universitetində isə erməni tarixi mövzusunda konfrans nəzərdə tutulur. Burada Qarabağ separatçılarının da iştirak ehtimalı var...
 
-Bilirsinizmi, hər bir ölkədə müxtəlif konfranslar keçirilir. Əgər belə tədbiri  hansısa təşkilat keçirirsə, bu o mənanı vermir ki, həmin təşkilatın mənsub olduğu dövlət Azərbaycanın ərazi bütövlüyünü tanımır. Aydın məsələdir, bizim ərazi bütövlüyümüz tanınır.
 
Bu konfransda bəzən separatçı rejim nümayəndələri maska altında iştirak edir. Məsələn, Ermənistan vətəndaşı formasında. Mən özüm bunun şahidi olmuşam. Əlbəttə, separatçıların belə konfranslarda iştirakı mənfi amildir, buna imkan verməmək lazımdır. Biz onu da bilirik ki, Rusiya Ermənistanın müttəfiqidir və Ermənistanın bəzi addımlarına göz yumur. Nəticədə belə konfranslar məhz bu ölkədə baş tutur...
 
-Bu ara bəlli olur ki, İranda da erməni idmançıları toplaşır, hətta Qarabağ separatçılarının da orada iştirak edəcəyi söylənilir...
 
-İranın ölkəmizdəki səfiri bu məsələyə şərh verib. Səfir bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Amma Tehran rəsmiləri belə tədbirlərə icazə verməməlidir. Çünki iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Əgər Azərbaycana qarşı zidd addım atılır, kimsə idman yarışı təşkil edir və separatçı rejim burada öz bayrağı ilə çıxış edirsə, zənn etmirəm ki, İran rəhbərliyi bunu anlamır. Deməli, bizim cavab reaksiyamız olmalıdır. Biz rəsmi Tehrana nota verməliyik. Bütün hallarda bunu cavabsız qoymaq olmaz. Tehran bilməlidir ki, münasibətlərin yüksək səviyyədə olduğu halda belə tədbirlərin keçirilməsi onun özünə  ziyandır.
 
-Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi olmayacağını bəyan edib. Bunu necə şərh etmək olar?
 
-Burada iki məqam var. Həqiqət ondan ibarətdir ki, prezident Sarkisiyan Seyran Ohanyanı ətrafından kənarlaşdırmaq niyyətindədir. Çünki vaxtı ilə Sarkisiyan müdafiə naziri olub, sonra baş nazir postunu tutub və nəticədə prezident kürsüsünü ələ keçirib. Seyran Ohanyan da müəyyən qüvvələrə arxalanan şəxsdir. Odur ki, Sarkisiyanın onu ətrafından uzaqlaşdırmaq mövqeyi güclüdür. Lakin Ohanyan da biclik edir.
 
Baxın, artıq necə gündür Ohanyanın KTMT-nın baş katibi gətiriləcəyi haqda xəbərlər gəzirdi. Amma o, məsələyə bir neçə gün reaksiya vermədi və susdu. Görünür başa düşdü ki, KTMT digər üzvləri olan Belarus, Qazaxıstan onun namziədliyini dəstəkləməyə bilər. Çünki bu ölkələr Azərbaycanla dost münasibət saxlayır, yüksək siyasi və iqtisadi əlaqələrimiz var. Ohanyan da baş katib seçilmək ehtimalının yüksək olduğunu bildiyindən belə bəyanat verdi. Onun bəyanatının arxasında dayanan məqam  bununla əlaqəlidir.
 
-Ohanyanın bu addımı Sarkisiyana müqavimət deyilmi?
 
-Ohanyan üçün yer axtarılırdı. İndilikdə müdafiə nazirini KTMT-yə atmaq istəyi alınmadı. Görünür, onun üçün başqa bir yer axtarılacaq. Bir sözlə, onu müdafiə naziri postundan uzaqlaşdıracaqlar.
 
Ohanyan vəzifədə qalmayacaq. Çünki o, Sarkisiyan üçün böyük təhlükədir. Prezident aprel hadisələrini bəhanə gətirərək onu vəzifədən kənarlaşdırmaq istəyir.