FHN: Kristal Zalda çökmə hadisəsi olmayıb

Bakı Kristal Zalında çökmə hadisəsi qeydə alınmayıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
Qurum rəsmisi bildirib ki, adıçəkilən binada ciddi hadisə baş verməyib: "Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi məsələ ilə bağlı araşdırma aparıb və hadisə yerində ciddi hadisə baş vermədiyi məlum olub. Sadəcə həmin binada adi bir dirək aşıb. Bir nəfərin xəsarət alması məsələsi yalandır".
“Baku Crystal Hall”da uçqun olması barədə mediada yayılan məlumatlar tamamilə yanlışdır”. Bunu APA-ya açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.
 Onun sözlərinə görə, hazırda “Baku Crystal Hall”da narahatlığa səbəb olan heç bir vəziyyət mövcud deyil: “Dayanacaqda yük maşınından yük boşaldılan zaman fəhlələrdən birinin ayağı zədələnib. O, dərhal həkim müayinəsinə götürülüb, hazırda narahatlıq yaradan heç bir səbəb yoxdur. Uçqunun, fövqəladə hadisənin olması ilə bağlı yayılan xəbərlər tamamilə yanlışdır”.