FETÖ «Gezi Parkı» hadisələrini Azərbaycanda Əli Kərimlinin əli ilə tirajlayırmış — ŞOK GÖRÜŞ

 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) əsas ruporu olan «Azadlıq» qəzetinin Fətullah Gülən şəbəkəsi ilə daha bir əlaqəsi ortaya çıxıb.
 
«Ölkə.az» saytının Türkiyədəki diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, AXCP-nin mətbuat xidmətinin rəhbəri və «Azadlıq» qəzetinin əməkdaşı Natiq Adilov 2013-cü ilin may ayında bu ölkədə növbəti dəfə səfərdə olur.
 
Həmin vaxtı Natiq Adilov İstanbulda «Zaman» qəzetinin baş ofisində və «Conrad İstanbul» otelində Fətullah Gülən şəbəkəsinin üzvü olan bir sıra şəxslərlə görüşüb. Görüşlər zamanı Natiq Adilovu «Zaman Azərbaycan» qəzetinin hazırda Avstraliyada yaşayan keçmiş baş direktoru Süleyman Ünal müşayiət edib.
 
Görüşlər zamanı «Gezi Parkı» hadisələrinin «Azadlıq» qəzetində necə işıqlandırılması, partiyanın bu məsələyə mövqeyi və digər bu kimi məsələlər müzakirə olunub.
 
 
 
Natiq Adilovun sözügedən şəxslərlə Türkiyədə «Gezi Parkı» hadisələri ərəfəsində görüşməsi və onun həmin dövr bu hadisələri «Azadlıq» qəzetində geniş işıqlandırılması, «qəhrəmanlıq dastanı» kimi təqdim etməsində canfəşanlıq göstərməsi yaranmış şübhələri daha da dərinləşdirir.
 
Xatırladaq ki, hazırda da «Gezi Parkı» hadisələrinin Fətullah Gülən şəbəkəsi tərəfindən törədildiyi ehtimal edilir. Həmin dövr İstanbul şəhərinin valisi işləmiş şəxslə şəhərin polis rəisi işləmiş şəxs FETÖ üzvü olduqları üçün həbs ediliblər.