Fədayə Laçın danışdı: "Mən üç dəfə..." - Yeni

 
İki nəfər məhbusun qaçırılmasında təqsirləndirilən müğənni Fədayə Laçın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi üzrə vəsatətə baxılır.
 
Teleqraf.com xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrlik etdiyi prosesdə Fədayə Laçının vəkili Türkel Süleymanlının vəsatəti araşdırılır.
 
Fədayə Laçının özü də prosesdə iştirak edir.
 
Proses qapalı keçirilir.
 
Vəkil vəsatətində Fədayə Laçın barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
 
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
 
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
 
Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır.
 
“Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.
 
***
 
Məhkəmədə Fədayə Laçın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb. Hakimlər qərarı elan ediblər.
 
Vəsatət təmin olunmayıb.
 
Vəkil Türkel Süleymanlı bildirib ki, qərardan apelyasiya şikayəti verəcəklər. Onun sözlərinə görə, Fədayə Laçının bir övladı var, onun həbsdən azad edilməsi üçün əsaslar mövcuddur.
 
Vəkil qeyd edib ki, Fədayə Laçın Hepatet C-dən əziyyət çəkir, onun həbsdə saxlanılması üçün şərait yoxdur.
 
Vəkilin sözlərinə görə, apelyasiya şikayəti təmin edilmədiyindən, onun müalicəsi üçün müraciət edəcəklər.
 
Fədayə Laçın vəsatətlə bağlı qərar elan olunamamışdan əvvəl bildirib ki, istintaqdan yayınmaq fikri yoxdur: "Məni həbsdən öncə çağırıb dindiriblər. Üçüncü dindirmə zamanı həbs edilmişəm. İstintaqdan yayınmaq fikrində deyiləm. Bunun üçün də həbsdə saxlanmığımın əsası yoxdur. Şikayətimin təmin edilməsimi istəyirəm".
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...